Bərəkətli pul 27 Noyabr 2019 18:37 İbrətamiz hekayələr İbrətamiz hekayələr İmam Əli ibn Əbu Talibə (ə) Peyğəmbər (s) tərəfindən tapşırıldı ki, bazara getsin və Peyğəmbər (s) üçün bir köynək alsın. O həzrət getdi və 12 dirhəmə bir köynək alıb gətirdi. Peyğəmbər (s) soruşdu: “Bunu neçəyə aldın?” –12 dirhəmə. –Bunu bir o qədər də bəyənmirəm və bundan ucuz köynək istəyirəm. Görəsən satıcı köynəyi geri qaytararmı? –Bilmirəm, ya Rəsuləllah! –Get gör, geri almağa razıdırmı? İmqm Əli (ə) köynəyi götürüb bazara qayıtdı və satıcıya buyurdu: “Allahın Peyğəmbəri bundan ucuz köynək istəyir. Sən bizim pulumuzu qaytarıb köynəyi geri almağa razısanmı?” Satıcı qəbul etdi və İmam Əli (ə) pulu alıb Peyğəmbərin (s) yanına qayıtdı. Bu zaman Peyğəmbər (s) İmam Əli (ə) ilə birlikdə bazara getdi və bazarda bir kənizin ağladığını gördü. Peyğəmbər (s) yaxınlaşıb kənizdən soruşdu: “Niyə ağlayırsan?” –Dörd dirhəm verib məni bazarlıq etməyə göndərdilər. Bilmirəm, necə oldusa, pulu itirdim. İndi evə qayıtmağa qorxuram. Peyğəmbər (s) özündə olan 12 dirhəmdən 4 dirhəm kənizə verib buyurdu: “Nə almaq istəyirdinsə al və evə qayıt.” Həzrət özünə də 4 dirhəmə bir köynək alıb əyninə geydi. Qayıdarkən, əynində köhnə paltar olan bir şəxs gördü, köynəyi əynindən çıxarıb ona verdi. Yenidən bazara qayıtdı və 4 dirhəmə başqa bir köynək alıb geyindi və evə tərəf yollandı. Yolda yenə də həmin kənizi gördü ki, nigaran və qəmgin oturub. Buyurdu: “Niyə evə getmədin?” –Ya Rəsulullah, çox gecikmişəm, qorxuram bu qədər gecikdiyim üçün məni döyələr. –Gəl birlikdə gedək, evinizi mənə göstər, mən vasitəçilik edim ki, səni incitməsinlər. Peyğəmbər (s) kənizlə birlikdə yola düşdü. Evin qapısına çatdıqda, kəniz dedi: “Bu evdir.” Peyğəmbər (s) qapının arxasından uca səslə səsləndi: “Ey ev sahibi, salaməleyküm!” Cavab eşitmədi, ikinci dəfə salam verdi, yenə cavab gəlmədi. Üçüncü dəfə salam verdikdə, cavab verdilər: “Əssəlamu əleykum ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh.” –Niyə ilk dəfədə cavab vermədiniz? Yoxsa, mənim səsimi eşitmirdinizmi? –Elə ilk dəfə eşitdik və bildik sizsiniz. –Cavabı gec verməyinizin səbəbi nə idi? –Ya Rəsuləllah, sizin salamınızı təkrar eşitməkdən xoşumuz gəldi. Sizin salamınız evimizin əhli üçün bərəkət və salamatlıqdır. –Sizin bu kəniz gecikib və mən bura gəldim sizdən xahiş edim ki, onu tənbeh etməyəsiniz. –Ya Rəsuləllah, sizin qədəmlərinizin xatirinə bu kəniz bu andan etibarən azaddır. Peyğəmbər (s) buyurdu: “Allaha şükür, o 12 dirhəm nə bərəkətli idi?! Libasa ehtiyacı olan ikinci bir şəxsi geyindirdi və bir qulu azad etdi.” Nəticə: –Qənaətlə möhtaclara yardım etməyi unutmayaq; –Peyğəmbər (s) və Əhli-beytin (ə) müqabilində ədəb və ehtiyamı unutmayaq; –Başqalarının evinə daxil olmamışdan qabaq icazə almağı unutmayaq. (“Biharul-ənvar”, c.6, “Peyğmbərin əxlaqı, sirəsi və sünnəsi” bölümü; “Məcmueyi-asar”, Ayətullah Şəhid Mürtəza Mütəhhəri, c.18, səh.371.) Maide.az – Maarif bölümü Teqlər : #Bərəkətli,#pul, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Üç zümrənin can verərkən halı Bəhlul Danəndə və Şeyx Cüneyd Bağdadi