Bakı Metropoliteni: Metro iyun ayında hər gün işləyəcək - YENİLƏNİB

Bakı Metropoliteni: Metro iyun ayında hər gün işləyəcək - YENİLƏNİB

Bakı Metropoliteni iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.
 
APA-nın məlumatına görə, bu, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda əksini tapıb.
 
Qeyd edilib ki, Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.
 
****
Futbol üzrə UEFA Avropa çempionatının (AVRO-2020) final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.
 
Maide.Az xəbər veeir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilir ki, məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-dək metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.
 
Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.
 
Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.
 
Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.
 
Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.
 
 

 

Google+ WhatsApp ok.ru