Bazar olsun! – Ötənilki qiymətlərlə MÜQAYİSƏ

Bazar olsun! – Ötənilki qiymətlərlə MÜQAYİSƏ

Ötən il bu vaxtı pomidor 50 qəpik olub. Bu il isə ən ucuz pomidor 1 manatdır

Ötən ilin iyun ayı ilə müqayisədə bu il paytaxt bazarlarında yerli istehsal olan meyvə və tərəvəzlərin qiymətində bahalaşma hiss olunmaqdadır. Əməkdaşımız “Yaşıl bazar”da satış və topdansatış məntəqələrinə baş çəkərək, kənd təsərrüfatı mallarının 2015-ci ilin müvafiq dövrü ilə müqayisəsini aparıb. Bahalaşmanın səbəblərini araşdırıb. 

Gədəbəy və Tovuz kartofu od qiymətinə...

Satıcı Səyyaf Şəfiyev deyir ki, bu il Gədəbəy və Tovuzdan kartof olduqca az gəlir. Onun sözlərinə görə, keçən mövsüm bazara beş tona yaxın kartof çıxarıb, bu il isə heç cəmi iki tona yaxın məhsulu var. Həmsöhbətimiz qiymətlərin baha olmasını da bununla əlaqələndirir. Ötən il 70-80 qəpiyə satılan kartof indi 1 manat, 1 manat 20 qəpikdir.
 
O ki qaldı xaricdən gətirilən kartofa, onun da qiyməti qalxıb. Həmsöhbətimiz bunun səbəbini xaricdən gətirilən mallara 36 faizlik əlavə dəyər vergisinin tətbiqi ilə əlaqələndirir.
 
Pomidor, xiyar və kələmin “çoban salatı” qiyməti... 
 
 
Ötən il bu vaxtı pomidor 50 qəpik olub. Bu il isə ən ucuz pomidor 1 manatdır.
 
Satıcı  Azər Osmanov  bunu yaz aylarında əsən  güclü küləklərlə əlaqələndirir. Şəmkir, Samux və Tovuzdakı istixanaların sellofan örtüklərinin sıradan çıxması, istixana qızdırıcılarının ciddi ziyan dəyməsi pomidor və xiyar məhsullarının qiymətində bahalaşmaya gətirib çıxarıb:
 
Xiyar 70-80 qəpikdir. Satıcı bildirir ki, ötən il bu qiymət 40-50 qəpik olub. 
 
 
Qarpız və yemişə  yaxın düşüləsi deyil...
 
“Yaşıl bazar”a artıq neçə gündür ki, mövsümün nübar qarpız və yemişləri də gətirilib. Qarpızın 1 kq-mı alıcılara 80 qəpiyə təklif olunur. Yemişin isə kiloqramı 2-2,5 manatdır. 3 manatlıq yemişlər də var. 
 
Bir ilə 50 faiz bahalaşan sütül qarğıdalı
 
Qarğıdalı ötən illə müqayisədə 50 faiz bahalaşıb.
 
Satıcılar qarğıdalının qiymətinin 50 qəpikdən aşağı enməsinin vaxtını da bilir: “Cəlilabadın sütül qarğıdalısı Bakıya gəlməyincə, sütül qarğıdalının qiyməti düşəsi deyil”.
 
 
Yaylıq meyvələrin qiyməti dəyişməyib
 
Gilənar, gilas, çiyələk kimi yerli yaylıq meyvələrin qiyməti ötənillə müqayisədə deməkolarki, eynidir. Belə ki, Gilənar qiyməti ötən bir il ərzində dəyişməyib – 3 manat 50 qəpik. Gilasın bir kiloqramının ötən il 4-5 manata satıldığını deyən satıcılar, bildiriblər ki, hazırda bu meyvənin qiyməti 3- 6 manat arasında dəyişir. Çiyələk isə ötən il dörd manat olduğu halda, bu il 5-6 manata alıcılara təklif olunur.
 
Ləpələr ucuzlaşıb...
 
Ötən il 20-22 manata satılan 1 kq püstə və badam, bu il 18 manata alıcılara təklif olunur.
 
Ötən il 16 manat olan qoz ləpəsi hazırda 9 manatdır. Ötən il 12 manat olan fındıq ləpəsi isə iyunun ikinci həftəsində 8 manata alıcılarını gözləyir.
 
Yerfındığı isə ötən il 6 manata satıldığı halda, bu il 4 manata alıcılara təklif olunur.
 
Kişmiş-xurma isə...
 
Kişmişin  1 kiloqramının qiyməti  ötən il 8-10  manat olduğu halda hazırda 14 manatdır. Bir qutu xurma ötən illə müqayisədə cəmi 50 qəpik bahalaşıb. Hazırda 4 manat olan xurma ötən il “Yaşıl bazar”da 3,5 manat olub. Qeyd edək ki, adıçəkilən meyvənin müxtəlif çeşidlərinə rast gəlmək olur. Hətta “Səudiyyə xurması” kimi təklif olunan təamın  bazar qiyməti 40 manatdır.
 
Sitrus meyvələrin bahalaşanı da var, ucuzlaşanı da...
 
Ötən il banan 2,5 manata satıldığı halda hazırda indi bir kiloqramı 3 manatadır. Portağal isə hazırda 2 manat 50 qəpiyə satılır. Ötən il isə bu subtropik bitkinin bir kiloqramı 2 manat olub. Kivinin qiymətində isə ötən illə müqayisədə nisbətən ucuzluq qeydə alınıb. Ötən il 5 manat olan Latın Amerika meyvəsi hazırda 4 manatdan Bakıda alıcı gözləyir.
 
Mandarin isə ötən il 5 manat idisə, bu il 4 manat 60 qəpiyə alıcıya “gəl-gəl” deyir.
 
 
 
(faktxeber)

 

Google+ WhatsApp ok.ru