Beynəlxalq QHT-lər məşhur müğənnilərə: “Bakıdakı Formula-1-ə getməyin!”

Bir sıra Beynəlxalq və yerli QHT-lərin birləşdiyi “İnsan hüquqları naminə idman” kampaniyası Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə məşhur müğənnilər Pharrell Williamsı, Kris Braun və Enrike İqlesiası Bakıda keçiriləcək Formula-1 yarışlarının ilk günlərindəki çıxışlarını ləğv etməyə çağırıb.
 
Müraciətdə bildirilir ki,  “sizin bu münasibətilə iyunun 19-da Bakıda konsert vermək qərarınız bizi çox məyus edib və insan haqlarının tərəfində duraraq sizi bu çıxışı ləğv etməyə çağırırıq.”
 
Qeyd edək ki, Formula-1 yarışları bu il iyunun 18-də başlamalıdır.
 
Aprelin 21-də yayılan müraciətdə Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıq bildirilir:
 
”Bu yaxınlarda Azərbaycanda 16 siyasi məhbus azad edilsə də hələ də siyasətçilər, jurnalistlər, bloqçular, gənc fəallar və dini xadimlər də daxil olmaqla onlarla adam həbsdədir. Vətəndaş cəmiyyəti hələ də demək olar ki, mümkün olmayan şəraitdə çalışır, bir sıra QHT-lərə qarşı siyasi motivli cinayət işi açılıb”.
 
Müraciətdə deyilir ki, araşdırmaçı jurnalist Xədicə İsmayıl hakim eleitada korrupsiya faktlarını araşdırdığına görə həbsdədir, həmçinin digər jurnalist Seymur Həzi, müxalifət lideri İlqar Məmmədov və gənc fəal İlkin Rüstəmzadə saxta ittihamlarla hazırda  həbsdədirlər.
 
Müraciətin sonunda bildirilir ki, “xahiş edirik düz danışdıqlarına və Azərbaycanda vəziyyəti yaxşılığa doğru dəyişmək istədiklərinə görə həbsə atılan bu insanlara mərhəmət olaraq dünyaya göstərin ki, bu məsələyə biganə deyilsiz və pulverib sizi danışmamağa məcbur eləmək olmaz.
 
Qeyd edək ki, «İnsan hüquqları naminə İdman»ın koordinatoru Rebecca Vincentdir.
 
Bu kampaniyaya “Article19” ,”Civil Rights Defenders” , “Committee to Protect Journalists” və “People in Need” kimi tanınmış insan haqları təşkilatları daxildir.
 
“İnsan hüquqları naminə idman” bundan əvvəl Bakıdakı Avropa Oyunları zamanı da tanınmış müğənnilərə müraciət etmişdi. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru