Bişkekdə etiraz aksiyaları zamanı xəsarət alanların sayı 590-a çatıb, ölən var - YENİLƏNİB

Bişkekdə etiraz aksiyaları zamanı xəsarət alanların sayı 590-a çatıb, ölən var - YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkekdə başlayan kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 590 nəfərə çatıb.
 
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
 
“Onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - məlumatda belə deyilir
 
***
Qırğızıstanda təhlükəsizlik qüvvələri paytaxt Bişkekin mərkəzi meydanında parlament seçkisi nəticələrinə etiraz edənlərə qarşı rezin güllələrdən, gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.
 
Ötən həftəsonu keçirilmiş seçkidə rusyayönlü prezident Sooronbay Jeyenbekova yaxın olan üç siyasi partiya qalib gəlib.
 
Buna cavab olaraq 10 siyasi partiyanın tərəfdarları oktyabrın 5-də paytaxtın mərkəzi meydanına yığılaraq seçkilərin saxtalaşdırıldığını bəyan edib.
 
Bu da xəbər verilir ki, iğtişaş polisi bəzi etirazçılar hökumət iqamətgahına daxil olmaq istəyərkən zorakılığa əl atıb.
 
AzadlıqRadiosu xəbər verir ki, hökumət evinin yaxınlığında polislə toqquşmalar davam edir. Etirazçılar meydana qayıtmağa can atırlar.
 
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saatlıq qarşıdurmadan sonra etirazçılar Qırğızıstanın dövlət başçısı administrasiyasının da yerləşdiyi binanın yaxınlığındakı hasarlanmış əraziyə keçməyə nail olublar. Mühafizəçilər ərazidən uzaqlaşıblar.
 
Parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar daha sonra Qırğızıstanın paytaxtındakı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.
 
Etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar da Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.
 
Bu da xəbər verilir ki, Bişkek xəstəxanalarına toqquşmalarda xəsarət almış 120 nəfər gətirilib.
 
Xəsarət alanların arasında azı iki polis, habelə Ata Meken partiyasının lideri Janarbek Akayev də var.
 
Akaev və Respublika Partiyasının Mirlan Jeyençoreyev oktyabrn 5-də keçirilən mitinqdə bildirmişdilər ki, 12 siyasi partiyanın liderləri Mərkəzi Seçki Komissiyasına seçki nəticələrinin ləğv edilməsi barədə tələbnaməni imzalayıblər.
 
MSK bildirib ki, son nəticələr 20 gün müddətində elan ediləcək.
 
Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, prezident Jeyenbekov oktyabrın 6-da 16 siyasi partiyanın liderləri ilə görüş keçirməyi planlaşdırır.
 
Qırğızıstanın müxalifət partiyaları oktyabrın 4-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələrini tanımayacağını bəyan edib. İlkin nəticələr üçü hakimiyyətə yaxın olan dörd partiyanın 120 yerlik Ali Şuraya keçdiyini göstərib.
 
Seçki məntəqələri bağlanandan sonra müxalifət tərəfdarları paytaxt Bişkek və ölkənin şimal-qərbindəki Talas şəhərində dinc yürüşlərə çıxıb, seçkidə kütləvi pozuntulara etiraz etdiklərini deyiblər. Etirazçılar dağılışıb, amma müxalifət liderləri oktyabrın 5-də yenə yürüşlər olacağını bildirib.
 
Seçkiyə 16 partiya getmişdi. Hökumətpərəst Birimdik, Mekenim Qırğızıstan və Qırğızıstan partiyaları, eləcə də müxalifətin Bütün Qırğızıstan partiyası parlamentə keçmək üçün 7 faizlik baryeri aşıb. Yekun nəticələr oktyabrın 5-də açıqlanacaq.
 
Müxalifətin Ata-Meken partiyasının liderləri seçkini ölkə tarixində “ən çirkin” seçkilər adlandırıb. Partiya rəsmiləri ölkə boyunca səsvermə məntəqələrində kütləvi pozuntular qeydə aldıqlarını açıqlayıblar.
 
Ölkənin seçki qanunvericiliyinə görə, heç bir partiya parlamentdə 65-dən artıq yerə sahiblənə bilməz.
 
Qırğızıstan 1990-cı illərin əvvəllərindən Orta Asiyada “demokratiya adası” adlandırılır. Ölkədə budəfəki seçki kampaniyası da ziddiyyətlərdən əskik olmayıb. Ancaq avtoritar və qeyri-demokratik qonşuları ilə müqayisədə Qırğızıstanda seçki prosesi tam fərqli keçirilir.
 

Google+ WhatsApp ok.ru