«Binadan qaz iyi gəlirdi…»

Partlayış zamanı bir ailənin 3 üzvü həlak olub, başqa ailədən isə 5 nəfər yaralanıb

"Gecə yatanda heç nə yox idi. Saat 8-ə 5 ya 10 dəqiqə işləyirdi. Atam işə getmək üçün tez qalxmışdı. Sonra bərk səs gəldi. Səs o qədər bərk idi ki, hələ də qulaqlarımdadır. Gözümü açanda qardaşlarımla bərabər betonun üstündəydik. Alt qonşularımız betonun altında qalmışdı.  Nə olduğunu tam anlamırdım. Hər şey yuxu kimi gəlir..." - deyir 15 yaşlı Aygül İsmayılova.
 
Bizimyol.info saytının əməkdaşı 1 saylı Şəhər Klinik xəstəxanasında olub. Sentyabrın 8-də  Xırdalan şəhərində tikintisi başa çatmamış yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan bina sakinləri bu xəstəxanada yerləşdiriliblər. Xəstə yaxınları həyətdə oturub, həkimlərdən xoş xəbər gözləyirlər. Kimisi ağlayır, kimisi dayanmadan dua edir. Tək istədikləri partlayışda yaralanmış yaxınlarının sağlamlıqlarına qovuşmalarıdır. Xəstəxananın qəbul şöbəsindən "Bizim Yol" qəzetinin əməkdaşına verilən məlumata görə, partlayış nəticəsində yaralananlardan birinin vəziyyəti ağırdır. O, hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanlar isə xəstəxananın 3-cü korpusundadır. 
 
Reanimasiyaya yerləşdirilən bina sakini 42 yaşlı Mətanət İsmayılovadır. Yaralanan şəxsin bacısı "Bizim Yol" qəzetinin əməkdaşına bacısının vəziyyətinin ağır, stabil olduğunu bildirdi. Onun sözlərinə görə, M.İsmayılova partlayış zamanı pəncərədən yerə düşüb: "Bədənində sınıqları var. Həkimlər ağ ciyərinin də yırtıldığını deyirlər. Hələ ki, reanimasiyada saxlanılır. Gün ərzində lazım olsa, əməliyyat edəcəklər. Vəziyyətinin yaxşılaşması üçün sadəcə dua edirik".
 
Xəstəxananın 3-cü korpusuna daxil oluruq. Burada xəsarət alanlardan 7 yaşlı Bəkir İsmayılov, 35 yaşlı Könül Abbasova, 15 yaşlı Aygül İsmayılova müalicə alır. İlk öncə balaca Bəkirin qaldığı palataya daxil oluruq. Bəkir qəzetimizin əməkdaşını görən kimi danışmağa başlayır. O, durmadan evdən qaz iyi gəldiyini deyir: "Evdən həmişə qaz iyi gəlirdi. Binaya daxil olanda, binadan çıxanda.. İndi də partlayış ondan olub".  
 
Bəkirin üzündə və bədənində cızıqlar, aşağı ətraflarında yanıqlar var. Balaca hələ də hadisənin təsirindədir. Nəyin necə olduğunu tam olaraq bilmir. Hadisənin necə baş verdiyini soruşduqda ağlına ilk gələn qaz iyi olur. Onun yanında qalan bibisi isə, Bəkirin partlayış zamanı yuxuda olduğunu deyir: "Uşaqdır. Nəyin necə olduğunu bilmir. Sadəcə yanında o qədər danışılıb ki, elə bilir həmin hadisəni yaşayıb. Anası bir neçə dəfə mənimlə söhbət edəndə binadan qaz iyi gəldiyini demişdi. Hətta bina sakinləri qaz iyinin gəlməsi ilə bağlı bir neçə quruma məktub da yazmışdılar. Deyilənə görə, keçən aylarda bir gəlin qazdan yanıbmış. İndi uşağında ağlında danışdıqlarımız qalıb. Kim soruşsa başlayır yadında qalanları danışmağa".
Bəkirin bibisi Gözəl İsmayılova balacanın vəziyyətinin yaxşı olduğunu, həkimlərin evə buraxacağını deyir: "Həkimlər uşağın ümumi vəziyyətinin yaxşı olduğunu deyirlər. Yəqin ki, sentyabrın 9-da çıxışına icazə verəcəklər. Ancaq Aygül bir müddət qalacaq. Hardasa 10 gün xəstəxanada müalicə olunmalıdır. Onun yaraları bir qədər ağırdır".
 
Bəkirin yanında qalan qohumlarından hadisənin necə olduğunu soruşduq. Onlar kənardan eşitdiklərini, hadisənin tam olaraq necə olduğunu bilmədiklərini deyirlər. Gözəl İsmayılova hadisənin səhər tezdən baş verdiyini öylədi. Onun sözlərinə görə, ailə səhər gözlərini açan kimi partlayış olub: "Fövqaladə Hallar Nazirliyinə, Təcili Tibbi Yardıma Vidadi özü zəng edib. Partlayış olduğunu, özünün panelin altında qaldığını, ailə üzvlərindən isə xəbərsiz olduğunu bildirib. Sonra böyük oğlu Yunis yanında olan telefonla qohumlara zəng edib. Uşaq birdən gözünü açıb ki, heç nə görmür. Toz-torpaqdır ətraf. Tez elə mənə, nənəsigilə zəng vurub. Zəng edən kimi, partlayış olduğunu, heç kimi görmədiyini deyib. Elə ondan sonra xəbərimiz oldu ki, Xırdalanda partlayış olub. Biz ora çatanadək Fövqəladə Hallar Nazirliyi əməkdaşları gəlib çıxmışdı".  
 
35 yaşlı Könül Abbasova da partlayışda xəsarət alan bina sakinlərindəndir. O da xəstəxananın 3-cü korpusunda müalicə olunur. K.Abbasovanın müalicə aldığı palataya daxil olan zaman onu ayaqüstə görürük. Yaxınlaşıb səhhəti haqqında məlumat alırıq. O, həkimlərin analiz götürdüyünü, ümumi nəticələrin isə normal olduğunu deyir. Bina sakini hadisənin tam olaraq necə baş verdiyini xatırlamadığını deyir: "Yatdığımız yerdə partlayış oldu. Özümüz birinci mərtəbədə yaşayırıq. 2-ci və 3-cü mərtəbə tamamilə üstümüzə çöküb. Həmin beton qalıqlarının altında qalmışdıq. 4-cü mərtəbə olduğu kimi yerindəydi. Qaz iyini heç vaxt hiss eləməmişəm. Yəqin ki, partlayış 2-ci mərtəbədə olub. Evin əşyaları, döşəmə, tavan hamısı uçub. Yeni aldığımız əşyalar vardı. Hamısı partlayışda param-parça olub. Qızım, yoldaşım o biri xəstəxanadadılar. Elə ağlıma gələn o olur ki, partlayış yuxarı mərtəbədə olub. Çünki bizim mərtəbədə olsaydı xəbərimiz olardı".
 
Könül Abbasovanın oğlu Ayxan Abbasov da anası ilə birgə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Bədəni yaralar olan A.Abbasovun da vəziyyəti yaxşıdır. Anası onun çox ağır yaralanmadığını söylədi.
 
Jurnalist Vidadi İsmayılov isə Respublika yanıq Mərkəzinə yerləşdirilib. O, "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisidir. Hadisə nəticəsində Vidadi İsmayılovun bədəninin 90%-i yanıb, həyatı təhlükə altındadır. 42 yaşlı Vidadi İsmayılovla bərabər oğlu Yunis İsmayılov da Respublika Yanıq Mərkəzində müalicə olunur. Vidadi İsmayılovun qardaşı Alı İsmayılov "Bizim Yol"un əməkdaşına bildirdi ki, jurnalistin vəziyyəti ağır stabil olaraq qalır. Həkimlər onun səhhəti haqqında dəqiq məlumatı yalnız qarşıdakı 3 gün keçdikdən sonra bildirəcəklər: "Dünəndən böyrəklərin fəaliyyəti bərpa olunub. Ancaq qanındakı şəkərin miqdarı 400-ə qalxıb. Həkimlər reanimasiyada yanındadırlar. Bizi içəri buraxmırlar. Dünəndən su, çay içməsinə icazə verilib. Ancaq yanıqları hələ də ağırdır. Gözləyirik görək necə olacaq. Qarşıdakı 3 gün bizim üçün çox önəmlidir. Həkimlər 3 gün sonra onun səhhəti haqda dəqiq cavab verəcəklər. Görək necə olacaq".
Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb. "Bizim Yol"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşıb və 5-ci mərtəbəyədək tikilib) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib.
 
Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb. Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları - Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.

Google+ WhatsApp ok.ru