Təhsil Nazirliyi şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.
 
Maide.Az xəbər verir ki, nazirlikdən  verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.
 
Bildirilib ki, övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.
 
Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.
 
Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər.
 
Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.
 

Google+ WhatsApp ok.ru