İbrətamiz hekayələr: Qara pərvanə

İbrətamiz hekayələr: Qara pərvanə

Səhabələr silsiləsindən - Bilal Həbəşi

Qaradərili bir qulu çılpaq vəziyyətdə isti və yandırıcı qumun üzərində uzatmışdılar. Sinəsi üstə böyük bir daş qoyulmuşdu. Əlində şallaq olan bir kişi ayağını o daşın üzərinə basaraq bağırırdı: “Bilal! Əgər öz imanından əl çəkməsən öldürüləcəksən”. Çox yaralanmış və bədəni heydən düşmüş Bilal yalnız bir sözü təkrarlayırdı: “Əhəd, Əhəd!...Yəni, şəhadət verirəm ki, Allah təkdir, Ondan başqa məbud yoxdur”.

Məkkə camaatı hər gün o qaradərili qula sahibi tərəfindən işgəncə verildiyinin şahid olurdular. Amma “Üməyyə” kimi sitəmkarların, zülmkarların qorxusundan söz danışmağa cürət etmirdilər.

Daşlar isti yay günəşinin şüaları altında yanmış və qaralmışdı. Heç kəsin o üzücü istinin altında işgəncəyə tamaşa etməyə taqəti qalmamışdı. Amma camaatın hamısı gərək bu mənzərəyə yaxşı-yaxşı baxıb ibrət dərsi alaydılar. Müşrik və bütpərəstlərin fikrincə, bu, Muhəmməd (s) və onun dininə iman gətirən kəslərin layiqli cəzası idi.

Üməyyə Məkkə müşriklərinin ən sitəmkar və rəhmsiz başçılarından biri idi. O, heç kəsin Muhəmmədə (s) iman gətirməsini istəmirdi. O, Bilala şəhər camaatının gözü önündə işgəncə verirdi ki, heç kəs müsəlman olmaq fikrinə düşməsin.

Gecə bütün bütpərəstlərin və azğınların yuxuya getdikləri bir vaxtda Bilal gizlincə Allah Rəsulu Muhəmmədlə (s) (s) görüşdü. Allah Rəsulunun (s) ilahi sözləri onun qəlbinə, ruhuna yatdı və o, Həzrətə (s) iman gətirdi. Bu böyük hadisə Üməyyəni çox qorxuya saldı. Üməyyə ona dedi: “Bilal! Dünən ürəyim istəyən kimi sənə işgəncə edə bilmədim, amma bu gün onun əvəzini çıxaram. De görüm, hələ də Muhəmməd (s) və onun sözlərinə inanırsan?!”

Bilal cavabında dedi: “Ey Üməyyə! Mən Peyğəmbərə (s) öz həvayi-nəfsimdən iman gətirməmişəm. Allaha and olsun ki, onun dinindən əl çəkmərəm. Bil ki, ən ağır əzab-əziyyətin, işgəncənin altında belə, Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət verəcəyəm”.

Müşriklər və bütpərəstlər şəhərin bir guşəsində bir meydana toplaşmışdılar. Camaatın sayı getdikcə artırdı. Əlində şallaq meydanın ortasında duran Üməyyə birdən bağırdı: “Bilalı gətirin!”

İki nəfər əl-ayağı kəndirlə möhkəm bağlanmış bir qaradərili qulu sürüyə-sürüyə meydana gətirdilər. Sonra başqa bir kəndirlə onun əllərini bağladılar və müşriklərdən bir neçəsi o kəndirin ucundan tutdu. Bu zaman Üməyyənin göstərişi ilə məmurlar meydanın ətrafında dövrə vurmağa başladılar. Onlar o qaradərili qulun bədənini daş-kəsəyin üzərində sürüdülər. Üməyyə də bir tərəfdən bağıra-bağıra Bilalın heysiz bədəninə şallaq vururdu.

Bir gün müşriklərdən biri gördü ki, Bilal bir bütün üstünə tüpürüb onu təhqir edir. Bu xəbəri Üməyyəyə çatdırdılar. Bunu eşidəndə isə onun Bilala qarşı olan qəzəbi daha da artdı.

Hələ əvvəlki işgəncələrin yerləri sağalmamışdı ki, anbaan əzab çəkmiş bədənində təzə yaralar əmələ gəlirdi. O vəziyyətdə qurumuş və çatlamış dodaqları arasından yalnız bu iki kəlmə eşidilirdi:

“Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədər-Rəsulullah...”

Bilalın işgəncəsi zamanı kimsə qəfildən camaatın arasından qışqırdı: “Üməyyə səbir et!” Üməyyənin işarəsi ilə işgəncə verənlər əl saxladılar. Bir kişi sürətlə camaatın arasından keçib, tamaşaya durmuş müşriklərin izdihamını yararaq qaça-qaça özünü Üməyyəyə çatdırdı və dedi: “Bu qulu öldürmə. Mən onu səndən çox yaxşı qiymətə alaram”.

Üməyyə bir qədər fikrə getdi. O, kişiyə bir nəzər saldı və sonra Bilala baxıb dedi: “Artıq, bu yarıcan və ədəbsiz qul mənim işimə yaramaz. Götür, sənin olsun, pulunu ver, apar”.

O kişi dərhal özü ilə gətirdiyi pul kisəsini Üməyyəyə verdi və o əzab çəkmiş qulu çətinliklə öz evinə apardı. Bilal, Allah Peyğəmbərinin (s) əmri ilə azad oldu.

Əziz İslam peyğəmbəri həzrət Muhəmməd (s) minlərlə başqa qullar kimi onu da Allah yolunda azad etdi.

Müsəlmanlardan heç kəsin Bilal kimi xoş və uca səsi yox idi. O, azad olduqdan sonra Allah Rəsulunun (s) müəzzini (azançısı) oldu. Onun ilahi fəryadı ölmüş qəlblərə həyat bəxş etdi, şirk və bütpərəstliyin sütunlarını lərzəyə saldı.

Allah Peyğəmbəri (s) camaata öyrətdi ki, bütün insanlar tək olan Allahın qarşısında bərabərdirlər; varlı və kasıb, qara və ağdərili insanlar arasında heç bir fərq yoxdur. Allah yanında ən əziz bəndələr imanı-təqvası çox olan bəndələrdir. Bilalın güclü imanı, parlaq qəlbi, saf ruhu və ilahi səsi var idi. O, zərifqanadlı pərvanə tək, daim Peyğəmbərin (s) müqəddəs vücudunun ətrafında dolanır, sevincindən yerə-göyə sığmırdı. O əzəmətli dövrdən yüz illər keçməsinə baxmayaraq, nə qədər ki, minarələrdən əziz İslam peyğəmbəri həzrət Muhəmmədin (s) adı səslənir və bu ad yaşayır, Bilalın da adı və xatirəsi müsəlmanların yaddaşında yaşayacaqdır. (“Əyanuş-şiyə”, Əmin Amuli, c. 14, səh.105-106.)

Maide.az

Google+ WhatsApp ok.ru