`Bu hadisə ölkədəki sərnişin və yükdaşımasındakı biabırçılığı göstərdi` - FOTO

"Astarada bu gün baş verən faciəli qəzanın fotolarına baxanda və məlumatları təhlil edəndə ölkəmizdə yol hərəkəti təhlükəsizliyi üçün ən ciddi 2 şey açıq-aşkar görünür. Əvvəla, bu sərnişin daşımadakı mövcud biabırçılığı göstərir. İkincisi, bu hadisə kommersiya təyinatlı avtomobillərin, xüsusən yük avtomobillərinin sahibi olan hüquqi şəxslərin və fərdi sahibkarların məsuliyyətsizliyinin, belə avtomobilləri idarə edən bəzi sürücülərin isə ifrat təfəkkürsüzlüyünün nümunəsidir".
 
Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bu gün Ələt-Astara magistralında baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detalları təhlil edərkən bildirib.
 
Ekspertin fikrincə, bütün bunları hadisə yerindən çəkilmiş fotolardan açıq-aydın görmək olar: "Mikroavtobusun dağılmış konstruksiyasından aydınca görünür ki, onun oturacaq yerlərinin sayı artırılıb, özü də primitiv şəkildə. Heç bir oturacaqda da təhlükəsizlik kəməri yoxdur və sairə və ilaxır...
İkinci biabırçılıq isə hadisə yerindən qaçıb sonra tutulan yük avtomobilinin sürücüsünü dediklərindən və hər gün dəfələrlə rastlaşdığımız mənzərədən aydın olur. Sürücü deyir ki, "tormoz" tutmadı, maşın aşdı. Deməli, avtomobildə texniki problem olub, amma güman ki, reysqabağı texniki müayinədən keçirilməyib, böyük ehtimalla yük norması da pozulub və s..."
 
Ə.Hüseynov qeyd edib ki, ölkəmizin yollarında həm avtobusların, həm də kommersiya təyinatlı digər avtomobillərin sürücülərinin əksəriyyəti əndazəsiz məsuliyyətsizlik edirlər: "Onlar düşünürlər ki, mahir sürücüdürlər, heç nə olmaz. Amma azacıq sorğu-sual edəndə görürsən ki, nə yol hərəkəti, nə də təhlükəsizlik qaydalarından anlayışları yoxdur. Yalnız avtomobili at kimi çapmağı bilirlər, o da, əslində, instiktiv vərdişdir. Onların məxsus olduğu təşkilatların əksəriyyəti isə bircə şey bilir "Get işlə...". Belə olmaz. Bu yanaşmanın sonu yoxdur..."
 
Qeyd edək ki, dəhşətli qəza bu səhər saat 10 radələrində Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində, Astaranın Çayoba kəndi ərazisində qeydə alınıb. "Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı "Shacman" markalı yük maşını ilə toqquşması avtobusda olan 2 nəfərin ölümü, 9 nəfərin yaranlanmasına səbəb olub.
 
Hadisə yerindən qaçan 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, "Shacman" markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev artıq tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: "Bir neçə dəfə "tormuzu" basdım, "tormuz" tutmadı. Ona görə də maşını saxlaya bilmədim, maşın "Ford"la toqquşaraq aşdı".(milli.az)
 

Google+ WhatsApp ok.ru