BU QİDALAR sümük əriməsinin qarşısını alır

BU QİDALAR sümük əriməsinin qarşısını alır

Sümük kütləsinin azalması qocalma prosesinin bir hissəsidir. Bəzi insanlar qocalarkən həddindən artıq sümük kütləsi itirsə də, itirilmiş sümük kütləsini kifayət qədər tez bərpa edə bilmirlər.
 
Belə hal osteoporoz adlanır və daha çox postmenopauza dövründə qadınlarda özünü büruzə versə də, osteoporoza yaşlı kişilərdə də rast gəlinir.
 
Osteoporoz - sümük kütləsinin azalmasıdır. Bu xəstəlik simptomsuz keçdiyi üçün "lal xəstəlik" hesab olunur. Bu baxımdan ola bilsin ki, hətta sümüyünüz qırılana kimi bu xəstəlikdən sizin xəbəriniz olmasın. Xoşbəxtlikdən vacib sayılan aşağıdakı qida və minerallar sümüklərinizin sağlamlığını qorumağa kömək edə bilər.
 
Sözügedən vacib qida və minerallar barədə “MedikForum” saytına istinadla məlumat veririk.
 
Vitamin C. Tədqiqatçılar orqanizmdə C vitamininin yüksək səviyyədə olmasını sümüklərin sıxlığı ilə əlaqələndirirlər. Onlar orqanizmin C vitaminini istehsal etməməsini əsas gətirərək qida rasionuna daha çox bu vitaminlə zəngin olan ərzaq məhsullarını, o cümlədən, sitrus meyvələrini, kivi, çiyələk və bolqar bibəri kimi meyvə və tərəvəzləri daxil etməyi tövsiyə edirlər. Bu ərzaq məhsulları ilə birlikdə siz həmçinin də C vitamininin əlavələrini qəbul edə bilərsiniz.
 
Kalsium. Kalsium sümüklərin qurulması və sümük kütləsinin saxlanılması üçün mühüm elementdir. Orqanizmdəki kalsium ehtiyatlarının 99 faizi sümüklərin tərkibində yerləşir. Bununla belə, kalsiumun kifayət etməməsi səbəbindən bədəniniz onu sümüklərinizdən çəkməyə məcbur olur. Bu da nəticədə sümüklərinizin zəifləməsinə və osteoporoz xəstəliyinin yaranmasına gətirib çıxarır. Təbii ki, orqanizm özü kalsium istehsal etmir. Ona görə də orqanizmin sərf etdiyi kalsium elementinin həcmini artırmaq üçün siz bu maddə ilə zəngin olan qidalardan, o cümlədən süd məhsullarından, yarpaqlı göyərtidən, sardinadan daha çox istifadə etməlisiniz.
 
Vitamin D. Bu vitamin sümüklərin və əzələlərin bərkiməsinə kömək edir. D vitamininin kifayət etməməsi nəticəsində bədən kalsium elementini effektiv şəkildə mənimsəyə bilmir. Bu da öz növbəsində osteoporoz xəstəliyinin yaranmasına səbəb olur.
 
Bor. Bor da sümük kütləsini azalmaqdan qoruyur. Ona görə də qida rasionunda üzvi qoz-fındıq, paxla, avokado və bütöv buğda dənlərinin, habelə tərkibində bor olan yarıvitaminlərin payını artırmaq məsləhət görülür.
 
Vitamin K2. K2 Vitamini kalsiumu sümüklərə və dişlərə ötürərək sümük sıxlığını artırmağa kömək edir. Tədqiqatlar həmçinin K2 vitamininin D3 vitamini ilə tam sinergetik olmasını vurğulayırlar. Bu baxımdan yumurta sarısı kimi ərzaq məhsulları və qida əlavələri vasitəsi ilə K2 vitamininin qəbulunu artırmaq məsləhət bilinir. / publika.az /
 
 

Google+ WhatsApp ok.ru