Bura Bakıdır: bu adamlar niyə hasarın üstündə gəzir? - Foto

Hər dəfə qarın-yağışın yağması ilə paytaxt Bakıda, xüsusilə də ətraf qəsəbələrdə həmişə müxtəlif problemlər yaranır. Məhəllələr gölməçələrdən keçilməz olur, evlərə su dolur, yollar bağlanır...
 
Bakı sakinlərinin çoxu yağış yağandan sonra yol dərdi ilə üz-üzə qalır. Çünki məhəllə yolları sadəcə bataqlığa, gölməçəyə dönür.
 
Sakinlərin çıxış yolu isə çox fərqli və təhlükəlidir. Onlar bu süni “gölməçə baryerləri”ni uzunboğaz çəkmə hesabına dəf etməyə o qədər də həvəsli olmurlar. Axı bura paytaxtdır. İşə, dükan-bazara, məktəbə, şəhərin mərkəzinə belə çəkmələrdə getməyəcəklər ki...
 
Paytaxt sakinləri alternativ yol tapıblar. Onlar bir neçə metrlik yolu asfaltlamaq istəməyən məmurların ucaltdığı və kilometrlərlə uzunluğu olan hasarların üstündə gəzirlər. Həm də həyatlarını riskə ataraq. Böyüklü-kiçikli, elliklə... Səbəb? Səbəb dizə qədər çirkli yağış suyuna batmamaq istəyidir.
 
Bu hal hər yağış yağandan sonra Bakının ən önəmli magistral yollarından olan Heydər Əliyev prospektinin kənarında müşahidə olunur.
 
Virtualaz.org saytı xəbər verir ki, məsələn, Elşən Mehdiyev küçəsinin sakinləri evə, işə yol kənarına çəkilən bəzəkli hasarların... üstü ilə gedib-gəlirlər.
 
Məmurlar uçuq-sökük, nizamsız evləri gizlətmək üçün yol kənarlarını hündür hasarlarla bağlayıb. Hasarların arxa tərəfində olanlar isə onları maraqlandırmır. Onlar üçün yalnız bir önəmli məsələ var: xarici qonaqların və nüfuzlu şəxslərin keçdiyi yolların gözəl və səliqəli olması.
 
Qeyd edək ki, dövlət başçısı da hər gün bu yoldan istifadə edir. Sakinlərlə söhbətimizdə öyrənirik ki, ölkə başçısının yoldan keçib getdiyi vaxtlarda onlara hasara çıxmağa icazə verilmir. Bunun qarşısını yol kənarında duran polislər alır. Sakinlər isə kilometrlərlə hasar çəkən məmurlardan bir neçə metrlik asfalt istəyirlər. Çox yox, cəmi bir neçə metrlik... /
 
 

 

Google+ WhatsApp ok.ru