Dekabrda nəqliyyatda gediş haqqı artırılacaq - iddia

Dekabrda nəqliyyatda gediş haqqı artırılacaq - iddia

Ekspert: “Bunun üçün zəmin hazırlanır...”

Bakı şəhərində sərnişindaşımada böyük payı olan “Bakı Bus” MMC zərərlə işləyir. Bu barədə APA MMC-nin ötən il üzrə audit hesabatına istinadən məlumat yayıb.
 
Hesabatda qeyd olunur ki, 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 milyon 569,938 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 54,638 milyon manat və ya 56,37 faiz çoxdur. Ötən il MMC-nin xalis zərəri 54 milyon 637,619 min manat təşkil edib. 2015-ci ildə isə bu rəqəm 92 milyon 260,805 min manat idi.
 
Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Ötən 3 ildə MMC paytaxt ərazisinin böyük bir hissəsində şərnişindaşımanı ələ alıb. Sərnişinlərin axını çox olan marşrutların böyük qismi “BakıBus”un ixtiyarına verilib. Həm gəlirli marşrutlarda işləyən, həm də dövlətdən irihəcmli dəstək alan şirkətin zərərlə işləməsi bir çox suallar yaradır: Necə olur ki, eyni işi daha az sərnişin sıxlığı olan marşrutlarda həyata keçirən özəl şirkətlər zərərə düşmürlər, amma dövlətə məxsus qurum bu qədər ziyanla üzləşir?
 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu və ya başqa şəkildə dövlətə məxsus olan bütün şirkətlər ziyanla işləyir: “Bu, əslində dövlət idarəetməsinin səmərəsizliyindən irəli gələn haldır. Dövlət iqtisadiyyatda birbaşa iştirakçıdırsa, ən pis menecmentdir. Yəni dövlətin nəzarətində, dövlətin idarəetməsində olan bütün inhisarçı şirkətlərin demək olar ki, hamısı ziyanla işləyir. Bu, artıq idarəetmə problemidir, normal idarəetmənin olmamasından irəli gəlir. Çünki iri dövlət şirkətlərinin hamısına vergi güzəştləri edilir, yığılan vergi və kommunal borcları silinir. Onlara böyük həcmdə dotasiyalar ayrılır. Elə ”BakıBus"un özünə də avtobusların alınması üçün milyonlarla manat ayrılmışdı. Bütün bu dəstəyə baxmayaraq, bütün iri dövlət şirkətlərinin hesabatlarında il zərərlə yekunlaşır. Bu isə dediyim kimi, idarəetmənin problemi olmaqla korrupsiya ehtimallarını artıran elementdir“.
 
“BakıBus”un ziyanla işləməsi yaxın dövrdə sərnişindaşımada gediş haqqının qaldırılması üçün zəmin yarada bilərmi? Ekspertin fikrincə, bu ehtimal çox güclüdür: “Təcrübə göstərir ki, belə ”ziyanla" işləyən xidmət şirkətləri sonra xidmət haqqının qaldırılmasını təklif edirlər. Ümumiyyətlə götürdükdə, dekabrın sonları üçün ictimai nəqliyyatda, o cümlədən metro və avtobus daşımalarında gediş haqqının artırılacağı gözləniləndir. Düşünürəm ki, Tarif Şurası tərəfindən belə bir qərar qəbul olunacaq. Çünki bu haqda müzakirələr genişlənib, daşıyıcılar tez-tez “qiyməti biz deyil, Tarif Şurası müəyyənləşdirir” deməklə məsələni gündəmə daşıyırlar. Bu baxımdan, belə bir qərarın olacağını gözləyirəm".(deyerler.org)
 

 

Google+ WhatsApp ok.ru