Devalvasiya qurbanları

Dünən daha bir ailə başçısı kredit borcuna görə intihar edib - Ağcabədidə. 3 övlad atası olan 40 yaşlı vətəndaşın borcunun dollarla, yoxsa manatla olduğu deyilmir. Ancaq nə fərqi, guya manatla kredit götürənlər yaxşı gündədir? 
 
İş də ondadır ki, manatın ikinci ağır çöküşündən sonra borca görə öz həyatı ilə könüllü vidalaşanların problemi araşdırılsa, bəlli olar ki, onların içində banklarla yanaşı, dost-tanışa borcu olanlar da az deyil...
 
Dəfələrlə yazmışıq, yenə yazaq ki, cana qəsd vəziyyətdən çıxış yolu deyil, sayıla bilməz. Biz hələ bu radikal addımın Allah dərgahında böyük günah əməl olduğu, azyaşlıların valideynsiz (yetim) qalmasını demirik. Niyə çıxış yolu deyil?
 
Ona görə ki, qohum-qardaş borcu bağışlasa da, ələlxüsus banklara olan borclar bu yolla ləğv olunmayacaq, ailənin vəziyyəti bununla yüngülləşməyəcək və hüquqşünasların da söylədiyi kimi, böyük ehtimalla, mərhumun olan-qalan əmlakı, doğmaları hesabına silinəcək. O zaman üstəlik, yaxın-əzizləri də qəlizə soxmağa dəyərmi? 
 
Hər halda, gedib 1-2 il türmə həyatı çəkmək bundan və övladlarını başsız qoymaqdan qat-qat məqbul yol kimi görünür. Nə bilirsən, bəlkə günün birində həmin borclar silinəcək... 
Statistikanı dəqiq deyə bilmərik, amma hazırda Azərbaycan qədər postsovet məkanında kreditə görə suisidlərin, özünü yandırmaların baş verdiyi ikinci ölkə yəqin ki, yoxdur. 
Odur ki, Milli Bankın rəhbəri Elman Rüstəmov bir az tələssə və heç olmasa, dollarlı kreditlər məsələsində əhalinin gözlədiyi qərarı tezləşdirsə, yaxşıdır. Əks halda, devalvasiya qurbanlarının sayı həndəsi silsilə ilə artacaq və bu qurbanlar Rüstəmov və onun təmsil olunduğu hökumətin vicdanına yazılacaq. 
 
Axı, yanılmırıqsa, söhbət cəmi 250 milyon dollar vəsaitin tapılmasından gedir. Məgər dünənədək regionun ən varlı ölkəsi kimi öyünən, ona-buna, Belarusa, Gürcüstana yüz milyonlarla dollar borc verən, səxavət göstərən bizlər, daha doğrusu, sizlər deyildinizmi? İndi nə oldu qəfildən kasıbladınız? Olmazmı xalqa qarşı da heç olmasa, indi - kritik məqamda bir qədər lütfkar, səxavətli olasınız, ona əl uzadasınız?
 
Hamı bilir ki, ölkənin siyasi rəhbərliyi həmin 250 milyonu cəmi 2-3 oliqarxdan asanca alıb kompensasiyanı təmin edə bilər. Onu da hamı bilir ki, pulu balta kəsməyən həmin oliqarxlar bununla kasıblamayacaq. Gəl ki, edilmir. 
 
Səbəbləri barədə düşünməyə dəyər. Görünür, xalqın indiki ağır vəziyyəti, onun çıxılmaza dirənməsi kimlərəsə sərfdir. Ya da bu millət üzərində növbəti təcrübi sınaq keçirilir, onun dözüm limiti, əsəbləri yenə sınağa çəkilir. Hər halda, rəsmi bəyanatlara rəğmən, ölkədə “islahat” adına deyilən bir şey də gözə dəymir. 
 
Bu yerdə iqtisadçı alim Qubad İbadoğlu da tam haqlıdır deyəndə ki, ölkədə, gömrükdə inhisarçılıq aradan qalxıbsa, o zaman niyə qiymətlər enmir? Sonuncu sualın cavabı elə “ölkədə islahatlar başlayıbmı, gedirmi” sualına ən parlaq cavab olacaq. 
 
İslahatların isə hələ ki ancaq vədi verilir. Dünən ölkə başçısı yanında keçirilən toplantıda bir daha bu barədə danışılıb. Prezident “2016-cı ilin dərin islahatlar ili olacağına” əminlik ifadə edib. Təki belə olsun, istəməyənin gözü çıxsın. Amma və lakin bundan ötrü iqtisadçı analitiklər rəhbərin siyasi iradəsi ilə yanaşı, minimum yeni və təmiz kadrlardan ibarət islahatçı komandanın formalaşmasını da zəruri hesab edirlər.
 
Bu komandanı və ona zərurəti artıq həm də potensial devalvasiya qurbanlarının varlığı, həmçinin, ölkədə günbəgün dərinləşən işsizlik problemi və təbii ki, durmadan artan qiymətlər diktə edir. (Yeni Müsavat)

Google+ WhatsApp ok.ru