DİQQƏTLİ OLUN: Bakıda köhnə təkərləri hiyləylə yeniləyib satırlar

DİQQƏTLİ OLUN: Bakıda köhnə təkərləri hiyləylə yeniləyib satırlar

Bakıdakı təkər alverçilərinin bəziləri inanılmaz əməllərlə sürücülərin həyatını təhlükəyə atırlar.
 
Bu barədə avtosfer.az-a daxil olan məlumata görə, Babək prospektində "maşın bazarı"nda daha çox rast gəlinən bu hal normal təkər satışı ilə məşğul olanların da narazılığına səbəb olub. Bir neçə təkər alıcısı avtosfer.az-a bildirib ki, bazarda fəhləliklə məşğul olan bəzi işbazlar zibilliyə atılmış təkərləri yeni təkər adıyla ucuz qiymətə satırlar. Müştərilər də ucuz olduğu üçün həmin təkərləri almağa üstünlük verirlər. Amma həmin təkərlərin nə qədər təhlükəli olduğunu bilmədikləri üçün "irəli düşdüklərini" zənn edən həmin avtomobil sahiblərinin həyatı hər an təhlükədədir. Belə ki, fəhlələr zibilxanaya atılan təkərləri yığaraq xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərindən açırlar və beləliklə də, təkərin naxışları daha dərin olduğu üçün müştərilər buna aldanırlar. Dərin naxışlar, müxtəlif dərmanların təsiri ilə qaraldılmış və yağlanmış təkərlər müştəriləri daha çox cəlb edir və digər işlənmiş təkərlərdən daha ucuz satıldığı üçün daha çox alıcısı olur. Lakin diqqətə çatdırırıq ki, bu cür təkərlər olduqca təhlükəlidir. "Maşın bazarında" normal və keyfiyyətli təkər satışı ilə məşğul olanlar bildiriblər ki, həmin təkərləri hətta adi diş çöpü ilə də deşmək mümkündür. Çünki yeni naxışlar açılanda təkərin qalınlığı tam olaraq sıradan çıxır və nazik qat qalır. Bu isə avtomobilin hər an qəzaya düşməsinə səbəb ola bilər.
 
İşbazların etdiyi əməllər keyfiyyətli təkər satışı ilə məşğul olanların işinə mənfi təsir edib və bazarda narazılıq yaranıb.
 
Qeyd edək ki, belə vəziyyətin təkcə həmin bazarda deyil, təkər satılan digər yerlərdə də yaşandığı bildirilir. Kütləvi olmasa da, ucuz təkər axtaran müştəriləri qaçırmaq istəməyən təkər alverçiləri bu cür təhlükəli əməllərlə sürücülərin həyatını riskə atırlar.
 
Sürücülərə tövsiyə edirik ki, avtomobilə təkər alarkən son dərəcə ehtiyatlı olsunlar, aldıqları təkəri diqqətlə incələyib sonra alsınlar.
 

Google+ WhatsApp ok.ru