Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ilə məşğul olması qadağan edilib

Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ilə məşğul olması qadağan edilib

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqova töhmət verib. Bundan başqa, onun fərdi vəkillik fəaliyyəti ilə məşğul olması qadağan edilib. Sadıqovun üzərinə 14 saylı Vəkil Bürosunda işləmək öhdəliyi qoyulub.

 
Sadıqovun Turan agentliyinə verdiyi məlumata görə, hələ 2020-ci il yanvarın 15-də ona qarşı keçmişdə ona vəkalət verən Gürcüstan vətəndaşı Leyla Canaşiyanın müraciəti əsasında intizam icraatı başlayıb. 
 
Sadıqovun sözlərinə görə, 2019-cu il iyulun 15-də o, Canaşiyanın Azərbaycanda deportasiyası haqqında qərarın ləğvinə, 2020-ci il yanvarın 8-də isə ona 1 il Azərbaycanda yaşamaq icazəsinin verilməsinə nail olub.
 
Amma bu qadın ondan Vəkillər Kollegiyasına guya vəkillik sənədlərinin saxtalaşdırılması haqqında şikayət verib.
 
Sadıqov hesab edir ki, vəkillik fəaliyyəti ilə əlaqədar ona qarşı təzyiq məqsədilə bu qadından istifadə ediblər.
 
O qeyd edib ki, 2020-ci il iyulun 30-da Yasamal rayon prokurorluğu əməllərndə pozuntu aşkar etmədiyi üçün ona qarşı cinayət işi açmaqdan imtina edib. Səbail rayon məhkəməsi 2020-ci il sentyabrın 2-də də onun əməllərində pozuntu olmadığını təsdiq edib.
 
Bununla belə, bütün bunlardan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti qanunun aliliyi prinsipini pozaraq, ona töhmət verib və fərdi vəkillik fəaliyyəti ilə məşğul olmağı qadağan edib, üzərinə Bakıdakı 14 saylı Vəkil Bürosunda işləmək öhdəliyi qoyub.
 
Fərdi fəaliyyət həyata keçirən vəkil öz-özünə order çıxarmaq hüququna malikdir. Büroda işlədikdə isə o, bu qurumdan order almalıdır.
 
İstirahət günləri Büro işləmədiyi üçün istiraht günləri fəallar və jurnalistlər saxlanılarsa, Sadıqov operativ qaydada onların müdafiəsinə qoşula bilmyəcək.
 
O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının qanunsuz olduğunu bildirib.
 
Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, vəkil fərdi fəaliyyət göstərmək hüququna malikdir.
 
Sadıqov hüquqlarının bərpa edilməsinə nail olmaq niyyətindədir.
 
Sadıqov hüquq müdafiə sahəsində ixtisaslaşır. O, bir çox siyasi məhbusların, o cümlədən məşhur siyasətçilərin, jurnalistlərin, bloger və hüquq müdafiəçilərinin vəkili olub və hal-hazırda da bəzi siyasi məhbusları müdafiə edir.
 

Google+ WhatsApp ok.ru