Elman Rüstəmov qorxulu məzənnə və valyuta anonsu verdi

Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.
 
Bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.
 
Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".
 
E.Rüstəmov bildirib ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb.
 
Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".
 
Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.
 
Baş bankir əlavə edib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq"  apa /.
 

Google+ WhatsApp ok.ru