Çempionlar Liqası, Avropa Liqası və AVRO klassikasına UEFA.tv-də baxın

Çempionlar Liqası, Avropa Liqası və AVRO klassikasına UEFA.tv-də baxın

UEFA rəsmi saytında azarkeşlərə ötən illərin oyunlarını izləməyə imkan verəcək xüsusi aksiyaya start verdiyini elan edib.
 
Hal-hazırda nümayiş etdirilməsi nəzərdə tutulan oyunların siyahısında AVRO-1996-da Rusiya və Çexiya yığmalarının məhsuldar görüşü də daxil olmaqla 30-dan çox oyun var.
 
"Hələ ki, Avropada klub futbolu koronavirusa görə boş qalmağa məcburdur, AVRO-2020 isə bir il müddətə təxirə salınıb. Lakin biz azarkeşlərə darıxmağa imkan verməyəcəyik. Bazar ertəsindən başqa hər gün Mərkəzi Avropa vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə saat 19:00-dan) etibarən OTT kanalı olan UEFA.tv-də UEFA-nın ən zəngin video arxivindən parlaq oyunlara baxa bilərsiniz", – məlumatda bildirilir.
 
Yayım cədvəlinə əsasən, çərşənbə axşamı və çərşənbə günləri futbol həvəskarları Çempionlar Liqasının, cümə axşamı isə Avropa Liqasının məşhur matçlarına baxa biləcəklər. Bundan başqa Avropa Çempionatı, qadınlar arasında AVRO və qadınlar arasında Çempionlar Liqası oyunları da nümayiş olunacaq.
 
UEFA.tv-yə yalnız veb saytda deyil, həmçinin "Apple TV", "Android TV" və "Amazon Fire TV"də, eləcə də "Android" və "Apple" smartfon və planşetlərində baxa bilərsiniz. UEFA.tv proqramını "Apple TV" və "Amazon Fire TV" mağazalarından yükləmək mümkündür. Onun "Android TV" versiyası çoxsaylı "ağıllı" televizorlarda, televiziya və striminq konsollarında işləyir.
 
Qeydiyyatdan keçmiş UEFA.tv istifadəçiləri giriş adı və şifrəni yazmaqla bu yeni platformalarda hesablarına daxil ola bilərlər. Yeni istifadəçilər isə qeydiyyatdan keçib proqram və UEFA.tv vasitəsilə oyunları pulsuz izləyə biləcəklər. /sputnik / 
 
 

Google+ WhatsApp ok.ru