FƏLƏSTİN TORPAQLARINDA XAÇLI VƏHŞİLİYİ

Fələstində hər üç dinin mənsublarının sülh içində yaşadığı bir vaxtda, Avropadakı xristianlar bir “Xaç yürüşü” təşkil etmək qərarına gəldilər. Papa II Urbanın 1095-ci il noyabrın 25-də Clermont Şurasında çıxışında xristianları “Müqəddəs Torpaqları Müsəlmanlardan xilas etmək” çağırışı ilə, əslində isə, Şərqin əfsanəvi zənginliyini əldə etmək üçün yüz mindən çox insan Avropanın dörd tərəfindən Fələstinə doğru yola çıxdı. 
 
Uzun və çətin bir səfərdən və Müsəlmanlara qarşı həyata keçirdikləri bir çox talan və qətliamdan sonra 1099-cu ildə Qüdsə çatdılar.
 
Təqribən 5 həftə davam edən mühasirədən sonra şəhər təslim oldu və Xaçlılar şəhərə daxil oldular. Və dünya tarixində bənzəri az görünən bir vəhşilik həyata keçirdilər. Şəhərdəki bütün insanları qılıncdan keçirdilər. Xaçlılardan biri, Raymund Aguiles bu vəhşilik haqqında “öyünərək” belə danışırdı: “Seyr edilməyə dəyər möhtəşəm səhnələr baş tutdu. Adamlarımızın ən mərhəmətliləri düşmənlərin başlarını kəsirdi. Digərləri onları oxlarla vurub yerə salır, bəziləri isə onları diri-diri oda ataraq daha uzun müddətdə öldürüb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Belə ki, yolda bunlara ilişib yıxılmadan yerimək mümkün deyildi. Amma bütün bunlar Süleyman Məbədində edilənlərin yanında heç nə idi. Orada nə baş verdi? Əgər sizə həqiqətləri söyləsəm, buna inanmağa gücünüz çatmaz. Ən azı bunu deyim ki, Süleyman Məbədində axan qanların yüksəkliyi adamlarımızın dizlərindən yuxarı idi. Xaçlı ordusu Qüdsdə iki gün ərzində təqribən 40 min müsəlmanı yuxarıda göstərilən yollarla vəhşicəsinə öldürdü.."
 
Səlahəddin Əyyubinin ədaləti
 
Barbar xaçlı ordusu Qüdsü özünə paytaxt seçdi və sərhədləri Fələstindən Antakyaya kimi uzanan bir Latın Krallığı qurdu. Ancaq Fələstinə vəhşilik gətirən xaçlıların ömrü çox uzun çəkmədi. Yaxın Şərqdəki bütün müsəlman əmirliklərini cihad bayrağı altında birləşdirən Səlahaddin Əyyubi 1187-ci ildəki Hıttin müharibəsində bütün xaçlı ordusunu darmadağın etdi. Müharibədən sonra xaçlı ordusunun iki komandiri Reynauld Chatillon və Kral Guy Səlahəddin Əyyubinin qarşısına çıxarıldı. Səlahəddin Əyyubi müsəlmanlara qarşı həyata keçirdiyi dəhşətli vəhşiliklərlə ad qazanmış Reynauld Chatillonu edam etdi, ancaq eyni günahları etməmiş Kral Guyu sərbəst buraxdı. Fələstin torpaqları yenidən ədalətin nə olduğunu gördü. 
 
Səlahəddin Əyyubi Hıttinın ardınca da Peyğəmbərimizin (s) bir gecədə Məkkədən Qüdsə aparıldığı müqəddəs Merac günü Qüdsə girərək 88 il xaçlı işğalı altında olan şəhəri xilas etdi. Xaçlılar 88 il əvvəl Qüdsü işğal edəndə oradakı bütün müsəlmanları öldürmüşdülər və buna görə də bu dəfə Səlahəddin Əyyubinin eyni vəhşiliyi onlara edəcəyini qorxu içində gözləyirdilər. Lakin Səlahəddin Əyyubi buradakı xristianların heç birinə toxunmadı. Hətta sadəcə Latın (Katolik) xristianların şəhəri tərk etmələrini əmr etdi. Xaçlılardan olmayan pravoslavlar şəhərdə yaşaya və istədikləri kimi ibadət etməyə davam edə bilərdilər. İngilis tarixçi Karen Armstrong müsəlmanların bu ikinci Qüds fəthi haqqında belə yazır: “1187-ci il oktyabrın 2-də Səlahaddin və ordusu Qüdsə fatehlər kimi girdilər; gələcək 800 il boyunca şəhər bir müsəlman şəhəri olacaqdı... Səlahaddin (heç bir qətliam törətmədən) əvvəlcədən xristianlara verdiyi sözü tutdu və şəhəri yüksək İslami prinsiplərə görə aldı. Quranda əmr edildiyi kimi şiddətdən uzaq oldu və 1099-cu ildəki qətliamların qisasını almağa çalışmadı. Bir xristian belə öldürülmədi, heç bir talan və qarət edilmədi. Əsirləri azad etmək üçün istənilən fidyələr isə son dərəcə aşağı idi... Quranda əmr edildiyi kimi, əsirlərin çoxunu da heç bir fidyə almadan azad etdi... 
Səlahaddinin qardaşı Əl-Adil minə yaxın əsirin ona xidmət etməsi üçün izin istədi və sonra hamısını çətin vəziyyətdə olduqlarını gördükdən, qarşılıqsız sərbəst buraxdı... 
Şəhərdəki varlı xristianlar, dəyərli əşyalarını yükləyib şəhəri tezliklə tərk etdilər, halbuki əllərindəki pul şəhərdəki bütün müharibə əsirlərinin fidyəsini ödəməyə artıqlamasıyla kifayət edirdi. Baş rahib Heraclius hamı kimi 10 dinarlıq fidyəsini ödədi, sonra da şəhəri xəzinələrlə dolu arabalarla tərk etdi.
 
Qısası, Səlahaddin Əyyubi və onun əmrindəki müsəlmanlar xristianlara qarşı son dərəcə adil və mərhəmətli davranmışdılar, hətta onlara öz liderlərindən daha çox mərhəmət etmişdilər”. 
 
Qüdsdən sonra Fələstinin digər şəhərlərində də xaçlıların vəhşiliyi və müsəlmanların ədaləti davam etdi. İngilis tarixində böyük bir qəhrəman kimi tanıdılan Richard Lionheart (Aslanürəkli Richard) 1191-ci ildə Akra qalasında aralarında bir çox qadın və uşağın da olduğu düz 3000 müsəlmanın boyunlarını vurduraraq öldürmüşdü. Müsəlmanlar bu vəhşiliklərə şahid olmalarına baxmayaraq, heç bir zaman eyni üsullardan istifadə etmədilər, Allahın hökmünə uyğun olaraq, heç zaman məsum insanlara qarşı haqsızlıq etmədilər. Məğlub etdikləri xaçlı ordularına qarşı da zor tətbiq etmədilər.
 
Xaçlıların vəhşiliyi və müsəlman ədaləti tarixi bir həqiqəti bir daha göstərdi ki, Fələstində ayrı-ayrı dinlərə birlikdə yaşama şansı verən adil idarəetmə, ancaq İslamın prinsiplərinə görə qurulan bir idarəetmə prinsipi ola bilər. Bu həqiqət Səlahəddin Əyyubidən sonrakı 7 əsr boyunca sübut olundu. 
 

Google+ WhatsApp ok.ru