Fəxrəddin Abbasov həbsxanada intihar edib

Fəxrəddin Abbasov həbsxanada intihar edib

Dövlətə xəyanətdə ittiham olunan talışşünas alim Fəxrəddin Abbasov (Abbaszadə) Qobustan həbsxanasında intihar edib.
 
Maide.Az "Turan"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) noyabrın 9-da axşam yaydığı məlumatda deyilir.
 
Bəyanatda Abbasovun ölümü ilə bağlı qəribə hallar göstərilir. Belə ki, o, dəfələrlə yaxınlarına deyib ki, onu aradan qaldıra və buna intihar donu geydirə bilərlər. Abbasov iddia edirdi ki, intihar etmək niyyətində deyil və bu barədə elan olunarsa, yaxınları inanmasın.
 
ATİŞ digər talışşünas alim Novruzəli Məmmədovun işi ilə paralellər aparır. O da dövlət xəyanətdə ittiham olunmuşdu və həbsxanada ölmüşdü. ATİŞ  ümid etdiyini bildirir ki, ölkə rəhbərliyi F.Abbasovun ölümünü obyektiv araşdırıcaq və ictimaiyyətə obyektiv informasiya veriləcək. ATİŞ F.Abbasovun ölümündən təəssüflənir, onun doğmalarına və yaxınlarına başsağlığı verir.
 
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb, Baş Prokurorluğun mətbuat xidməti də bu işlə bağlı məlumata malik olmayıb. Lakin qurumdan qeyd ediblər ki, istənilən intihar faktı üzrə cinayət işi qaldırılır.
 
Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan F. Abbasovu 16 il müddətinə azadlıqdan məhrum etmişdi.
 
O, CM-in 281.2-ci (Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar), 283.1-ci (milli nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirli bilinib.
 
F.Abbasova qarşı cinayət işinə hələ 2018-ci ilin iyulunda başlanılıb.
 
28 fevral 2018-ci il tarixində o, Rusiyadan Azərbaycana deportasiya edilmişdi.
 
F.Abbasov Azərbaycanı tərk edərək Rusiyada olarkən Azərbaycan dövlətçiliyinin əleyhinə çıxması ilə tanınır. O, tez-tez Ermənistana gedir, orada Azərbaycanın parçalanmasına açıq çağırışlar edir və talışları bundan ötrü mübarizəyə qalxmağa çağırırdı. 
 

Google+ WhatsApp ok.ru