Fransanın ardınca İngiltərə də Suriya müharibəsinə girir: Qərb III Dünya Müharibəsinə hazırlaşır?!

Qərb mənbələri Suriyada yeni müharibənin başlaya biləcəyini söyləyir.  
Maide.az xəbər verir ki, bunun üçün İngiltərə parlamentində səsvermə keçiriləcək. İngilislər bölgədəki hərbi əməliyyatları həyata keçirmək üçün Yunan Kiprindəki aviabazanı da açacaqlar.
 
İngiltərə baş naziri Devid Kemeron Fransa prezidenti Fransua Ollandla görüşündən sonra belə bir bəyanatla çıxış edib. O, "İŞİD-lə mübarizə"də Suriyaya qarşı hava hücumlarının təşkil edilməsinə razılıq verdiyini açıqlayıb. 
 
İngiltərə baş naziri D.Kemeron bu səhər Fransa paytaxtı Parisdə Fransa prezidenti F.Ollandla görüşərək müzakirələr aparıb. İkitərəfli müzakirələrdən sonra keçirilən birgə mətbuat konfransında Kemeron qeyd edib ki, "İŞİD-ə qarşı mübarizə"də ABŞ-ın rəhbərliyi altında Suriyada təşkil edilən hava hücumlarına "Ada"nın da qatılmasına razı olub. “Fransa prezidenti F.Ollandın İŞİD-ə qarşı Suriyada təşkil etdiyi hava hücumlarını dəstəkləyirəm. Bu mövzudakı qəti qənaətim budur ki, İngiltərə də hava hücumlarına qoşulmalıdır”, - deyə İngiltərə hökumətinin başçısı qeyd edib. 
 
Türkiyədəki İncirlik bazasından sonra İngiltərə də Suriya müharibəsi üçün Yunan Kiprindəki Aktorini Hərbi Aviasiya Bazasını açır. Mətbuat konfransında D.Kemeron bu qərarını da açıqlayıb və İngiltərə parlamentinin Suriyaya qarşı həyata keçiriləcək hərbi əməliyyatları bu həftə təsdiqləyəcəyini söyləyib. Həftə ərzində parlamentdə İngiltərənin "İŞİD-lə mübarizə"sinə dair geniş "müdafiə" planını açıqlayacağını əlavə edən D.Kemeron vurğulayıb ki, başda Fransa olmaqla digər Avropa ölkələri ilə kəşfiyyat məlumatlarının mübadiləsi gücləndirilməlidir.
 
Qeyd edək ki, artıq bir müddətdir ki,  Rusiya Hərbi Hava Qüvvələri bölgədə İŞİD-ə qarşı mübarizədə real hərbi əməliyyatlara başlayıb. Bölgədə aparıcı dövlətlərin "burun-buruna" gəlməsi hər an yeni bir qlobal müharibənin əsasını qoya bilər. /

Google+ WhatsApp ok.ru