Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN

Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifinə münasibət bildirdi. 

 
XİN qeyd edib ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. "Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər".
 
Xarici İşlər Nazirliyi vurğulayıb ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. "Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir. Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi".
 
Qeyd edək ki, Fransa Senatı Dağlıq Qarabağın tanınması barədə 25 Noyabr axşamı qərar qəbul edib. RİA Novosti xəbər verir ki, 305 deputat  sənədin lehinə, 1 nəfər əleyhinə səs verib.

Google+ WhatsApp ok.ru