Günün hədisi: Zikrlərin mühüm təsirləri

Günün hədisi: Zikrlərin mühüm təsirləri

Maide.Az günün hədisini təqdim edir:
 

 İmam Əli (ə):

يا كُمَيْلُ! قُلْ عِنْدَ كُلِّ شِدَّةٍ «لا حَوْلَ وَ لا قُوَّةَ الّا بِاللَّهِ الْعَلِىِّ الْعَظيمِ» و قُلْ عِنْدَ كُلِّ نِعْمَةٍ «الْحَمْدُلِلَّهِ» تُزْدَدْ مِنْها، وَ اذا ابْطَأَتِ الْارْزاقُ عَلَيْكَ «فَاسْتَغْفِرِ اللَّهَ» يُوَسَّعُ عَلَيْكَ فيها؛

“Ey Kumeyl! Hər bir çətinliklə üzləşdikdə belə de: “Lə həvlə və lə quvvətə illə billəhil-əliyyili-əzim.” (Böyük və uca Allahdan başqa qüdrət və güc yoxdur.) Hər bir nemətə sahib olduqda, “Əl-həmdu lilləh” (Həmd yalnız Allaha məxsusdur) de ki, nemətlərin çoxalmasına səbəb olsun. Ruzin təsirə düşdükdə, “Əstəğfirullah” de (tövbə et) ki, tövbə ruzini genişləndirir (artırır).”

(“Biharul-ənvar”, 74-cü cild, səh.270.)

Qısa izah

İmam Əli (ə) kimi böyük bir müəllim tərəfindən şagirdi Kumeyl ibn Ziyad Nəxəiyə üç ülvi məqsədə nail olmaq üçün üç böyük zikr tövsiyə olunmuşdur. Hədisdə qeyd olunan üç məxsus zamana aid olan üç zikrin mühüm təsirləri vardır. Öncə diqqət yetirməliyik ki zikr dil lağlağısı deyil! Demək, bu böyük zikrlərin məfhumuna diqqət yetirməsək və mesajlarını icra etməsək, sözsüz, uyğun təsirlər verməyəcəkdir.

“Lə həvlə və lə quvvətə illə billəhil-əliyyili-əzim.” – zikrinin mənası belədir: “Bütün qüdrətlər və bütün çətinliklərin həlli Allahın əlindədir, kainatda hər na varsa, Onun tərəfindəndir.” Əgər bu mənaya inansaq, bütün varlığımızla Onun dərgah qapısını döysək, imanımızı bu məfhumlarla gücləndirsək və dənizdə boğulan bir şəxs kimi, Allahın qüdrətindən başqa bir qüdrət haqda düşünməsək, çətinliklərimizdə Allah-Taala bizə kifayət edər.

“Əl-həmdu lilləh” (Həmd yalnız Allaha məxsusdur) zikrinin mesajı budur: “Nemətə çatdıqda qürrələnməyək, onun Allah tərəfindən göndərildiyini unutmayaq, ondan düzgün şəkildə istifadə edək və paxıllıq etməyək. Belə olduqda, nemət nəinki əlimizdən çıxmayacaq, əksinə artacaqdır.

“Əstəğfirullah” zikrinin məfhumu isə belədir: Bir daha günaha qayıtmayaq. Çünki cəmiyyətdə iqtisadi çətinliklərin amillərindən bir də günahlardır. Günahkar cəmiyyətə yoxsulluq hakim kəsilər. Əlbəttə, günah zamanı çətinliklərin baş qaldırması möminlər üçün bildiriş zəngidir.

Bu baxışla çətinliklərin baş qaldırması öz növbəsində nemət sayılır. Elə bu səbəbdən Allah-Taala kafirləri özbaşına buraxmış və onların qəflətdən ayılması üçün bildiriş zəngi çalmır ki, öz günahları içərisində çapalayaraq qərq olsunlar.

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru