Avqustun 4-də rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) keçiriləcək

Avqustun 4-də rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi (ikinci cəhd) keçiriləcək

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçiriləcək.
 
DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Hər iki imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 
İştirakçılar DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1911 abituriyentin iştirakı nəzərdə tutulur.
 
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.
 
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Google+ WhatsApp ok.ru