Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarını davam etdirir

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarını davam etdirir

Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə kütləvi etiraz aksiyasını iyunun 25-də bərpa edib.
 
Altıncı gündür keçirilən aksiyada yenə də Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və Tbilisidə iyunun 20 və 21-də saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasını tələb olunur.
 
Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş prokurorluğun qərarına etirazlarını bildiriblər.
 
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Qeyd edək ki, etiraz aksiyaları bu gün Gürcüstanın bölgələrində də keçirilib.
 
“Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib.
 
Aksiyaya müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub.
 
Aksiya iştirakçıları “Bidzina, biz gəlirik”, “Qaxaria, get!” şüarları səsləndirərək Batumidəki “Black Sea Arena” konsert zalından B.İvanişvilinin iqamətgahına doğru yürüş ediblər. /azertac /

Google+ WhatsApp ok.ru