Hər iki həftədə bir dil yox olur

Hər iki həftədə bir dil yox olur

BMT 2019-cu ili Dünya Yerli Dilləri ili elan edib. Qurumun açıqlamalarına görə, hər iki həftədə bir dil inkişaf etdiyi intellektual və mədəni mühitlə birlikdə yox olur.
 
Dünyada mövcud dillərin 40 faizi məhv olmaq təhlükəsi altındadır.
 
Hazırda bütün dünyada 7 mindən çox dil, 5 mindən çox "yerli" mədəniyyət var.
 
Dünyada dil müxtəlifliyinin ən yüksək olduğu ölkə Papua-Yeni Qvineyadır. Əhalisi 8 milyondan bir az artıq olsa da, Sakit Okean adalarında yerləşən bu dövlətdə 800-dən çox dildə danışırlar. Dil müxtəlifliyinin ən az olduğu ölkə Şimali Koreyadır.
 
"Yuxu gördüyün, düşündüyün, hətta başqa dillərdəki fikirləri fərqinə varmadan tərcümə etdiyin dil ana dilidir", UNESCO-nun Dünya Təhlikə Altındakı Dillər atlası redaktoru Chris Molesey BBC Türkcəyə bildirib.
 
O hesab edir ki, getdikcə, xüsusilə şəhərlərdə bir dillə yaşamaq çətinləşir. Hər kəs ana dili ilə yanaşı bir "metropolitan" dil, yəni "şəhər dili"ndən istifadə edir. Chris Molesey-ə görə, bunun təməl iqtisadi səbəbləri var.
 
Dünyanın hər yerində böyük şirkətlərdə çalışanlar daxili ünsiyyət vasitəsi kimi ingilis dilini seçə bilir.
 
"Dünyanın böyük şəhərlərində anadan olandan sonra öyrəndiyimiz dil ilə həyatımıza davam etmək getdikcə çətinləşir", Chris Molesey deyir.
 
Onun sözlərinə görə, ana dili yox sayılamayacaq qədər qiymətlidir: "Hər dil fərqli bir dünya kimidir. Dilin bünovrəsi və işlədilən sözlər, söz ehtiyatı o dilə aiddir. Hər kəs özünü ana dilində daha yaxşı ifadə edir. Hər kəs duyğu və düşünc ələrini ana dilində ifadə edərkən öz dünyasındakı kimi rahatdır".
 
Dünyadakı internet istifadəçilərinin 25 faizindən çoxu ingilis dilindəki, 20 faizə yaxını Çin dilindəki, 8 faizi ispan dilindəki məzmunu izləyir. İnternet məzmunlarının 80 faizə yaxını yalnız 10 müxtəlif dildə yayımlanır.
 
Chris Molesey deyir ki, rəqəmsal məzmunlar da gündəlik həyat və təhsil sistemləri kimi "yerli" dillərin inkişafı üçün əlverişli mühit deyil. /bbc/

Google+ WhatsApp ok.ru