Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və həyat tərzi ilə az da olsa, tanış olaq:
 
1. Adı və ləqəbi:
 
Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında bu ləqəb qardaşı İmam Rza (ə) tərəfindən yalnız ona verilmişdir.
 
2. Mənəvi məqamı:
 
Həzrət Məsumənin (ə.s.) mənəvi məqamı elə bir mərhələdə olub ki, İmam Rzanın (ə) vasitəsilə bəyan olunan məşhur ziyarətnamədə belə oxuyuruq:
 
يا فاطِمَةُ اشْفَعى‏ لى‏ فىِ الْجَنَّةِ، فَانَّ لَكِ عِنْدَ اللَّهِ‏ شَاْناً مِنَ‏ الشَّاْنِ
“Ey Fatimə, mənə Cənnətdə şəfaət et. Həqiqətən, Sənin Allah dərgahında məqamın böyükdür.” (“Məfatihi-novin”, səh.579.)
 
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə də belə buyurulur:
 
إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ ، أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ، أَلَا وَ إِنَّ لِأَمِيرِ الْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ
“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.”
 
(“Bihаrul-әnvаr”, c.57, səh.228.)
 
3. Elmi məqamı:
 
Həzrət Məsumə (ə.s.) də anası Həzrət Fatimeyi-Zəhra (s.ə.) kimi alimə idi. Nəql olunur ki, bir gün bir qrup şiə İmam Kazimdən (ə) bir sıra sualların cavabını öyrənmək üçün Mədinə şəhərinə daxil olur. İmam Kazim (ə) səfərdə olduğundan, sualları Həzrət Məsumə (s.ə) cavablandırır və sualların cavablarını yazılı şəkildə təqdim edir. Onlar Mədinədən çıxdıqda, İmam Kazim (ə) ilə rastlaşırlar. İmam Kazim (ə) Həzrət Məsumənin (ə.s.) onların suallarına yazdığı cavabları müşahidə etdikdə, üç dəfə buyurur: فِدَاهَا أَبُوهَا – “Atası ona fəda olsun.” (“Kəşful-ləali”, “Kərimeyi-Əhli-beyt (ə)” kitabından nəqlən, səh.63-64.)
 
4. Hədis ravisi:
 
İslam tarixində yüksək fəzilətə sahib olan bəzi qadınlarla rastlaşırıq ki, onlar öz adlarını hədis raviləri zümrəsində qeyd etmişlər. Həzrət Məsumə (ə.s.) də həmin qadınlardan biridir.
 
5. Ziyarətinin savabı:
 
İmam Rza (ə) bir hədisdə bacısı Həzrət Məsumənin (ə.s.) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur:
 
مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى
“Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət etmiş kəs kimidir.” (“Nasixut-təvarix”, c3, səh.68.
 
Başqa bir hədisdə nəql olunur ki, İmam Rza (ə) səhabəsi Sədə belə buyurdu:
 
يا سَعْدُ عِنْدَكُمْ لَنَا قَبْرٌ، قُلْتُ: جُعِلْتُ فِدَاكَ، قَبْرُ فَاطِمَةَ بِنْتِ مُوسَى (ع)؟ قَالَ: نَعَمْ، مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّةُ
 
“Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır.” Dedim: “Sənə qurban olum, Fatimə binti Musanın (ə) qəbrimi?” Buyurdu: “Bəli, haqqını tanıdığı halda onu ziyarət edən kəsə Cənnət vacib olar.” (“Bihаrul-әnvаr”, c.99, səh.266.)
 
6. Məxsus ziyarətnaməsi:
 
Həzrət Məsumə (s.ə.) imamzadələr içərisində məsum imam tərəfindən nəql olunmuş məxsus ziyarətnaməyə sahib olan və yüksək məqamına işarə olunan nadir imamzadələrdəndir.
 
7. Qum şəhərinin elm və fəzilət ocağına çevrilməsi: 
 
Həzrət Məsumənin (s.ə.) Qum şəhərinə gəlişi və bu şəhərdə 17 gün yaşaması bərəkətlərə səbəb oldu. Onun müqəddəs türbəsinin bərəkətindən, bu gün Qum şəhəri dünyanın ən böyük elmi mərkəzlərindən birinə çevrilmişdir. O Xanımın türbəsi sayəsində bir çox alimlər Qum şəhərinə üz tutmuş və bu şəhərə bir çox bərəkətlər nəsib etmişdir ki, ən mühümü elmi ocaqların və dini hövzələrin təsis edilməsi, dünyanın hər bir nöqtəsindən həmin elmi ocaq və dini hövzələrdə dini tələbələrin təhsil almasıdır.
 
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:
 
سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ... وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ.
 
“Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər... Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah dəlil nişanələrini başa vuracaq və hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.” (“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru