Hökumətin pul siyasəti iqtisadi fəallığı “öldürür”

Maide.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasını şərh edib. Onun statusunu təqdim edirik:
 
“Yanvarın ayında təkcə Mərkəzi Bankın ehtiyatlarının 12% (600 milyon dollar) əriməyib. Həm də iqtisadiyyatın pul bazası 1 ayın içərisində 16% (1.1 milyard manat) azalaraq 5.8 milyard manata enib. Mexanizm aydındır – əvvəlki illərdə ölkəyə irimiqyaslı valyuta axınları dövründə təkcə dövlət büdcəsinə və Neft Fondunun büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar valyuta manata konvertasiya edilirdi. Mərkəzu Bank dolları ehtiyata yığıb uyğun həcmdə manat kütləsini büdcə icrasına yönəldirdi. İndi əks proses baş verir – öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar əvəzində aldığı manatı isə anbarına yığır.
 
Həmin manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür – amma iqtisadiyyat manat kütləsinin istehlaka deyil, yeni dəyərin yaraddılmasına (istehsala) yönəltməlidir. Həmin kütlənin əhəmiyyətli hissəsi birbaşa büdcə vasitəsilə maaş və sosial ödənişlərin artırılmasına yox, kredit formasında sahibkara gedib məhsul yaradıb həmin məhsulun dəyərinin bir hissəsi kimi əməyin dəyəri formasında, məvacibdən ödənən sosial ödəmə formasında maaş və pensiyaya çevrilməlidir.
 
Mərkəzi Bank isə bilir ki, Azərbaycan iqtisadiyyatın hazırkı strukturu pulun yeni dəyər yaratmasına imkan vermir. Bunun aşkar sübutu “pul multiplikatoru” deyilən göstəricidir. Bu göstəricinin mahiyyəti odur ki, dövriyyəyə buraxılan hər bir milli valyuta vahidi banklar vasitəsilə əlavə neçə vahid pul yarada bilir. Məsələn, hazırda Azərbaycanda Mərkəzi Bankın emissiya elədiyi hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır. Yüksək inkişaf etmiş ölkələrdə 1 dollar ən azı 6-7 dollar, bəzi keçid ölkələrində isə ən azı 3-4 dollar yaradır.
 
Məlumat üçün deyim ki, pul bazasının ən yüksək həddi 2014-cü ilin yayında olub – 11.7 milyard manat. Hazırkı səviyyə isə həmin həddən təxminən 2 dəfə azdır.
 
Bir müqayisəyə diqqət yetirin – 2014-cü ilin yayında dövriyyədə olan bütün manat kütləsini dollara çevirmək lazım gəlsə idi, bu 15 milyard dollar edərdi. Hazırkı manat kütləsi ilə isə maksimum 3.5 milyard dollar edir. Ona görə də iqtisadiyyatın bu şəkildə pulsuzlaşdıran Mərkəzi Bankın bir hədəfi məhz elə budur – valyuta bazarında dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının tükənmə tempi də o qədər aşağı düşür.
 
Amma əgər 1 ayda iqtisadiyyatın pul bazası 16 % məhdudlaşırsa, bu iqtisadi fəallığın tamamilə aradan qalxdığını sübut edir.
Manat kütləsinin görünməmiş dərəcədə məhdudlaşdırılması hökumətin iqtisadiyyatı stimullaşdırmaq üçün imkanlarının görünməmiş dərəcədə məhdud olmasının sübutudur.
 
Yeri gəlmişkən, inidiki şəraitdə manat kütləsinin məhdudlaşıdırılması bəlkə də ən doğru yoldur. Onsuz da hökumət genişmiqyaslı kreditləşmə proqramına start versə, həmni pullar yenə də rəqabətli mühitdə fəaliyyət göstərən müstəqil sahibkaralara deyil, siyasi maraqları təmsil edən monopol iqtisadi qrupların əlinə keçəcək.
 
Başqa bir müqayisə. Regionun digər 2 resurs ölkəsi iqtisadiyyatın “pulsuzlaşdırılması” siyasətindən əl atmayıblar. Məsələn, Rusiyada 2014-cü ilin yayında nağd pul kütləsi 7.8 trilyon rubl olub, hazırda isə 8.5 trilyon rubl təşkil edir.
 
Yaxud Qazaxıstanda 2014-cü ilin yayında nağd pul kütləsi 1.7 trilyon təngə olub, hazırda isə 1.5 trilyon təngə edir -yəni azalma çox kiçikdi. Ən maraqlısı odur ki, 2014-cü ilin payızından inidyədək Qazaxıstanın Mərkəzi Bankının və Neft Fondunun ehtiyatları cəmi 11% və ya 11 milyard dollar azalaraq 103 milyard dollardan 92 milyard dollara enib. Amma bu müddətdə Azərbaycanın məcmu ehtiyatları 16 milyard dollar və ya 30%-dək azalaraq təxminən 37 milyard dollar ətrafında qəraraşıb.
 
Ən sadə səbəb odur ki, hər 2 resurs ölkəsində Azərbaycanla müqayisədə “puldan pul yaradan” sahibkarlıq mühiti daha rəqabətli və alverişlidir”.

Google+ WhatsApp ok.ru