Çin karantin tədbirlərini gücləndirir

Çin karantin tədbirlərini gücləndirir

Filippində virusdan ilk ölüm halı aşkarlanıb

Çin hakimiyyəti yeni koronavirusa yoluxanların müalicəsi üçün min çarpayılıq xəstəxananın tikintisinin tamamlandığını bildirir. Artıq bu virus 362 nəfərin həyatına son qoyub, Çində və digər ölkələrdə yoluxanların sayı 17 min 300-ü keçib. Son rəqəmlər yanvarın 3-də açıqlanıb.
 
Hubey vilayətinin Milli Səhiyyə Komissiyası daha 57 nəfərin dünyasını dəyişdiyini açıqlayandan sonra Çində virusdan ölənlərin sayı 361-ə çatıb.
 
Hubeyin paytaxtı Vuhanda xüsusi xəstəxana 10 günə tikilib. “AP” 1500 çarpayılıq ikinci xəstəxananın tikilməkdə olduğunu xəbər verir.
 
Fevralın 2-də bu vilayətdə 11 min 177 yoluxma halının aşkarlandığı bildirilib.
 
Ümumilikdə isə Çində 17 min 205 nəfər virusa yoluxub, 24 ölkə virusu aşkarladığını təsdiqləyib.
 
Hubey faktiki qapadılıb, yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb.
 
Fevralın 3-də Venjou şərqi liman şəhəri də karantin tədbirləri tətbiq edib.
 
Vuhanın 700 kilometrliyində yerləşən bu şəhərdə 9 milyon nəfər yaşayır.
 
Fevralın 2-də Filippində virusdan ilk ölüm halının baş verdiyi açıqlanıb. Bu, Çindən kənarda ilk ölümdür. 44 yaşlı çinli Vuhandan gedib və görünür, adaya getməzdən öncə virusa yoluxub.
 
Rusiya, Britaniya və İsveçdə bu günlərdə yoluxma halları aşkarlanıb.
 
Birləşmiş Ştatlar, Avstraliya və digər ölkələr son iki həftə ərzində çinlilər, eləcə də Çinə gedib-gələnlərə qarşı müvəqqəti də olsa səyahət qadağaları tətbiq edib.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxma halları artacaq, çünki minlərlə şübhəli hal hələ müayinə olunmaqdadır.
 
Virusun Çin iqtisadiyyatına təsiri “böyük, amma qısamüddətli olacaq”, – “Oxford Economics”in təhlilçiləri fevralın 3-də bildirib.
 
Təhlilçilərin mövqeyinə görə, bu il dünyanın ikinci böyük iqtisadiyyatı 5,4 faiz artacaq, “öncəki proqnozlarda bu, 6 faiz göstərilirdi”.
 
Təsir daha çox bu ilin ilk üç ayında hiss olunacaq, artımı 2 faizdən çox azaldacaq. /azadliq.org
 

Google+ WhatsApp ok.ru