Kərbəla şəhidi – Səid ibn Abdullah Hənəfi

Kərbəla şəhidi – Səid ibn Abdullah Hənəfi

Səid ibn Abdullah Hənəfi şücaətli bir şəxs olmaqla yanaşı, Kufədə şiə böyüklərindən idi. Son qasid olaraq kufəlilərin məktubunu Məkkədə İmam Hüseynə (ə) təhvil verdi. İmam (ə) da Kufə əhalisinə cavab olaraq Müslim ibn Əqili göndərməmişdən qabaq onu özünün qasidi kimi Kufəyə göndərdi. O, Müslim Kufəyə gələnə qədər orada qaldı və onunla beyət etdi. Müslim ibn Əqil də Səid ibn Abdullahı yenidən bir məktubla İmam Hüseynin (ə) yanına göndərdi.

O, növbəti dəfə (Məkkədə İmamın (ə) hüzuruna getdi) və İmam (ə) ona vətəninə qayıtmaq icazəsi verdiyi zaman dedi: "Xeyr, Allaha and olsun, Allah Rəsulunun (ə) haqqını sizin barənizdə ödəyənə qədər sizdən ayrılmayacağam!" Sonra sözlərinə belə əlavə etdi:

وَاللهِ لَوْ أَعْلَمُ أَنِّی أُقتَلُ ثُمَّ أُحْیا ثُمَّ أُحْرَقُ ثُمَّ أُذْرى وَ یُفعَلُ بِی ذلِکَ سَبْعینَ مَرَّةً، ما فارَقْتُکَ حَتَّى أَلْقى حَمامِی دُونَکَ وَکَیْفَ أَفْعَلُ ذلِکَ وَ إنَّما هِیَ مَوْتَةٌ أَوْ قَتْلَةٌ واحِدَةٌ ثُمَّ هِیَ بَعْدُ الْکَرامَةُ الَّتی لاَ انْقَضاءَ لَها أَبَداً

"Allaha and olsun, əgər öldürüləcəyimi, sonra yenidən dirildiləcəyimi, məni yandırıb külə döndərəcəklərini və külümü göyə sovuracaqlarını, hətta bu işi yetmiş dəfə edəcəklərini bilsəm, yolunuzda can verənə qədər sizdən əl çəkməyəcəyəm. Ona görə ki, ölmək və ya öldürülmək yalnız bir kərədir, ondan sonra sonsuz kərəm vardır." ("Biharul-ənvar", c.45, səh.70 və "Məqtəlul-Huseyn", Müqərrəm, səh.88.(

Aşura günü İmam (ə) ox yağışı altında namaza dayandığı zaman, Səid ibn Abdullah bir neçə fədakar səhabə ilə İmamın (ə) önündə durdu və öz bədənlərini oxlara sipər edərək var gücləri ilə (üzləri, sinələri və çiyinləri ilə) oxların qarşısını aldılar. Səid bədəninə on üç ox dəydikdən sonra yerə yıxıldı və dedi:

أَللّهُمَّ الْعَنْهُمْ لَعْنَ عاد وَ ثَمُودَ، أَللّهُمَّ أَبْلِغْ نَبِیَّکَ عَنِّی السَّلامَ وَ اَبْلِغْهُ ما لَقیتُ مِنْ أَلَمِ الْجَراحِ فَإنِّی اَرَدْتُ ثَوابَکَ فِی نُصْرَةِ ذُرِّیَّةِ نَبِیِّکَ

"İlahi, bu camaatı Ad və Səmud qövmünü Öz rəhmətindən uzaq etdiyin kimi uzaq et! İlahi, salamımı Peyğəmbərinə (s) çatdır və mənə çatan ağrılardan onu xəbərdar et! Mənim Peyğəmbərinin (s) övladı yolunda bütün bu ağrı-acılara səbir etməkdə məqsədim sənin mükafatına nail olmaqdır."

Bu zaman gözlərini açdı və İmamın (ə) nurani simasına baxıb dedi:

"Öz vəzifəmə vəfa etdimmi, ey Rəsulullahın (s) övladı?"

İmam (ə) cavabında buyurdu:

نَعَمْ، أَنْتَ أَمامِی فِی الْجَنَّةِ

"Bəli, sən məndən öncə Cənnətə gedəcəksən."

Səid ibn Abdullah bu sözləri eşitdikdə sevincə qərq oldu və canını Yaradana tapşırdı. ("Əyanuş-şiə", c.1, səh.606; "Əbsarul-eyn", səh.126.) İmam Hüseynin (ə) tərəfdarlarının şəhadət məsələsi onların yalnız öz hədəfləri uğrunda can verməsindən ibarət deyil. Bundan daha əhəmiyyətlisi onların İmama (ə) qarşı yüksək mərifət əldə etməsi və o Həzrətin əmrlərinin qeyd-şərtsiz icrasına hazır olması və vilayətin mənasını düzgün şəkildə dərk etməsidir ki, hər sözlərində nəzərə çarpmaqdadır. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.751-753.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru