Kosta-Rika 1/4 finalda Hollandiyaya rəqib oldu

Braziliyada təşkil olunan dünya çempionatında daha iki komanda 1/4 finala yüksəlib

1/8 final mərhələsində Avropa və Şimali Amerika təmsilçiləri üz-üzə gəlib. Qrupda keçirdiyi bütün matçlarda qalib gələn Hollandiya Meksika ilə qarşılaşıb. Bu komandaların ilk yarıdakı duelində qapılar toxunulmaz qalıb. Fasilədən sonra oyuna  meksikalılar iddialı başlayıb. Bunun nəticəsi olaraq 48-ci dəqiqədə Covani Dos Santos “narıncılar”ı cəzalandırıb. Amma Migel Erreranın komandası qələbə hesabını qoruya bilməyib. Əsas vaxtın sonlarında Uesli Sneyder qüvvətli zərbə ilə tarazlığı bərpa edib. Matçda əlavə edilən 4-cü dəqiqədə Lui Van Qaalın komandası daha bir fərqlənmək imkanı əldə edib. Klaas Yan Hunteların penaltidən vurduğu qolla Hollandiyanın 2-1 hesablı qələbəsi rəsmiləşib. Bununla da əzmkar oyun göstərən “narıncılar” mərhələ adlayıb.

Hollandiya yığmasının 1/4 finalda rəqibi Kosta-Rika – Yunanıstan duelində müəyyənləşib. Bu komandaların mübarizəsində ilk yarıda qapılar toxunulmaz qalıb. Fasilədən sonra üstünlüyünü artıran Kosta-Rika istəyinə 52-ci dəqiqədə nail olub. Brayn Ruis komandasını önə keçirib. Amma Xorxe Luis Pintonun komandası qələbə hesabını qoruya bilməyib. 72-ci dəqiqədə kosta-rikalılar azlıqda qalıb. Duarte qırmızı vərəqə ilə cəzalandırılıb. Matça əlavə edilən birinci dəqiqədə Sokratis Papastatopulos yunanları məğlubiyyətdən xilas edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyidən əlavə vaxt oynanılıb. Bu vaxt ərzində də qol olmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penalti zərbələrini daha dəqiqə yerinə yetirən Kosta-Rika növbəti mərhələyə adlayıb.
1/4 finalda Kosta-Rika Hollandiya ilə qarşılaşacaq. Bu görüş iyulun 5-də, Bakı vaxtı ilə gecə saat 01:00-da keçiriləcək.

1/8 final

29 iyun

01:00. Kosta-Rika - Yunanıstan - 1:1 (Penaltilər seriyası - 5:3)
Qol: Ruis, 52 (1:0), Sokratis, 90+1 (1:1)
Qırmızı vərəqə: Duarte, 76 (Kosta-Rika)

Penaltilər seriyası:

Kosta-Rika: + + + + +

Yunanıstan: + + + -

21:00. Hollandiya - Meksika - 2:1 
Qollar: Dos Santos, 48 (0:1), Sneyder, 88 (1:1), Huntelar, 90+4-pen. (2:1)

Google+ WhatsApp ok.ru