Kredit məsələsində `Avropa yolu`...

Kredit məsələsində `Avropa yolu`...

"Novoye Vremya" qəzetində isə "Həbslərlə problemi həll etmək olmaz-bir daha vaxtı keçmiş kreditlər haqqında" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif xatırladır ki, ölkədə vaxtı keçmiş kreditlər problemi həllini tapmayıb və cari ilin sentyabrına bu kateqoriya kreditlər daha 23% artaraq 1milyard 824 milyon manat həcminə yetib ki, bu da bütün kredit portfelinin 15%-ə qədəri deməkdir.
 
Məqalə müəllifi 2017-ci ilin ötən 8 ayında bütün bank və qeyri-bank qurumlarının verdikləri kreditlərin 12 milyard 376 milyon manat və ya 24, 7% azalma olduğunu da yada salır.
 
Müəllif deyir ki, ölkənin hər dörd vətəndaşından biri banklara borcludur, yəni, problem sistemlidir, çünki aşağı-yuxarı ölkə əhalisinin yarısı bu problemlə üz-üzə qalıb: "Buna görə də problemin həllinə dövlət səviyyəsində yanaşılmalıdır, amma göründüyü kimi, aidiyyatı qurumlar bunu ya istəmir, ya da, sadəcə, bacarmırlar. Deputatlar ancaq danışır, Maliyyə Bazarlarına Nəzarət Palatası və kommersiya bankları pulların qaytarılmasını tələb edir, əhalinin bu duruma düşməsinə səbəb kimi olan iki devalvasiyanı görməzdən gəlirlər".
 
Müəllif deyir ki, reallıq budur ki, insanlar borclarını qaytara bilmirlər, səbəb isə kreditlərin götürüldükləri vaxtdan bu yana onların sosial durumunun pisləşməsidir və bu, əhalinin günahından baş verməyib.
 
Müəllif deyir ki, iki devalvasiyanın baş verdiyi 2015-ci ildən bu yana maliyyə məsələsilə bağlı əhalinin vəziyyəti gərginləşib, qarşı tərəf isə güzəştə getmək istəmir: "Bankirlər kollektorları, məhkəmə və hüquq-mühfizə orqanlarını bu işə cəlb edərək vətəndaşlardan güclə də olsa pulu alır. Amma ölkənin imicinə vurduqları ziyanı nəzərə almırlar".
 
Bank eksperti Əkrəm Həsənov deyir ki, artıq Avropa məhkəməsində bu məsələ ilə bağlı 3 şikayət üzrə kommunikasiya işləri başlayıb: "Bununla bağlı məhkəmə 2018-ci il yanvarın 18-nə kimi Azərbaycan hökumətinə vaxt verib, hökumət rəyini mənə göndərəcək və mən də rəy bildirəcəyəm və gələn il məhkəmə bu məsələ üzrə qərar qəbul edəcək. Qanunun aşkar pozulduğu ortada olduğu üçün şikayət qəbul ediləcək və hökumət kompensasiya ödəməli olacaq".
 
Ə.Həsənov deyir ki, indiyə kimi Avropa məhkəməsində belə məsələ müzakirə olunmayıb, təəssüf ki, bunda da Azərbaycan ilkdir.
 
Ekspert hesab edir ki, buna görə əhaliyə təzyiq edən hakimlər, icra məmurları, bank təmsilçiləri günahkardırlar: "Ümid edirəm ki, bundan sonra həbslərə son qoyulacaq" .
 
Müəllif deyir ki, həbslər çıxış yolu deyil və problemi bu yolla həll etmək olmaz. Amma bunu Palata, kommersiya bankları, Mərkəzi Bank nə zaman başa düşəcək, bu, məlum deyil.(contact.az)

 

Google+ WhatsApp ok.ru