«Ölkədə ikiqat devalvasiya gözlənilir»

Avqustun 24-də «Azadlıq»ın baş məqaləsi belə adlanır.
 
«Ərzaq məhsulları bahalaşandan sonra ölkədə dollar qıtlığı yaranıb. Buna səbəb hökumətin növbəti dəfə devalvasiyaya gedəcəyindən ehtiyat edən əhalinin sürətlə dollar toplamağa başlamasıdır. Doğrudur, Mərkəzi Bank yayılan məlumatları əsassız adlandırır. Bankın iddiasına görə, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur», - qəzet yazır.
 
Daha sonra «Azadlıq» reallığın Mərkəzi Bankın iddialarını alt-üst etdiyini vurğulayır, banklarda dollar satışına məhdudiyyət qoyulduğunu bildirir. Qəzet yazır ki, Mərkəzi Bankın açıqlamalarına baxmayaraq, devalvasiya zərurətə çevrilib. «Məsələn, iqtisad elmləri doktoru Qubad İbadoğlu «Facebook» səhifəsində yazıb ki, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər. Ekspert hesab edir ki, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyunktura inzibati qaydada tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövrlərdə daim təzyiqlər altında saxlayacaq. «Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, islahatlar aparılmayacaqsa, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər», - Qubad İbadoğlu qeyd edib»./
 

Google+ WhatsApp ok.ru