Ölkəmizdə bu sahələr üzrə pasport məcburi oldu  - YENİLƏNİB4

Ölkəmizdə bu sahələr üzrə pasport məcburi oldu - YENİLƏNİB4

17:24
 
Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq
 
 Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.
 
Dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
 
Bu qərar bərbərxana və gözəllik salonlarına aid deyil. Yəni, bu obyektlərə daxil olan müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.
 
Qeyd edək ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
 
Qərar əsasən isə bərbərxana və gözəllik salonlarında çalışan şəxslərin 1 sentyabrdan azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur
 
16:53
 
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb.
 
Maide.Az xəbər verir ki, siyahı aşağıdakı kimidir:
 
 
Kommunal sahə üzrə:
 
- elektrik enerjisi, qaz, istilik ilə təchizat;
 
- su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
 
- tullantıların yığılması, emalı və məhv edilməsi.
 
Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
 
- dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
 
- liman xidmətləri;
 
- logistika xidmətləri;
 
- telekommunikasiya və rabitə xidmətləri;
 
- poçt və kuryer fəaliyyəti.
 
 
Sosial sahə üzrə:
 
- sosial xidmətlərin göstərilməsi;
 
- əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
 
Ticarət və ictimai iaşə sahəsi üzrə:
 
- topdan və pərakəndə ticarət;
 
- ictimai iaşə;
 
- yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
 
Turizm sahəsi üzrə:
 
- mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;
 
- səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.
 
Maliyyə xidmətləri üzrə:
 
- maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).
 
Digər sahələr üzrə:
 
- poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
 
- bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
 
- kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
 
- avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
 
- kirayə və lizinq fəaliyyəti;
 
- daşınmaz əmlakın alınması və satılması xidmətləri;
 
- memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
 
- reklam fəaliyyəti və bazarın öyrənilməsi;
 
- işə düzəltmə agentliklərinin fəaliyyəti;
 
- tədris və repetitor xidmətləri;
 
- tərcümə üzrə xidmətlər;
 
- dizayn fəaliyyəti;
 
- fotoqrafiya sahəsində fəaliyyət;
 
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
 
- istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
 
- dezinfeksiya xidmətləri;
 
- toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
 
- dərzi xidmətləri;
 
- bərbərxana və gözəllik salonları;
 
- baytarlıq fəaliyyəti;
 
- heyvan sığınacaqları.
 
 
***
 
15:36 
 
 
​​​​​Azərbaycanda ölkə üzrə bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq.
 
Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.
 
Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər bərbərxana və gözəllik salonlarına daxil olan zaman yalnız tam peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.
 
 
15:22
 
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
 
Maide.Az xəbər verir ki, dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
 
- ictimai iaşə müəssisələrində;
 
- mehmanxanalarda;
 
- iri ticarət mərkəzlərində.
 
***
 
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
 
Eyni zamanda, mülkiyyət formasından asılı olmayaraq 1 sentyabr tarixindən etibarən bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

 

Google+ WhatsApp ok.ru