Lukaşenkonu Belarus prezidenti kimi tanımayan ölkələrin ilkin siyahısı yayılıb

Lukaşenkonu Belarus prezidenti kimi tanımayan ölkələrin ilkin siyahısı yayılıb

Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımayan ölkələrin ilkin siyahısı yayılıb.
 
Sentyabrın 24-dək ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Danimarka, Almaniya, Çexiya, Slovakiya, Polşa, Ukrayna, Estoniya, Latviya və Litvadan Aleksandr Lukaşenkonun qeyri-legitim sayıldığı barədə rəsmi açıqlamalar gəlib. Açıqlamalarda Belarusda avtoritar rejimin hökm sürdüyü, sonuncu prezident seçkisinin bəyan olunan nəticələrinin xalqın iradəsini əks etdirmədiyi vurğulanıb.
 
27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.) birləşdirən Avropa İttifaqı adından da Aleksandr Lukaşenkonun legitim dövlət başçısı kimi tanınmadığı barədə bəyanat verilib.
 
Avqustun 9-u Belarusda prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. Buna baxmayaraq Aleksandr Lukaşenko sentyabrın 23-də rəsmən dövlət başçısı and içib.
 
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb. /Novator.az/ 
 

Google+ WhatsApp ok.ru