Məktəbə verdiyiniz şəxsi məlumatdan bankdan kredit alarkən istifadə edə bilərlər

Məktəbə verdiyiniz şəxsi məlumatdan bankdan kredit alarkən istifadə edə bilərlər

Bakıdakı 20 nömrəli məktəbdə sentyabrdan bu yana bir neçə dəfə valideynlərin şəxsiyyət vəsiqəsinin surətini alıblar. Sonra bununla kifayətlənməyib, onların qeydiyyat ünvanını, faktiki ünvanını, poçt indeksini, iş yerləri və ailə üzvləri barədə ətraflı məlumat istəyiblər. Valideynlər bu barədə məlumatları da məktəb rəhbərliyinə təqdim edib. İndi iki həftəyə yaxındır ki, məktəb rəhbərliyi şagirdlərin valideynlərinin, bacı və qardaşlarının şəxsiyyət vəsiqələrinin seriyasını, FIN-kodunu israrla və izahat vermədən istəyirlər.
 
Maide.Az bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a övladları 20 nömrəli məktəbdə təhsil alan valideynlər deyiblər. Onların sözlərinə görə, məktəb rəhbərliyindən bu sənədləri niyə istədikləri soruşulduqda, rəhbərlik deyib ki, "bu nə düşüncə tərzidir, bəyəm siz uşağınızın hansı məktəbdə oxuduğunu bilmirsiniz?"
 
İndi valideynləri uşaqlarının necə bir məktəbdə oxuduğu, bu məktəbin ölkənin Təhsil Nazirliyinə, yoxsa xüsusi xidmət orqanlarına tabe olub-olmadığı sualı maraqlandırır. Məktəbin dərs hissə müdiri valideynlərə deyib ki, həmin şəxsi informasiyalar Təhsil Nazirliyinin yaratdığı Ümümi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) üçün lazımdır.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə jurnalistlərə mövzu ilə bağlı konkret orta məktəblə əlaqə saxlamağı məsləhət bilib.
 
Lakin hələ də valideynlərə məktəb rəhbərliyinin onların şəxsi məlumatlarını niyə toplamasının səbəbi tam aydın deyil. Onlar nəticədə şəxsi məlumatlarından, eləcə də pasport göstəricilərindən yaxşı niyyət üçün istifadə edilməyəcəyindən narahatdırlar.
 
Sputnik Azərbaycan-ın sorğusu əsasında Bakı şəhər Təhsil İdarəsi 20 saylı məktəbin direktoru Səadət Veysova ilə əlaqə yaradıb. İdarə valideynlərin dediklərinin bir hissəsini təsdiqləyib.
 
"20 nömrəli məktəb-liseydən verilən məlumata görə, şagirdlərin valideynləri ilə bağlı zəruri informasiyalar məlumat bazasının yaradılması üçün lazımdır. Bu bazanın yaradılması zəruri hallarda istifadə etmək, bəzi məsələlərlə bağlı sorğulara operativ cavab vermək üçün nəzərdə tutulub" - deyə təhsil idarəsindən bildiriblər.
 
Bundan əlavə, cavabda şagirdlərdən valideynlərinin iş yeri, şəxsiyyət vəsiqəsinin surəti və faktiki ünvanı kimi məlumatların tələb olunduğu da bildirilir.
 
Əlavə edək ki, bu cür məlumat bazası təkcə 20 nömrəli məktəb-liseydə deyil, digər ümumtəhsil müəssisələrində də toplanılır. Bunu digər məktəblərin direktorları da etiraf ediblər. Onlar məlumat bazasını Təhsil Nazirliyinin xüsusi göstərişi əsasında yaratdıqlarını qeyd ediblər. Maraqlıdır ki, onlar müxtəlif arqumentlər gətirsələr də, həqiqətdə bu məlumatların nə üçün lazım olduğunu özləri də bilmirlər.
 
Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında məktəblərin sözügedən məlumatları tələb etməsinin hüquqi tərəflərini izah edib. O, hansı hallaqda insanların şəxsi məlumatlarını başqalarına verməli olduğuna aydınlıq gətirib.
 
O deyib ki, "Fərdi məlumatlar haqqında" AR qanununa görə, fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə əldə olunma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.
 
Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
 
Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur. Lakin konfidensial məlumatların toplanması, onlardan istifadə ilə bağlı vətəndaşın yazılı razılığı olmalıdır.
 
Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda çox az adamın bu qanundan xəbəri var. Vətəndaşlar bank və sığorta şirkətlərinə özləri və yaxınları barədə bütün məlumatları verirlər. Lakin heç vaxt bu informasiyalardan istifadəyə razılığı yazılı şəkildə vermirlər. Banklar da öz növbələrində müştərilərinin məlumat bazasını toplayır.
 
"Buna görə də Azərbaycanda bu qanunun tələblərinin pozulması adi haldır. Çoxları bu qanunu pozurlar. Təhsil müəssisələrinə gəlincə, qanundan mənə valideynlər, bacı və qardaşlarla bağlı informasiyaların təhsil müəssisəsinə verilməsi ilə bağlı öhdəliyin olduğu məlum deyil. Əgər belə bir məcburiyyət olsa belə, bu, valideynlərlə bağlı ola bilər, yaxın qohumlarla bağlı deyil" - deyə Həsənov bildirib.
 
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov da öz növbəsində deyib ki, vətəndaşların şəxsi məlumatları daxili işlər orqanlarının məlumat bazasında saxlanılır. Məktəblərə gəlincə, təəssüf ki, onların çoxunun direktoru Ümumtəhsil Müəssisələrinin Nümunəvi Nizamnaməsi ilə tanış deyil. Bu sənədə əsasən məktəblərdə yalnız şagirdlərlə bağlı məlumatlar toplanır. Bu məlumatlara isə onların akademik göstəriciləri, xasiyyətnaməsi, tibbi arayışı və psixoloji vəziyyəti daxildir.
 
"Valideynlərlə, daşınmaz əmlakla və digərləri ilə bağlı məlumatlar məktəbdə təhsilin predmeti ola bilməz. Daşınmaz əmlakla bağlı məlumatlar dövlətin məlumat bazasında var. DİN-in bazasında avtomobillərlə bağlı məlumat var. Hətta vətəndaşın qaz və işıq borcları barədə məlumatlar belə dövlət qurumlarının müvafiq bazalarında var. Bütün bunlar elektron formada mövcuddur. Əgər hansısa dövlət orqanına informasiya lazım olsa, elektron hökumətə və ASAN xidmətə müraciət edərək ala bilər" - deyə Əsədov bildirib.
 
Onun fikrincə, əks təqdirdə o da istisna deyil ki, valideynlərin məlumatlarını toplayan bəzi vicdansız adamlar onlardan banklardan kredit almaq və valideynləri də zamin kimi cəlb etmək üçün istifadə edə bilərlər. /sputnik.az/

Google+ WhatsApp ok.ru