Məgər bu mehriban Allah seviləsi deyil?

Məgər bu mehriban Allah seviləsi deyil?

İlahi məhəbbət əldə etməyin ən sadə yollarından biri Allah-Taalanın Həzrət Musaya (ə) öyrətdiyi yoldur. (Həzrət Musa (ə) Allah ilə ən çox söhbət edən peyğəmbər olub. Bu münasibətlə o həzrət “kəlimullah” adlandırılmışdır.) Allah-Taala buyurur: “Ey Musa, Məni bəndələrimin yanında sevimli et. Elə bir iş gör ki, Məni sevsinlər.” (“Müstədrəkül-vəsail”, c.12, səh.240.)

Həzrət Musa (ə) ərz etdi: “Bu işi necə edə bilərəm?” Allah-Taala buyurdu: “Nemətlərimi onlara xatırlat.”

Allah insan övladının ruhunda elə bir xüsusiyyət yaradıb ki, əgər bir kəs ona heç nə ummadan xidmət göstərsə, bu şəxsə qarşı qəlbində məhəbbət yaranacaqdır.

Əlbəttə, bu ixtiyari yox, təbii bir haldır. İnsanlarda bu istedad müxtəlifdir. Onların şükür etmək və qədir bilmək dərəcələri fərqlidir. Lakin hansısa bir şəxsin onu heç cürə sevməməsi mümkün deyil. İnsan məhəbbətinə səbəb olan xidmətlərdən dəfələrlə yüksəyini Allah insana əta etmişdir. Bundan əlavə, bəzi şəxsləri tərbiyələndirmiş, bu şəxsləri özünə xidmət üçün xeyir vasitəsi etmişdir. Məsələn, ana məhəbbəti ən təmiz məhəbbətlərdəndir. Bu məhəbbət fitri, umacaqsız və bütün dünyada nümunəvi bir məhəbbətdir. Körpəsinə fədakarlıq edən ana Allah tərəfindən əta olunmuş elə bir məhəbbətə sahibdir ki, əgər körpəsinə nəvaziş göstərib ona süd verə bilməsə narahat olacaq. Ana məhəbbəti və insanlar tərəfindən göstərilən başqa xidmətlər çox dəyərli olsa da, hərtərəfli, geniş ilahi nemətlərlə müqayisəyə gəlməz. Şüurlu və şüursuz mövcudlar, yer, səma, bulud, yağış, günəş, dəniz, dağ və sair bütün nemətlər hamısı ilahi nemətlərdir. Bu nemətlər insan tərəfindən ediləcək xidmətlərdən çox böyük və genişdir. Biz ana məhəbbətini görür, lakin ilahi məhəbbətə nəzər salmırıq. Buna görə də Allahın bizi nə qədər sevdiyini anlamırıq. Əgər göz açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk edərsə, anlayacaq ki, bütün dünya məhəbbətləri və anaların məhəbbəti bir yerə yığışsa, ilahi məhəbbət qarşısında okean qarşısındakı damlaya bənzəyəcək. Bəlkə, daha da kiçik görünəcək! Bu mənanı anlamaq üçün adi şüurlardan üstün şüur lazımdır.

Bədənin kiçik bir üzvünə, gözə diqqət edin. İnsan gözündə müxtəlif orqanlar var. Onlardan hansı biri öz fəaliyyətini dayandırsa, göz görmə qabiliyyətini itirəcək. İnsan görmə qabiliyyətini yenidən əldə etmək üçün yüksək məbləğ ödəməyə hazırdır. Lakin biz bu nemətin qədrini bilmirik. Gözlə müqayisədə insan bədəninin digər üzvlərinin dəyəri məlum olur.

Düşüncə və ağıl vasitələri daha üstün nemətlərdəndir. Bədən üzvlərinin gözəl və sağlam olmasına baxmayaraq, ağlı naqis insanın bədən üzvləri dəyərsizdir.

Yoxsa bütün bunları Allah insana satmışdır?! Göz, qulaq, əl, ayaq, barmaqlar, qəlb, ağciyər, qaraciyər və insan həyatında böyük rol oynayan bütün üzvlər bizə əvəzsiz verilmişdir.

Böyrəyini, ürəyini və ya bədən üzvlərindən hansısa birini ehtiyaclı şəxsə hədiyyə edən insana nə qədər məhəbbət göstərilir, təşəkkür edilir. Xəstə və onun yaxınları bədən üzvünü hədiyyə edən şəxsi sevəcəklər. İndi isə bütün bu nemətləri bizə müftə verən Allah qarşısında nə qədər minnətdar olduğumuzu düşünək.

Günahlardan uzaqlaşma səbəbi olan ilahi məhəbbət əldə etməyin ən sadə yolu nemətlər barədə düşünməkdir. Cismani nemətlərdən əlavə, əql, peyğəmbərlər, hidayətimiz üçün göndərilmiş səmavi kitablar, cəmiyyətdəki mövqeyimiz, Allah tərəfindən eyiblərimizin açılmaması və sair nemətlər hər biri Allahın dəyərli nemətləridir. Məgər bu mehriban Allah seviləsi deyil? (“Münacatın əzəməti”, Ayətullah Misbah Yəzdi, səh.7-74.)

Maide.az

Google+ WhatsApp ok.ru