Maddi və mənəvi nemətlərə nankorluğun acısı

Maddi və mənəvi nemətlərə nankorluğun acısı

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin “Nəhl” surəsinin 112-113-cü ayələrində buyurur:

وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْیةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً یأْتِیهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا یصْنَعُونَ

“Allah (düşməndən və pis hadisələrdən) amanda və xatircəm olub, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkir. Belə ki, onlar Allahın nemətlərinə nankorluq etdilər və Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libasını geyindirdi.”

وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ

“Həqiqətən, onlara özlərindən (öz şəhər və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə, ilahi əzab onları zalım olduqları halda yaxaladı.”

Birinci ayədə dörd xüsusiyyətə malik bir məntəqədən söz açılır:

1. {آمِنَةً} – O yerə əmin-amanlıq və təhlükəsizlik hakimdir;

2. {مُطْمَئِنَّةً} – O yerin sakinləri xatircəm və arxayındırlar;

3. {یأْتِیهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ} – O yerə hər tərəfdən bol-bol ruzi gəlir. Məsələn, qonşu məntəqələrin sakinləri alış-veriş üçün, həmin məntəqəyə gəlir və özləri ilə çoxlu məhsul və ərzaq gətirirlər.

4. {وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِنْهُمْ} – Onlara bu üç maddi nemətlə yanaşı, mənəvi nemət sayılan öz qəbilələrindən bir peyğəmbər göndərilir.

Sözügedən məntəqənin sakinləri maddi nemətlərin şükrünü yerinə yetirmədikləri kimi, mənəvi neməti də təkzib edirlər. Qurani-Kərimdə bir çox nankor qövmlərin başına gələn bəlalardan söz açılır. Odur ki, həmin məntəqədən də maddi nemətlər geri alındı, kiçik həşəratlar onlara hakim kəsilərək onların ağac və bitkilərini yedi və onlar üçün bir şey qoymadı.

Bu hadisə bu günün özündə də bir növ xəbərdarlıqdır: dünyanın hər tərəfində bir tikə çörəyə möhtac olanlar və ac-susuzlar olduqları halda, bəzən, həmin yerlərdə dövlətlər tərəfindən Allahın nemətləri yandırılır və yaxud dənizə tullanılır.

O zaman, Allah-Taala belələrini iki bəlaya düçar etdi:

1. aclıq;

2. qorxu.

Bu iki cəza onların həyatını bir-birinə vurdu, sanki aclıq və qorxu libası onları bürüdü:

...فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا یصْنَعُونَ

“Allah etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libasını geyindirdi.”

İkinci ayədə isə onların mənəvi nemətə qarşı nankorluğundan söz açılır:

وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِنْهُمْ فَكَذَّبُوهُ...

“Həqiqətən, onlara özlərindən (öz şəhər və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər.”

Bəli, nankorluğun elə bu dünyada cəzası var və nemətlərin puça çıxmasının səbəbidir. Sözügedən ayəyə əsasən, nankorluğun yoxsulluq və aclıq kimi fiziki, qorxu və nizamsızlıq kimi ruhi əzabları vardır.  (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 30-cu məsəl, səh.110-111.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru