İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, boya-başa çatdığı və təlim-tərbiyə aldığı yer Peyğəmbərin (s) evi və həzrət Xədicənin qucağı.

İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdi. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istədi və həzrət Əlini (ə) götürdü. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirdi; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi idi. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilmədi.

İMAM ƏLİNİN (Ə) İMANI

Ən mötəbər hədis və tarix mənbələrində göstərildiyi kimi, Peyğəmbərə (s) iman gətirən ilk şəxs imam Əmirəlmöminin Əlidir (ə). Sonralar siyasət pəncəsi bu haqda bəzi şübhələr yaratmaq istəsə də, – qədim və yeni – hədis və tarix kitablarında bu məsələ açıq-aşkar qeyd edilmiş və heç bir şübhəyə yol verilməmişdir.

Bəziləri bunu qəbul etsələr də, imam Əlinin (ə) o zaman uşaq olduğu bəhanəsini irəli sürərək məsələni əhəmiyyətsiz göstərməyə çalışmışlar. Amma o həzrətin hələ uşaq ikən geniş təfəkkür sahibi olduğunu bildirən dəlillər kifayət qədərdir və hətta o həzrətin yaşı da bu məsələni açıq-aşkar sübut edir.

Məhəmməd ibn Abdullah İskafinin “Əl-meyaru vəl-muvazinə” adlı dəyərli kitabında qələmə aldığı bu məsələni qısa şəkildə diqqətinizə çatdırırıq: “Peyğəmbərin (s) Əlini (ə) İslama necə dəvət etdiyinə nəzər saldıqda, o zaman onun şüurlu və yetkinlik cağında və Peyğəmbərin (s) nəzərində İslamı qəbul etməsinin ona vacib olduğunu yaxşıca dərk edə bilərik. Çünki o həzrət uşaq olsaydı, ona bir hökm vacib olmazdı. Xüsusən, o zaman İslamın əvvəlləri idi. Hələ camaatın öz uşaqlarına İslamı qəbul etdirməsi üçün təlim verməsini tələb edən islami bir cəmiyyət qurulmamışdı. Peyğəmbər (s) həmin dövrdə İslamı elmi agahlıq və anlayışla qəbul edəcək kəslərə ehtiyac duyurdu.”

Sonra əlavə edərək yazır: “Əgər bir şəxs “İslamda oğlan uşağı on beş yaşında yetkinlik həddinə (həddi-büluğ) çatdığı halda, o, necə yetkinlik yaşına çatmışdı?!” – deyə soruşsa, belə cavab verə bilərik: “İslamda həddi-büluğun ən son çağı on beş yaşdır. Hətta bu yaşda ağıldan kəm olanlar da, yetkinliyə çatırlar. Şübhəsiz, bu yaş dövrünün ilkin və orta mərhələsi də vardır. Belə isə, on beş yaşından əvvəl də kiminsə yetkinlik həddinə çatması qəbul edilə bilər. O həzrət İslamı qəbul etdiyi zaman on üç yaşında idi və bu dövr yetkinlik çağının ilkin mərhələsi sayılır.”

İMAM ƏLİNİN (Ə) ELMİ MƏQAMI

Çox eşitmişik ki, Qurani-Kərim və Peyğəmbərin (s) kəlamlarından sonra, imam Əmirəlmöminin Əlinin (ə) kəlamları kimi söz tapmaq olmaz. O həzrətin kəlamlarının bir qismini təşkil edən “Nəhcül-bəlağə”yə müraciət etdikdə, bunu daha yaxşı dərk etmək olar.

İmamın (ə) tövhid və allahşünaslıq, dinşünaslıq, ictimai və siyasi məsələlər, xüsusən, əxlaq elmi ilə bağlı kəlamlarının hər biri doğrudan da bənzərsiz və misilsizdir. Onlardan dini əqidələrin təməlini qurmaq, islami siyasət xəttini sərgiləmək və əxlaqi normaları tənzimləməkdə əsaslı bir qanun kimi bəhrələnmək olar.

Bu məsələ İmamın (ə) həyatında Peyğəmbərin (s) səhabələri tərəfindən müxtəlif şəkillərdə təsdiq edilmişdir. Məsələn, Kitab və sünnəni hamıdan yaxşı bilən Əlidir (ə).”

İmam Əli (ə) özü buyurur: Biz Əhli-beyt Allahın və Rəsulunun (s) kəlamlarını hamıdan yaxşı bilirik.”

Həmçinin buyurur: And olsun Allaha, nazil olan hər bir ayənin kimin haqqında və harada nazil olduğunu bilirəm.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 121.)

Başqa bir hədisdə öz haqqında belə buyurur: “Fatihə surəsinin təfsiri ilə əlaqədar yetmiş dəvə yükü qədər mətləb yazmaq istəsəm qurtarmaz.” (“Təratibul-idariyyə”, Kətani, c. 3, s. 183.)

Qədimdən alimlər arasında bu söz məşhurdur: Məni itirməmişdən qabaq suallarınızı soruşun!” – sözünü deməyə Əlidən (ə) başqa, heç kim cürət edə bilməmişdir.” (“Bəyanul-elm”, c. 1, s. 137)

Bunlara əlavə olaraq deyə bilərik ki, ən mühüm ədəbi ixtisaslardan sayılan “nəhv” (ərəb dilinin sintaksisi) elminin təsisçisi də imam Əlidir (ə). Sonralar bu elmin sayəsində Quran oxunuşu (qiraət) təhriflərdən qorundu.

Bu ifadələr imam Əlinin (ə) elmi ilə əlaqədar etiraflarının az bir hissəsindən ibarətdir. Müddəamızın sübutu ilə bağlı bu etiraflar olmasaydı da, əhli-sünnə və şiə vasitəsilə “mütəvatir” şəkildə nəql edilən yalnız Rəsulullahın (s) bu kəlamı kifayətdir: Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”

İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) YANINDA

Əgər Peyğəmbəri-Əkrəmin (s) sonralar özü ilə Əli (ə) arasındakı yaratdığı qardaşlıq rabitəsini olduğu kimi şərh vermək istəsək, onların qardaşlığını eynilə iki qardaşın həyatın bütün mərhələsində davamlı şəkildə birgə olmasının bir nümunəsi olaraq qəbul etməliyik.

İmam (ə) bu münasibəti bir çox cümlələr və gözəl təşbehlər qəlibində ifadə edərək onun təsirləri kimi Peyğəmbəri-Əkrəmin (s) elm və əməlinin Əliyə (ə) verilməsini və Peyğəmbəri-Əkrəmdə(s) olan mənəvi istedadların o həzrətdə təcəlli etməsini belə izah edir: “Mən anasının ardınca düşən dəvə balası kimi Peyğəmbərin (ə) dalınca düşürdüm.” (“Nəhcül-bəlağə”, xütbə: 190.)

Bu yaxın rabitə Peyğəmbəri-Əkrəmin (s) ucsuz-bucaqsız elm dəryasından o həzrətin kifayət qədər faydalanması üçün bir fürsət idi. O həzrət bu haqda belə buyurur: “Qarşıma çıxan hər məchul məsələni Peyğəmbərdən soruşub cavabını əzbərlədim.” (“Nəhcül-bəlağə”, xütbə: 208.)

Təbii ki, əgər Peyğəmbər (s) elmin şəhəridirsə, Əli (ə) də onun qapısı olmalıdır. Çünki Əli (ə) bu elm dəryası ilə daim və birbaşa əlaqəsi olan yeganə şəxs idi. Peyğəmbər (s) bu rabitəni daha da genişləndirmək üçün onu özünə qardaş seçib buyurdu: “Əli məndəndir.” Cəbrail də dedi: “Mən də hər ikinizdənəm!” Bu sıx əlaqəni görən insanlar özləri ilə Peyğəmbər (s) arasında Əlini (ə) vasitə seçib öz suallarını onun yardımı ilə Peyğəmbərdən (s) soruşurdular.

Əbu Səid Xudri bu rabitənin vəsfində yazır: “Əli (ə) Peyğəmbərlə (s) görüşmək üçün xüsusi vaxt ayırmışdı və ondan başqa, heç kim bu mövqeyə sahib deyildi.” (“Əl-müsənnəf”, Əbdürrəzzaq, c. 10, s. 141.)

Peyğəmbəri-Əkrəm (s) risalətini təbliğ etməyə məşğul olduğu müddətdə imam Əli (ə) o həzrətə fədakar köməkçi oldu. Peyğəmbərə (s) aşkar şəkildə təbliğ etməsini bildirən “inzar” (xəbərdarlıq) ayəsi nazil olduqda və o həzrət də yaxınlarını İslama dəvət etmək istədikdə, Əli (ə) Peyğəmbərin (s) sağ qolu olaraq bu yığıncağı təşkil etdi və özü də o birliyin içində olaraq öz vəfadarlığını bir daha sübuta yetirdi.

Peyğəmbər (s) Qüreyş tayfası ilə rabitəsini kəsdiyi zaman iqtisadi mühasirəyə düşdükdə və “Əbu Talib” dərəsi adlı yerə sığındıqda, Peyğəmbər (s) və yanındakılara yemək tapmaq üçün ağır zəhmətlərə qatlaşıb çətin yolları qət edən kəslərdən biri də Əli (ə) idi.

Peyğəmbər (s) ilahi tapşırıqları çatdırmaq üçün Taif və Məkkənin digər məntəqələrinə getdikdə, o həzrətin tək qalmaması və qarşıya çıxa biləcək çətinliklərdə yardımçı olması üçün ona yoldaşlıq edən də Əli (ə) idi.

Əlinin (ə) Peyğəmbərə (s) o qədər məhəbbəti var idi ki, o həzrəti (s) təhlükədən qurtarmaq üçün özünü təhlükəyə atmağı cani-dildən qəbul etdi. Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman camaat arasında o həzrətə (s) ən yaxın kəs Əli (ə) olduğundan, əmanətləri sahiblərinə qaytarmaq vəzifəsini öhdəsinə götürməklə bərabər, müşriklərin hədə-qorxusuna məruz qalan Peyğəmbər (s) ailəsini də bir neçə gündən sonra Mədinəyə apardı. Peyğəmbər (s) isə qardaşı Əli (ə) ilə birlikdə Mədinəyə daxil olmaq üçün onlar gələnə qədər Yəsribin yaxınlığında gözləməli oldu.

Həmin rabitə və bağlılıq Əlinin (ə) Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhra (ə) ilə evlənməsindən sonra daha da möhkəmləndi. Bu mübarək evliliyin səmərəsi də, Peyğəmbərin (s) bütün vücudu ilə sevdiyi və onlara “öz övladım” deyə xitab etdiyi kəslər oldu. Buna sırf xanım Fatimə (ə) deyil, imam Əli (ə) də ortaq idi. Çünki Peyğəmbər özünü və Əlini (ə) bir ağacdan, başqalarını isə fərqli ağaclardan bilirdi.

Ayişədən “Peyğəmbəri-Əkrəmin (s) yanında ən sevimli şəxs kim idi?” – deyə soruşduqda, belə dedi: “Kişilərdən Əli, qadınlardan isə Fatimə idi.” (“Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s. 821.)

İmam Əlinin (ə) İslamın ilkin döyüşlərindəki iştirakı və rəşadəti haqda kifayət qədər söz açılmışdır. “Bədr”, “Ühüd”, “Xəndək” və sonralar baş verən “Hüneyn” döyüşü o həzrətin fədakarlıq və qəhrəmanlıq səhnələridir. “Bədr” döyüşündə müşriklərin öldürülənlərindən yarısı o həzrətin əli ilə öldürüldü. “Ühüd” döyüşündə bəzi müsəlmanlar meydandan qaçsalar da, imam Əli (ə) bir neçə nəfərlə Peyğəmbəri-Əkrəmin (s) yanında qalıb onu və İslamı qorudu. “Xəndək” döyüşündə Əmr ibn Əbdəvüdü öldürməklə cin və insanların ibadətinin savabını qazandı və döyüşlərin çoxunda İslam ordusunun bayraqdarı idi.

Dörd əhli-sünnə məzhəbindən birinin rəhbəri və əhli-sünnənin nəzərində elmi şəxsiyyət adını daşıyan Əhməd ibn Hənbəl imam Əli (ə) ilə digər xəlifələrin müqayisəsi haqda belə yazır: “Heç kim Əbu Talibin oğlu ilə müqayisə edilməyə layiq deyildir.”

Məhəmməd ibn Mənsur Tusi yazır: “Bir gün Əhməd ibn Hənbəlin yanında idik. Bir şəxs ondan soruşdu: “Əlinin (ə) söylədiyi “Cənnətlə cəhənnəmi bölən mənəm!” – hədisi barədə nəzərin nədir?” Əhməd dedi: “Bunu inkar edirsənmi? Peyğəmbərin (s) Əli (ə) haqqında “Səni mömindən başqası sevməz və münafiqdən başqası da düşmən bilməz!” – buyruğunu biz nəql etməmişikmi?” Dedik: “Bəli!” Dedi: “Möminin yeri haradadır?” Dedik: “Cənnətdə.” Dedi: “Münafiqin necə?” Dedik: “Cəhənnəmdə.” Dedi: “Deməli, Əli (ə) cənnətlə cəhənnəmi böləndir.”“ (“Təbəqatul-əbrar”, c. 1, s. 320.)

Sonralar Əməvilər sülaləsi bu fəzilətlərin nəqlini qadağan etdi və az bir dəstədən başqa, onları nəql etməyə cürət edən olmadı. Əməvi hökmdarlarından olan Ömər ibn Əbdüləzizin atası Əbdüləziz oğluna: “Əgər bu nadan millət bizim Əlinin (ə) haqqında bildiklərimizi bilsəydilər, onlardan iki nəfəri belə, bizə uymazdılar!” – deyirdi. (“Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s. 499.)

 

Google+ WhatsApp ok.ru