İMAM ƏLİNİN (Ə) DİNİN DİRÇƏLİŞİ İSTİQAMƏTİNDƏ FƏALİYYƏTİ

İslam Peyğəmbərindən (s) sonra “fəth”lərə başlanıldığı zaman hakim dairələrin təlaş və məqsədi daha çox əraziləri və İslam ölkələrini genişləndirmək idi. Bu zaman müsəlman kütlələrinin küfr və şirkə qarşı döyüşdə göstərdikləri hədsiz təlaşlara baxmayaraq, təəssüf ki, onlar bir sıra səbəblərdən qərəzli fikirlər və bəzən də,nadanlıqlardan qaynaqlanan dini azğınlıqlar uçurumundan qurtula bilmədilər. Zaman keçdikcə, azğınlıqlar daha da artır, Rəsulullahın (s) sünnəsi Allahın kitabı ilə yanaşı tərk edilir, bidət və şəxsi nəzərlər “gözəl bidət”adı ilə onların yerini doldururdu.
 
Camaat qənimət yığmaq və yaxşı yaşamaq üçün bu məsələyə az əhəmiyyət verirdilər. Yalnız saysız-hesabsız döyüş qənimətlərinin xəlifənin (Osmanın) xanədanı arasında müsəlmanların iştirakı olmadan bölündüyünü hiss etdikdə, müxalifətçiliyə qalxırdılar. Camaat arasında ağıllı müsəlmanlar da var idi ki, müxtəlif şəhər və bölgələrdə xəlifənin nümayəndələri tərəfindən tətbiq olunan zülm və təzyiqlərdən xilas olmaq üçün üsyan etdilər. İmam Əlinin (ə) səhabələri də həqiqi İslamın icrasından ibarət arzularını gerçəkləşdirmək uğrunda bu hərəkata qoşuldular.
 
Əmirəlmöminin Əli (ə) “imamət” və “xilafət”ə çatdığı zamandan daxili fəsadların islahı uğrunda çalışdı. O həzrət məşhur döyüşlərlə nəticələnən siyasi islahatlarla yanaşı, dini islahat istiqamətində də geniş mübarizəyə başladı.
 
Ən böyük fəsad camaatda dini təfəkkürün azalması idi. Bu da aşkar dini hədəfləri gerçəkləşdirmək istiqamətində deyil, “beytül-mal”dan (ümumi əmlak) daha çox pay almaları üçün çalışmalarına səbəb oldu və öz yaşayışlarını bu istiqamətdə tənzimlədilər.
 
İmam (ə)camaatın qeyri-dini məqsədlərini aradan qaldırmaq üçün dərin və əhatəli xütbələr söylədi və“cümə namazı”nın xütbələrində və yaxud digər yerlərdə buyurduğu gözəl söhbətlərinin ən önəmli dayağı təqva idi. Müsəlmanları dünyaya aldanmaqdan çəkindirir və dolğun sözləri ilə dünyanı və ona tapınanları qınayırdı. “Təqva” haqda kitab yazmaq istəyən şəxs ən faydalı və dolğun cümlə və məfhumları “Nəhcül-bəlağə”də tapa bilər. Doğrudur ki, nəsihət və təqvaya dəvət zəruridir və eyni zamanda, hər bir xütbədə zəruri şərtdir. Amma İmamın israrı və təqva haqqında geniş şərhləri qeyri-dini məqsədlər güdən və hədəfi din yox,sərvət və qənimət yığmaq,“beytül-mal”dan daha çox pay almaq niyyətində olan bir cəmiyyətin islahı ilə əlaqədar idi.
 
“Nəhcül-bəlağə”də dini şərhlər istiqamətində təqva lə bərabər, böyük əhəmiyyət kəsb edən bir sıra elmi həqiqətlər açıqlanır. Dərin, geniş, əqli və elmi şəkildə “allahıtanıma” mövzusunu şərh edən xütbələr “Nəhcül-bəlağə”nin cazibədar simasını təşkil edir.
 
İmam Əli (ə) müxtəlif dini sahələrdə də Quranı və Rəsulullahın (s) sünnəsini dirçəltməyə,eləcə də, bidətlərin yaranmasına və ilahi qanunların aradan qalxmasına səbəb olan xüsusi ideoloji siyasətlərin qarşısını almağa çalışırdı. Hədisə əhəmiyyət verilmədiyi zaman, o həzrət hədislərin xatırlanılmasına əmr edirdi. Bir sıra yersiz səbəblərdən hədis yazmaq qadağan edilərkən,o həzrət minbərə çıxaraq buyururdu:“Kim bir dirhəm müqabilində elm öyrənməyə və bir dirhəmlik kağız alaraq mənim nəql etdiklərimi yazmağa hazırdır?”
 
Bir sözlə, Əhli-beytin dilindən çıxan Rəsulullahın (s) həqiqi hədisləri yazılı şəkildə yayıldı və beləcə, şiə hədisi əhli-sünnə hədisinin yolu üzərində qurulmuş sapdırmalar və təhriflərdən qorundu. 
 
Kitab əhlinin mədəniyyəti “israiliyyat”adı ilə İslam cəmiyyətinə sirayət etdikdə və bəziləri onları yaymaq üçün gülərüzlülük göstərdikdə, imam Əli (ə) öz müxalifətini açıq-aşkar bildirib camaatı onların əsərlərinə uymaqdan çəkindirirdi.
 
O həzrət bu dini azğınlıqları açıq şəkildə bəyan edir və öz dövrünün cəmiyyətini sanki cahiliyyət dövrünün ənənələrini yenidən sınaqdan keçirən bir cəmiyyət kimi görürdü:“Bilin ki, bu gün düçar olduğunuz bəlalar Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi günlərdəki bəlaları xatırladır.” (“Nəcül-bəlağə”, Sübhi Saleh, s. 57.)
 
Başqa bir yerdə belə buyurur: “Ey insanlar, bilin ki, siz hicrət etdikdən sonra yenidən cahiliyyət ənənələrinə döndünüz, aranızda vilayət əlaqəsi qurulduqdan sonra yenidən ayrılığa düşdünüz.”
 
“...Siz İslamın adından başqa bir şey daşımır və imanın şəklindən başqa bir şey tanımırsınız. İslama bağlılığınızı qırdınız, ilahi qanunları tərk etdiniz və hökmlərini aradan qaldırdınız.”
 
Bu ifadə imam Əlinin (ə) o cəmiyyətlə bağlı fikrini açıqlayır və dinin dirçəlişi istiqamətindəki çalışmalarını yaxşı şəkildə bəyan edir. O həzrət bu haqda buyurur:“Mən sizin aranızda iman bayrağını dalğalandırdım və sizə ilahi halal və haramların hüdudlarını öyrətdim.” (“Şərhi Nəcül-bəlağə”, İbn Əbil-Hədid, c. 13, s. 179.)
 
Səmanın ondan başqa sadiq bir şəxsin üzərinə kölgə salmadığı və yer üzünün də ayaqları altına sərilmədiyi Rəsulullah (s) və imam Əlinin (ə) həqiqi şagirdi olan Əbuzər imam Əlini (ə) bir cümlə ilə vəsf etmək istəyərkən belə deyir: “Əli (ə) dinin dayağıdır.” O, camaata deyirdi: “Yaxın zamanlarda bir fitnə qopacaq; o zaman həyatda olsanız, Allahın kitabına sığının və Əlinin (ə) ətəyindən yapışın!”
 
Bu məktəbin başqa bir şagirdi Əmmar ibn Yasir də ən gözəl ifadəsində imam Əlinin (ə) təlaşlarını belə izah edir: “Əgər Əlinin (ə) səcdə zamanı iki təkbiri dirçəltməkdən başqa bir əməli olmayıbsada,sözsüz, bununla çox böyük bir fəzilətə nail olmuşdur.”
 
Bu ifadəyə görə, imam Əli (ə) və dostlarının nəzərində ən mühüm iş Peyğəmbərin (ə) dinini dirçəltməkdir. Odur ki, Ömər də imam Əlini (ə) tanıdığı qədər o həzrət haqda belə deyir: “Mənim nəzərimcə, əgər o, bu ümmətin işlərini öhdəsinə alsa, sizi Allahın yoluna hidayət edəcəkdir.” (“Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 1, s. 240.)
 
Təəssüf ki, xəlifənin özü belə, öz nəzərinin gerçəkləşməsini istəmədi. O, başqa bir yerdə də,imam Əli (ə) ilə düşməni arasında mühakimə yürüdərkən İmamı (ə) künyəsi ilə çağırdıqda,İmam (ə):“Düşmənimin qarşısında nə üçün məni ehtiramla yad edirsən?”– deyə etiraz etdikdə, İmama (ə) belə demişdi: “Atam sizə fəda olsun, Allah sizin vasitənizlə bizi hidayət etdi və sizin əlinizlə bizi qaranlıqlardan nura çıxartdı.” (“Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 595.)
 
İmam Əli (ə) dini işlərə çox ciddi və kəskin yanaşırdı. Bunun səbəbi isə cəmiyyətdə dini qorumaqdan başqa bir şey deyildi. O həzrət bu haqda buyurur:“And olsun Allaha, dinimlə bağlıheç kimə güzəşt etmərəm.” (“Nəhcüs-səadət”, c. 2, s. 202.)
 
Əmirəlmöminin Əli (ə) haqqında çox da müsbət fikri olmayan Həsən Bəsri o həzrəti vəsfedərkən bir cümlədə belə demişdir: “Əli (ə) camaata yolu göstərdi və din inhirafa yuvarlanarkən onu bərpa etdi.” (“Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 12, s. 83.)
 
İmam Əli (ə) özünü Peyğəmbərin (s) sünnəsinin həqiqi icraçısı bilirdi və bəzilərinin itaətsizliyini müşahidə etdikdə buyururdu:“Əgər mən sizin aranızda olmasam, kim Rəsulullahın (s) sünnəsinə əməl edəcək?” (“Əl-müsənnəf”, Əbdurrəzzaq, c. 10, s. 124.)Bu səbəbdən, müxtəlif sahələrdə Peyğəmbərin (s) sünnəsini xalqa çatdırmağa və onu xalq arasında əməli olaraq icra etməyə israr edirdi.
 
Peyğəmbərin (s) vəfatından iyirmi beş il keçdikdən sonra imam Əliyə (ə) iqtida edərək namaz qılan Əbu Musa belə dedi: “Əbu Talibin oğlu Əli Rəsulullahın (s) namaz qılmasını bizə xatırlatdı.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 4, s. 33.)
 
Bütün bu şahidlərə diqqət yetirdikdə, məlum olur ki, imam Əlinin (ə) həyatı boyunca ən çox əhəmiyyət verdiyi məsələ dini qanunları qorumaq, Allahın kitabını və Rəsulullahın sünnəsini özü və xalqın fəaliyyətlərinin yeganə məqsədi qərar vermək idi.

Google+ WhatsApp ok.ru