İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ (18)

Qurani-Kərimdə imam Əmirəlmöminin Əlinin (ə) fəzilətinə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Məvəddət” adını daşıyan “Məryəm” surəsinin 96-cı ayəsidir. Bu ayədə buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

“Həqiqətən, iman gətirən və saleh işlər görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”

Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır.

Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən (s) müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Aydındır ki, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mənası ilə əsla ziddiyyət təşkil etmir.

“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xudri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir möminin qəlbində yer tutmuşdur.

Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (s) həzrət Əliyə (ə) buyurdu:

:يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:

“Ya Əbəlhəsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et və məhəbbətimi möminlərin qəlbinə sal!”

Bu zaman “Həqiqətən, iman gətirən və saleh işlər görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır.” – ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:

لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn Əbu Talib məhəbbəti olmasın!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.365, hədis 504.)

Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən, həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə imam Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, həmin kitabda müxtəlif silsilə sənədlərlə eyni məna daşıyan iyirmi rəvayət nəql olunmuşdur. (səh.366-367.)

Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir. (4-cü cild, səh.278.)

Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-Əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət əhdi) bağlasın, məhəbbətini möminlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu. (3-cü cild, səh.47.)

Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır. (6-cı cild, bəhs etdiyimiz ayənin təfsirində.)

Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:

–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı (səh.20.);

–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı (səh.89.);

–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı (səh.106.);

–Heysəmi: “Əs-səvaiq” kitabı (səh.170.);

–İbn Səbban: “Əsafur-rağibin” (səh.118.) və imamət məsələsi ilə bağlı sair kitablar.

Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O, bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.” (“Ruhul-məani”, 16-cı cild, səh.130.)

Məlum olduğu kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləşən məhəbbəti o həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.

Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.255-257.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru