İMAM ƏLİNİN (Ə) KƏLAMINDA HƏQİQİ ORUC TUTANLAR

İMAM ƏLİNİN (Ə) KƏLAMINDA HƏQİQİ ORUC TUTANLAR

-- Oruc tutan şəxs elə bir məqama yüksəlməlidir ki...

Böyük ilahi nemətlərdən biri müxtəlif bərəkətlərin nazil olduğu mübarək Ramazan ayıdır. Ən böyük ilahi nemət və səmavi süfrə olan Qurani-Kərim elə bu ayda nazil olmuşdur. Bu ayda Allahın rəhmət qapıları açıq, cəhənnəm qapıları bağlı, şeytanlar və nəfsi istəklər isə zəncirlənirlər. Odur ki, bu ayda ilahi nemətə sahib olduğumuz üçün şükür etməliyik. Hər nemətin şükrü var. Ramazan adlı nemətin şükrü isə, bu ayın fəlsəfə və sirlərini, orucun həqiqətini dərk etməkdir. İmam Əli (ə) buyurur:

صَوْمُ الْجَسَدِ الْامْساكُ عَنِ الْاغْذِيَةِ بِارادَةٍ وَ اخْتِيارٍ، خَوْفاً مِنَ الْعِقابِ وَ رَغْبَةً فِى الثَّوابِ وَ الْاجْرِ. وَ صَوْمُ النَّفْسِ امْساكُ الْحَواسِّ الْخَمْسِ عَنْ سائِرِ الْمَآثِمِ وَ خُلُوُّ الْقَلْبِ مِنْ جَميعِ اسْبابِ الشَّرِّ؛

Cismin orucu iradə və ixtiyarla yeyib-içməkdən çəkinmək və onda məqsəd ilahi əzabdan qurtuluş, ilahi savab və mükafata yiyələnməkdir. Ruhun orucu isə (yalnız dil yox,) beş duyğunu digər günahlardan qorumaq və qəlbi bütün çirkinliklərin səbəblərindən təmizləməkdir.” (“Mizanul-hikmət”, 5-ci cild, səh.471, hədis 10651.)

O həzrət başqa bir hədisdə belə buyurur:

الصيامُ اجْتِنابُ الَمحارِمِ، كَما يَمْتَنِعُ الرَّجُلُ مِنَ الطَّعامِ وَ الشَّرابِ؛

İnsan yemək və içməkdən çəkindiyi kimi, oruc da günahlardan çəkinməkdir. (“Mizanul-hikmət”, 5-ci cild, səh. 471, hədis 10952.)

İnsan ruh və cisimdən təşkil tapdığı kimi, onun yerinə yetirdiyi ibadətlər də ruh və cisimdən ibarətdir. İbadətin cismi hər kəsin dərk etdiyi zahiri əməlləri, ruhu isə onun fəlsəfəsi və onunla bağlı nəzərdə tutulan məsləhətlərdir. Misal üçün, orucun bir cismi var, bir də ruhu. Onun cismi yemək, içmək və orucu batil edən işlərdən çəkinməkdir. Ruhu isə orucu batil edən işlərlə yanaşı, günahlardan qorunmaqdır! Qurani-Kərimin ifadəsi ilə desək, oruc tutan şəxs orucla ilahi təqva zirvəsinə çatır. (“Bəqərə”/183.) Aydındır ki, ruhsuz bədən quru heykəldən başqa bir şey deyil!

Bəli, verilən iki hədisdə orucun həqiqətindən söz açılır. Belə ki, oruc, yalnız yeyib-içməkdən çəkinmək deyil, həm də oruc tutan insan bütün günahlardan uzaq olmalıdır. Bir ay günahlardan uzaqlaşan və mübarək Ramazan ayı boyunca onu məşq edən insana bu məsələ (günahlardan uzaqlaşmaq) tədricən “halət”, sonra “adət”, sonra isə “səciyyə”yə çevriləcək və il boyu daha da təsirli və faydalı olacaqdır. Demək, yalnız yeyib-içməkdən çəkinən, amma oruc ağızla hər növ günaha qurşanan insan, sözsüz ki, orucun həqiqətini dərk etməyəcəkdir.

İmam Əli (ə) başqa bir rəvayətdə orucun həqiqəti ilə bağlı daha üstün bir məsələyə toxunaraq buyurur:

صِيامُ الْقَلْبِ عَنِ الْفِكْرِ فىِ الْآثامِ افْضَلُ مِنْ صيامِ الْبَطْنِ مِن الطَّعامِ؛

“Oruc tutan şəxs elə bir məqama yüksəlməlidir ki, nəinki orucu batil edən işlərdən və günahlardan çəkinməli, həm də günah fikrində belə olmamalıdır.” (“Mizanul-hikmət”, 5-ci cild, səh.470, hədis 10648.)

Odur ki, bəzi alimlər bu hədisə əsaslanaraq, orucu üç qismə bölmüşlər:

1. “Ümumi oruc” – orucu batil edənlərdən (yemək, içmək və s. işlər) çəkinmək;

2. “Xas oruc” – orucu batil edənlərlə yanaşı, bütün günah və haramlardan çəkinmək;

3. “Xassul-xas oruc” – orucu batil edənlərdən, bütün günah və haramlardan çəkinməklə yanaşı, günah fikrindən də çəkinmək! Yəni burada insanın dili, qarnı, əl-ayağı, göz və qulağı oruc olduğu kimi, qəlbi də oruc olaraq günah haqda belə düşünmür. Belələrinin düşüncəsində yer tutan isə, yalnız Allah və Onun razılığıdır.

Rza Şükürlü (Maide.Az) 

Google+ WhatsApp ok.ru