İmam Əlinin (ə) kəlamlarında islami iqtisad barədə işarələr - 2

İmam Əlinin (ə) kəlamlarında islami iqtisad barədə işarələr - 2

 
Qeyd etdik ki, İslam dini insana düzgün iqtisadi yaşam tərzini anladır. Əgər sərvət toplamaq rifahçılıq, təmtəraq, dəbdəbə, zinət, qüdrət üçün qazanılarsa, bu, İslam tərəfindən məzəmmət olunmuşdur. Amma sərvət yaşayış üçün kifayət edəcək miqdarda və infaq vermək üçün qazanılarsa, İslam dini nöqteyi-nəzərindən bəyənilmiş bir iş sayılır. Ümumiyyətlə, İslam dini insanı dünyaya bağlanmaqdan və dünyadarlıqdan çəkindirir. Həzrət Əli (ə) insanları dünyadarlıqdan çəkindirərək oğlu İmam Həsənə (ə) vəsiyyətində belə buyurur :
 
وَ إِيَّاكَ أَنْ تَغْتَرَّ بِمَا تَرَى مِنْ إِخْلَادِ أَهْلِ الدُّنْيَا إِلَيْهَا وَ تَكَالُبِهِمْ عَلَيْهَا فَقَدْ نَبَّأَكَ اللَّهُ عَنْهَا وَ نَعَتْ هِيَ لَكَ عَنْ نَفْسِهَا وَ تَكَشَّفَتْ لَكَ عَنْ مَسَاوِيهَا فَإِنَّمَا أَهْلُهَا كِلَابٌ عَاوِيَةٌ وَ سِبَاعٌ ضَارِيَةٌ يَهِرُّ بَعْضُهَا عَلَى بَعْضٍ وَ يَأْكُلُ عَزِيزُهَا ذَلِيلَهَا وَ يَقْهَرُ كَبِيرُهَا صَغِيرَهَا نَعَمٌ مُعَقَّلَةٌ وَ أُخْرَى مُهْمَلَةٌ قَدْ أَضَلَّتْ عُقُولَهَا وَ رَكِبَتْ مَجْهُولَهَا سُرُوحُ عَاهَةٍ بِوَادٍ وَعْثٍ لَيْسَ لَهَا رَاعٍ يُقِيمُهَا وَ لَا مُسِيمٌ يُسِيمُهَا سَلَكَتْ بِهِمُ الدُّنْيَا طَرِيقَ الْعَمَى وَ أَخَذَتْ بِأَبْصَارِهِمْ عَنْ مَنَارِ الْهُدَى فَتَاهُوا فِي حَيْرَتِهَا وَ غَرِقُوا فِي نِعْمَتِهَا وَ اتَّخَذُوهَا رَبّاً فَلَعِبَتْ بِهِمْ وَ لَعِبُوا بِهَا وَ نَسُوا مَا وَرَاءَهَا ...
 
“Dünya əhlinin dünyaya ürək bağlamaları, güvənmələri, hərislikləri və onun üstündə bir-birilə düşmənçilik etmələrinin səni aldatmasından qorx. Çünki Allah səni ondan xəbərdar edib. Dünya özü də özünü sənin üçün vəsf edib və pisliklərini açıb göstərib. (Onun başqaları ilə rəftarını görürsən.) Dünyapərəstlər hürən itlər və ov axtaran yırtıcılardır (həmin heyvanlar kimidirlər). Onların bəzilərinin bəzilərindən xoşu gəlmir və bir-birinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar (bəzisinin) ayaqları bağlanmış dördayaqlılardır (dördayaqlılar kimidirlər). Digər qismi isə (başlı-başına) buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər-ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yoluna aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. (Ona vurğunluq və ürək bağlamaq nəticəsində) onu öz rəbbləri ediblər. Dünya onlarla belə oynayır (ağıllarını oğurlayır) və onlar da dünya ilə oynayırlar (başlarını ona qatırlar). Ondan sonra gələcək (ölüm, çətinliklər və Qiyamət günü kimi) hadisələri unudublar!” (“Nəhcül-bəlağə”, 31-ci məktub.)
 
İslami iqtisad sisteminə əsasən, qazanc əldə etmək bəyəniləndir, amma monopoliya – ticarətin yalnız müəyyən bir qrupun əlində cəmləşməsi isə məzəmmət olunur. Hər bir şəxsin qazanc əldə etmək hüququ vardır və bu hüququndan məhrum edilməməlidir, amma bununla belə, qazandığı malından düzgün və lazımi şəkildə istifadə etməlidir.
 
İlahi imtahan vasitəsi
 
İnsanların imtahanı Allahın sünnəsindən, yəni dəyişilməz qanunlarındandır. Keçmiş ümmətlərin hamısı müxtəlif imtahanlardan keçmişlər. İnsanın daim imtahan olunacağı Qurani-Kərimin müxtəlif ayələrində qeyd olunmuşdur. Ayələrdən bəzilərində belə buyurulur :
 
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ
 
“Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.” (Ənbiya”, 35.)
 
أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
 
“Məgər insanlar «İman gətirdik!» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!” (“Ənkəbut”, 2.)
 
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
 
“Şübhəsiz, (biz) onlardan əvvəlkiləri imtahan etmişdik.” (“Ənkəbut”, 3.)
 
Odur ki, həm mal-dövlət, həm də kasıblıq insan üçün bir imtahan vasitəsidir. Qurani-Kərim bu haqda buyurur: 
 
فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ  وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ
 
“Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur». Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» - deyər.” (“Fəcr”, 15-16.)
 
Ayəyə əsasən, Allah bir şəxsə mal verməklə onu imtahan edir, amma insan xüsusi bir bəndə olduğunu güman edib fəxr edir. Halbuki malın ona verilməsi başqalarına əl tutub-tutmayacağı, şəriətin təyin etdiyi vergiləri verib-verməyəcəyi və s. bu kimi işlərin imtahanı üçündür. 
 
Həmçinin bir şəxs yoxsulluq ilə imtahana çəkilir; başqalarının malına göz dikərək oğurluq edib-etməyəcəyi, haram yolla qazanc dalınca gedib-getməyəcəyi və s. bu kimi işlərin imtahanı üçün.
 
Qurani-Kərim dünya malının və var-dövlətin dəyərli olmamasını çatdırmaq üçün buyurur : 
 
وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فَضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ
 
“Əgər insanların hamısının bir ümmət olmaları  ehtimalı olmasaydı, həqiqətən, Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.” 
 
وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِؤُونَ
 
“Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.”
 
وَزُخْرُفًا وَإِن كُلُّ ذَلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ
 
“Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.” (“Zuxruf” surəsi, 33-34-35)
 
 
Öncəki yazını BURADAN oxuya bilərsiz. 
 
Rüfət Quliyev (Maide.az)
 

Google+ WhatsApp ok.ru