İMAM BAQİRİN (Ə) FİKRİ-SİYASİ TARİXİ 01 Oktyabr 2014 01:00 İmam Məhəmməd Baqir (ə) Bu gün İmam Baqir (ə)-ın şəhadət günüdür Şiələrin beşinci imamı “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyndir (ə). O həzrətin 58-ci hicri-qəməri ilində doğulduğu qeyd edilmişdir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 177, Təbriz çapı; “Biharul-ənvar”, c. 46, s. 217-218.) Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.) Yəqubi o həzrətin 117-ci hicri ilində şəhid edildiyini söyləsə də, lakin 114-cü il daha çox rəvayət edilmişdir. (“Əl-mərifətu vət-tarix”, c. 3, s. 346; “Tarixi-Dəməşq”, c. 1, s. 294-295.) İmam Baqir (ə) İbrahim ibn Vəlid ibn Əbdül-Məlik tərəfindən zəhərlənərək şəhadətə çatmış və “Bəqi” qəbiristanlığında dəfn edilmişdir. (“Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 221.) Şiələrin beşinci imamı “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbi ilə məşhurdur. Yəqubi yazır: “Elmin dərinliyinə vardığından o həzrəti “Baqir” adlandırmışlar.” Cabir ibn Abdullah Ənsari deyir: “Bir gün Rəsulullah (s) mənə buyurdu: Sən məndən sonra bir müddət yaşayacaq və adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı yetir və bu sifarişimi mütləq yerinə yetir!” (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.) Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: “Ey Baqir! Ey Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” –deyirdi. Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu. (“Əl-ixtisas”, Şeyx Müfid, s. 62.) İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI Əhli-sünnə alimlərinin çoxunun fikrincə, imam Baqirin (ə) elmi məclisləri şöhrət tapmışdı və o həzrətin dərsində bütün İslam şəhərlərindən gələnlər iştirak edirdi. O həzrət alim, fəqih və Əhli-beyt (ə) elmlərinin varisi olduğundan çoxları İmamın hüzurundan faydalanır, elmi və fiqhi suallarının həllini o həzrətdən soruşurdular. İbn Ənbətənin ibarəsi ilə desək, “çox dərin bilik və böyük səbrə sahib olan” imam Baqirin (ə) elmi şöhrəti onu izah etməkdən daha yüksəkdədir. (“Umdətul-mətalib”, s. 195.) İmam Əmirəlmöminin Əlidən (ə) sonra şiə imamları arasında hədislərin əksəriyyətinin sənədi imam Baqir (ə) və imam Sadiqə (ə) yetişdiyini vurğulamaq olar. İMAM BAQİRİN (Ə) İSLAMİ TƏRİQƏTLƏR ARASINDAKI FİQHİ İXTİLAFLARLA MÜBARİZƏSİ 94-114-cü hicri illəri fiqhi məktəblərin yaranmasının başlanğıcı və təfsirlə bağlı rəvayətlərin geniş yayılması dövrü sayılır. İmam Baqir (ə) Əhli-beyt məktəbinin nümayəndəsi olaraq şiə məktəbində fiqh və təfsir elmini tənzimləyən ilk şəxsiyyətlərdən biri idi. Bu məktəb baxımından, təkcə Rəsulullahın (s) elm qapısı olan Əhli-beyt yolu ilə zəngin islami elmlər əldə edilə bilər. Buna görə də, imam Baqir (ə) Sələmət ibn Kuheyl və Həkəm ibn Üyeynəyə belə buyururdu: “İstər dünyanın şərqində olun, istərsə də qərbində, bizim elmimiz kimi həqiqi bir elm tapa bilməzsiniz.” (“Rical”, Kəşşi, s. 209-210; “Kafi”, c. 1, s. 399; “Bəsairud-dərəcat”, s. 9.) Bu məktəbin nümayəndəsi olan imam Baqir (ə) fikir mübadiləsi zamanı Əhli-beytin fiqhi nəzərlərini yaymağa, eyni zamanda, əhli-sünnənin inhiraf və azğınlıqda olduğunu xalqa başa salmağa çalışırdı. İmam (ə) dövrünün ən böyük alimlərinin gözündə belə, düzü səhvdən ayıran bir ölçü kimi tanınırdı. Çox vaxt onlar öz əqidələrini Həzrətə bildirdikdə, doğru və səhvlərini başa düşürdülər. Əbu Zöhrə, Əbu Hənifə ilə o həzrət arasındakı münazirə məclislərinin birini nəql etdikdən sonra belə yazır: “Bu hadisədən sonra imam Baqirin (ə) imaməti alimlərə aydın olur. Onlar o həzrətin hüzuruna gedib, əqidə və nəzərlərini bildirir və o həzrət də onların səhvlərini düzəldir, hakimiyyət altındakılara hökmranlıq edən və onları hidayət yoluna çatdıran bir rəhbər idi. O əsrin alimləri də imam Baqirin (ə) əmrinə itaət edirdilər. (“Əl-imamus-Ssadiq (ə)”, Əbu Zöhrə, s. 24.) İmam Baqir (ə) müqayisədən istifadə edənlərin dəlil-sübutlarını şiddətlə rədd edirdi (“Əl-məcalis”, Şeyx Müfid, s. 39, Nəcəf çapı; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s .39.) və o həzrətdən sonra da oğlu imam Sadiq (ə) ciddi şəkildə onlarla mübarizə aparırdı. İmam (ə) yolunu azmış digər islami təriqətlər qarşısında da kəskin mövqe tutur və rəftarı ilə müxtəlif məsələlərdə Əhli-beytin düzgün etiqadının digər təriqətlərinkindən fərqləndiyini göstərməyə çalışırdı. O həzrət hədislərin birində bu təriqətə işarə edərək buyurmuşdur: “İlahi! Mürciəni öz rəhmətindən uzaq et, çünki onlar dünya və axirətdə bizə düşməndirlər.” (“Kafi”, Kuleyni, c. 8, s. 276; “Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 291.) İmam Baqir (ə) öz zamanında məşhur olan “xaricilər” qarşısında da mövqe tutmuşdu. İmamın nəzərincə, onlar cahil, özlərini müqəddəs göstərən və fikirlərində dardüşüncəli olanlar idilər. Onların haqqında belə buyururdu: “Xaricilər nadanlıqlarından meydanı özlərinə daraltdılar. Din isə onların tanıdıqlarından daha əhatəli və zərifdir.” (“Təhzib”, Şeyx Tusi, c. 1, s. 1241; “Mən la yəhzuruhul-fəqih”, c. 1, s. 83.) YƏHUDİ İNANCLARI İLƏ MÜBARİZƏ Həmin zamanlar İslam cəmiyyəti və mədəniyyətində dərin təsirəmalik yəhudilər də təhlükəli qruplardan birini yaratmışdılar. Bir qrupu özünü müsəlman kimi göstərən, digər qrupu isə əvvəlki dinlərində qalaraq İslam cəmiyyətində müəyyən mövqe tutan yəhudi alimləri sadəlövh camaatın elmi qaynağına çevrilirdi. Onların İslam mədəniyyətinə qoyduqları təsir “israiliyyat” adlı uydurma və saxta hədislər şəklində ortaya çıxdı. Bu hədislərin böyük bir qismi təfsir və keçmiş peyğəmbərlərin sərgüzəştləri barədə qondarılmışdı. (“Buhusun fi əhlis-snnəti vəs-sələfıyyə” Seyid Ruhani, s. 50-51.) İmam Baqirin (ə) əsas fəaliyyətlərində biri də yəhudi inancları ilə mübarizə idi. İMAM BAQİRİN (Ə) MƏDƏNİ MİRASI Şiənin fiqh və təfsir qaynaqlarına nəzər saldıqda, fiqhi, əxlaqi və təfsiri rəvayətlərin böyük bir qisminin imam Baqirdən (ə) nəql edildiyi asanlıqla aydınlaşır. İmam Baqirdən (ə) rəvayət edilən fiqhi məsələləri başa düşmək üçün Quran ayələrinin təfsiri və nazilolma səbəbləri ilə əlaqədar bir çox hədislər “Vəsailuş-şiə” və Əllamə Bəhraninin “Əl-bürhan” və Mühəqqiq Feyz Kaşaninin “Safi” kitabında toplanmışdır. Bunlardan əlavə, Əmirəlmöminin Əlinin (ə) həyat tərzi, tarixi hədislər və “Siffeyn” döyüşü haqda imam Baqirdən (ə) çoxlu sayda hədis nəql edilmişdir. (Bax: “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 2, s. 212, 213, 229, 234, 286, c. 3, s. 324, c. 4, s. 106, 108, 109, 110, c. 6, s. 13; “Tarixi-Təbəri”, c. 3, s. 37, c. 5, s. 176-197.) Həmçinin əxlaqi məsələlər barəsində çox dəyərli kəlamlar da o həzrətdən nəql olunmuşdur. Bu kəlamlar lakonik və yığcam, son dərəcə gözəl olmaqla yanaşı, o həzrətin məsumluq ruhundan və batini istedadından qaynaqlanmışdır. İmamın (ə) elmi-əxlaqi dərslərinin bir nümunəsi kimi, quru və sönük müqəddəsliklərlə mübarizə aparmasını göstərmək olar. O həzrət bütün dünya nemətlərini tərk etməyin təqva və zöhd olduğunu hesab edən kəslərin düşüncə tərzinə qarşı çıxırdı. İmam Baqirin (ə) xüsusilə təfsir sahəsində fəaliyyət və hədisləri məşhurdur. O həzrət “kəlam” elmi haqda da imam Əmirəlmöminin Əlinin (ə) tövhid və Allahın sifətləri ilə (“Həyati imam Baqir (ə)”, c. 1, s. 190.) əlaqədar xütbələrini nəql etmişdir. Eyni zamanda, şiə ilə əhli-sünnə arasındakı bir çox ixtilaflı və mübahisəli “kəlam” elmini də açıqlamışdır. İmam Baqirin (ə) yorulmaq bilməyən fəaliyyətləri və ondan sonra da imam Sadiqin (ə) təlaşları şiə fiqhinin Rəsulullahın (s) hədisləri və məsum imamların qəlbinə nazil olan qeybi ilhamlara söykənərək əhli-sünnədən daha tez tənzimlənmə mərhələsinə çatmasına səbəb oldu. İMAM BAQİRİN (Ə) NƏZƏRİNDƏ “ŞİƏ”NİN MÖVQEYİ İmam Baqirin (ə) imamət dövrü Əməvi xəlifələrinin İraqdakı şiələri üzərindəki təzyiqlərini davam etdirdikləri bir zamana təsadüf etmişdir. İraq şiəliyin mərkəzi sayılırdı və buna görə də, imam Baqir (ə): “İraqlıların aşiq olduqları şəxs”, (“Əl-irşad”, s. 282.) , “İraqlıların imamı” (“Əyanuş-şiə”, c. 4. s. 43.), “İraqlıların ətrafına toplaşıb, sual soruşduqları bu şəxs kimdir?” (“Kafi”, Şeyx Kuleyni, c. 8, s. 120.) – deyə adlandırılırdı. Şiələr hər il həcc mövsümündə o həzrətlə əlaqə saxlayırdılar. Ümumiyyətlə, bu əlaqələr ya Məkkədə, ya da Allah evinin ziyarətçilərinin həcdən qayıdıb Mədinədən keçdikləri zamana təsadüf edirdi. İmam və şiələri üçün bu dönəmdə günü-gündən artan “qulatlar” (ifratçılar) böyük problemə çevrilmişdilər. Onlar imamın hədislərindən sui-istifadə etmək və saxta hədisləri o həzrətə istinad etməklə, şiəlik şərəfindən faydalanmaq və şiəni özlərinə dayaq bilib hədəflərinə çatmaq istəyirdilər. Onların fəaliyyətləri genişləndikdə və imam Baqir (ə) onları özündən uzaqlaşdırdıqda, İmamın (ə) səhabələri də onları öz aralarından qovdular. O həzrətin (ə) səhabələri “qulat”ın rəhbəri və onların ən məşhurlarından sayılan Müğeyrə ibn Səid və Bəyan ibn Səmanı kafir bildilər. Digər tərəfdən də, imam Baqir (ə) bir sıra məsləhətləri nəzərə alaraq təqiyyə etməyə məcbur idi və İraq şiələrindən çoxu da onlara edilən təzyiqlər nəticəsində o həzrətin İraqa gəlib qılınca əl atmasını gözləyirdilər. İmamın bu işə təşəbbüs göstərməməsini gördükdə, İmamın imamətinə şəkk edirdilər. Bu baxımdan, imam Baqirin (ə) imaməti haqqında lazımi qədər məlumatları olmadıqlarından, o həzrətlə qardaşı Zeyd arasında tərəddüddə idilər. Bu da şiələr arasındakı təriqətlərin meydana çıxmasına səbəb olurdu. İmam Baqir (ə) qardaşı Zeydin Kufədəki qiyamından yeddi il əvvəl vəfat etsə də, həmin dövrdə və sonralar bir qrup şiə arasında Zeydə meyil artmağa başladı. Bütün bu çətinliklərə baxmayaraq, şiələr Bəni-Üməyyənin mənafeləri ilə müxalif olduqlarından, daxili ixtilaflara daha az düçar olurdular. Amma onlara göstərilən siyasi təzyiqlərin azalması ilə, dərhal “qulat” məsələsi genişlənir və yayılırdı. Belə ki, imam Sadiqin (ə) zamanında şiələrin əsl problemi bundan ibarət idi. Əməvilərin şiələrə göstərdikləri təzyiqlər Ömər ibn Əbdüləzizin ikiillik hakimiyyəti müddətindən başqa, şiddətlə davam etdirilirdi. “Şiələrimizdən bəlaya düçar olub səbir edərək dözən kəslərə mütəal Allah min şəhidin savabını verəcək!” – kimi kəlamlar şiələrin mübtəla olduqları təzyiq və çətinlikləri aşılayır. İmam Baqir (ə) bu kimi kəlamlarla onları dözümlü və özlərini ələ almağa çağırırdı. İMAM BAQİR (Ə) VƏ SİYASİ MƏSƏLƏLƏR Şiə imamlarının, xüsusilə, imam Baqir (ə) və imam Sadiqin (ə) fəaliyyətləri özünəməxsus zəngin mədəniyyətə sahib bir məktəbin meydana gəlməsinə səbəb oldu və bu məktəb sonralar “Cəfəri” məktəbi adı ilə məşhurlaşdı. Hərçənd, imam Baqirin (ə) məktəbi adı ilə məşhur olsaydı, yersiz olmazdı. Bütün sahələrdə Əhli-beyt elmlərini nizamlı şəkildə irəli aparan bu geniş məktəb həmin imamların əlli beş ilə yaxın (48-94-cu h.q. illəri) göstərdikləri mütəmadi fəaliyyətlərinin məhsuludur. Əməvilər və Abbasilərin öz hakimiyyətlərini qorumaq üçün hər bir müxalifəti şiddətlə boğduqları bir dönəmdə şiə imamları əsas vəzifələrini İslamın həqiqi təlimlərini izah etməkdə gördülər və çağdaş dünyamızda məzhəb mədəniyyətinin yaranması və təşkili elə bu əsaslı fəaliyyət və çalışmaların nəticəsidir. Bu, şiə imamlarının zalım hökmdarlara müxalif olmaması mənasında başa düşülməməlidir, belə ki, şiə rəhbərlərinin xilafət iddiası etdiklərini bütün şiələr və hətta Əməvilər belə yaxşı bilirdilər. Bu həqiqət imam Baqirdən (ə) nəql edilən hədislərdə də bəyan edilmişdir. Əhli-beyt (ə) xilafətin onlara məxsus olduğunu və Qüreyşin zorla bu haqqı onlardan aldığını söyləyirdilər. Buna görə də, məsləhətli şəkildə icazə verilən bəzi istisna hallardan başqa, şiələrin zalım hakimlərlə həmkarlığı qadağan edilirdi. Amma bu məsələ rəsmi və silahlı mübarizə şəklində və inqilabi qiyamlara qatılmaqla gerçəkləşmədi. İmam Baqirin (ə) zalımlarla müxalifəti və şiələri onlarla həmkarlıq etməməyə çağırması o həzrətin aşkar mövqeyi idi. İmam Baqir (ə) müxtəlif yollarla xalqı zalım hakimlərə qarsı etiraz etməyə və onlara nəsihət verməyə təşviq edirdi. O həzrətin hədislərinin birində belə buyurulur: “Zülmkar hakimin yanına gedib onu ilahi təqvaya dəvət edən, nəsihət verən və qiyamətdən qorxudan şəxsə bütün cinn və insanların savabı verilər.” (“Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid, s. 261.) Bir gün imam Baqir (ə) Hişam ibn Əbdülməlikin yanına aparıldıqda, ona “xəlifə” və “möminlərin əmiri” – deyə salam vermədikdə, Hişam hirslənib ətrafındakılardan o həzrəti qınamalarını istəyir və sonra da o həzrətə belə deyir: “Hər zaman siz Əhli-beytdən bir nəfər müsəlmanlar arasında ixtilaf salmış və onları öz imamətinə dəvət etmişdir.” Ondan sonra İmamı tənqid edərək camaatı onu məzəmmət etməyə çağırmışdır. İmam bu zaman üzünü xalqa tutaraq belə buyurur: “Ey millət! Hara gedirsiniz, hara aparılırsınız? Əvvəliniz biz Əhli-beyt vasitəsilə hidayətə çatdı və axır-aqibətiniz də yenə bizim vasitəmizlə sona çatacaq! Xilafəti əlinizə keçirməyinizə baxmayaraq, sonda İslam ümmətinin idarəsi və işləri bizə çatacaqdır. Çünki biz elə bir Əhli-beytdənik ki, yaxşı aqibət bizimlədir. Allah da buyurur ki, “yaxşı aqibət təqvalılarındır.” (“Əimmətuna”, c. 2, s. 358-59; “Kafi”, Şeyx Kuleyni, c.1, s. 478; “Əl-mənaqib” c. 2, s. 280.) Hişam imam Baqirin (ə) həbs olunmasını əmr etdi. İmam zindanda olduğu zaman məhbuslar o həzrətin təsiri altına düşdü və ona bağlandılar. Bundan xəbər tutan Hişam İmamın Mədinəyə göndərilməsin əmr etdi. Bəni-Üməyyə dövründə Əhli-beytə ən çox zülm edən Hişam ibn Əbdül-Məlik olmuşdur. Onun yaramaz sözləri Zeyd ibn Əlini (122-ci h.q. ilində) Kufədə ona qarşı qiyama məcbur etdi. Hişam ilə Zeyd arasında olan bir görüşdə Hişam, hətta Əbu Cəfər Mühəmməd ibn Əliyə (ə) hörmətsizlik edərək, Əməvilərə xas istehza ilə İmama ləqəbi “Baqir” olduğu halda, “Bəqər” (inək) dedi. Onun ədəbsizliyindən narahat olan Zeyd: “Rəsulullah (s) ona “Baqir” ləqəbini verdiyi halda, sən ona “Bəqər”mi deyirsən? Belə çıxır ki, səninlə Rəsulullah (s) arasında düşmənçilik var. Ona dünyada müxalif olduğun kimi, axirətdə də müxalif olacaqsan, o, cənnətə gedəcək, sən isə cəhənnəmə!” – deyə etirazını bildirmişdi. (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 7, s. 132; “Umdətul-mətalib”, s. 194.) Bu məqalə Ustad Rəsul Cəfərinin “Məsum imamların fikri-siyasi tarixi” adlı dəyərli əsərindən iqtibas edilmişdir. R. Şükürlü Teqlər : #İMAM BAQİRİN (Ə) FİKRİSİYASİ TARİXİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Mühəmməd Baqirin (ə) əxlaqi və ictimai rəftarlarına qısa bir baxış