İMAM BAQİRİN (Ə) İSLAMİ TƏRİQƏTLƏR ARASINDAKI FİQHİ İXTİLAFLARLA MÜBARİZƏSİ 22 Sentyabr 2015 01:00 İmam Məhəmməd Baqir (ə) 94-114-cü hicri illəri fiqhi məktəblərin yaranmasının başlanğıcı və təfsirlə bağlı rəvayətlərin geniş yayılması dövrü sayılır. Bu dövrdə Zöhri, Məkhul, Qutadə, Hişam ibn Ürvə və s. əhli-sünnə alimləri hədis nəql etmək və fətva vermək sahəsində geniş şəkildə fəaliyyət göstərirdilər. Zöhri, İbrahim Nəxəi, Əbu Zənad və Rəca ibn Həyat kimi alimlərin az-çox Əməvi hakimiyyətinə bağlılıqları Peyğəmbərin (s) həqiqi sünnəsini dirçəldib onu xəlifələrin və onlara bağlı alimlərin təhriflərindən uzaqlaşdırmaq zərurətini yaradırdı. İmam Baqir (ə) Sədül-Xeyrə yazdığı məktubda bu sayaq alimlərdən belə şikayət edib: “Məsihi alim və rahiblərinə bax; onlar Allahın kitabını gizlətmiş, təhrif etmiş və bununla belə, bir mənfəət əldə etməyərək hədəflərinə çatmamışlar. Bu ümmətin arasında da onların oxşarı vardır: elə kəslər ki, Quranı əzbərdən bilir, ayələrin məna və hökmlərini təhrif edirlər. Onlar yuxarı təbəqə və zadəganlardan sayılırlar. Nəfsinə aldanan rəhbərlər ixtilafa düşdükdə, onlar dünyaları (sərvətləri) çox olanlara qatılarlar ki, düşüncələri də elə bu həddədir.” (“Ər-rovzə”, Şeyx Kuleyni, s. 77.) Kərbəla faciəsi və İbn Zübeyrin məğlub edilməsindən və hakimiyyət Bəni-Üməyyəyə çatdıqdan sonra siyasi hadisələr sakitləşdiyi zaman, bir çox alimlər siyasət səhnəsindən uzaqlaşdırılaraq dini dərslər və hədislərlə məşğul olmağa sövq edildilər. Onlar hədislər arasındakı ixtilafları həll etməyə və fiqhi fətvalar verməyə məcbur olundular. İlk dəfə 100-cü h.q. ilində Ömər ibn Əbdüləziz, Əbu Bəkr ibn Həmzəyə hədisləri yenidən tərtib etmək üçün əmr verdi. Bu da əhli-sünnənin dini-mədəni araşdırmalara (h.q. ili ilə) 2-ci əsrin başlanğıcı və imam Baqirin (ə) imaməti dövründə başladığına ən yaxşı dəlildir. Müxtəlif səbəblərdən əhli-sünnə hədislərində yaranmış sapmalarda imam Baqir (ə) Əhli-beytin fiqhi nəzərlərini yaymaqla öz mövqeyini göstərməli oldu. Şiənin fiqhi görüşləri məhdud bir sahədə – azan, təqiyyə, meyit namazı və s. məsələlərdə özünə yer tutmuşdu. Amma imam Baqirin (ə) meydanda görünməsi ilə bu istiqamətdə mühüm bir addım atıldı və şiə arasında təqdirəlayiq mədəni canlanma meydana gəldi. Həmin əsrdə şiə öz maarifini gücləndirərək fiqh, təfsir və əxlaq sahəsindəki biliklərini möhkəmləndirməyə başladı. Bundan əvvəl İslam cəmiyyətində fiqh və fiqhi hədislərə tamamilə etinasızlıq edilirdi. Hökumətin düçar olduğu siyasi ixtilaflar və materialist düşüncə tərzi xalqın dindən və xüsusilə fiqhdən qəflətinə səbəb olmuşdu. Peyğəmbərin (ə) hədislərinə əsaslanan fiqhin unudulmasının əsas səbəbi birinci və ikinci xəlifənin hədis yazılışına qoyduğu qadağa idi. Camaatın dinlə bağlı maarifsizliyi Bəni-Üməyyə dövründə daha da artmışdı. Doktor Əli Həsən bu haqda belə yazır: “Dini təlimlərə əhəmiyyət verilmədiyi Bəni-Üməyyə dövründə xalqın fiqh və dini məsələlər barədəki elm və məlumatı, ümumiyyətlə, yox idi və ondan heç bir şey anlamırdılar. Bu kimi məsələləri anlayanlar, yalnız Mədinə xalqı idi.” Əhli-beyt məktəbinin nümayəndəsi olan imam Baqir (ə) fikir mübadiləsi zamanı Əhli-beytin fiqhi nəzərlərini yaymağa, eyni zamanda, əhli-sünnənin inhiraf və azğınlıqda olduğunu xalqa başa salmağa çalışırdı. O həzrət dövrünün ən böyük alimlərinin gözündə belə, düzü səhvdən, haqqı batildən ayıran bir ölçü kimi tanınırdı. Çox vaxt öz əqidələrini Həzrətə bildirdikdə, doğru və səhvlərini başa düşürdülər. Əbu Zöhrə, Əbu Hənifə ilə o həzrət arasındakı münazirə məclislərinin birini nəql etdikdən sonra belə yazır: “Bu hadisədən sonra imam Baqirin (ə) imaməti alimlərə aydın olur. Onlar o həzrətin hüzuruna gedib, əqidə və nəzərlərini bildirir və o həzrət də onların səhvlərini düzəldir, hakimiyyət altındakılara hökmranlıq edən və onları hidayət yoluna çatdıran bir rəhbər idi. O əsrin alimləri də İmamın (ə) əmrinə itaət edirdilər. Bir dəfə Abdullah ibn Muəmmər (Ümeyr) Leysi imam Baqirin (ə) hüzuruna gəlib soruşdu: “Mütənin (müvəqqəti evlilik) halal olduğuna dair fətvanız məşhurdur; görəsən, bu doğrudurmu?” İmam buyurdu: “Allah onu öz kitabında halal etmiş, Peyğəmbərin sünnəsində qərar tapmış və səhabələri də ona əməl etmişlər.” Abdullah: “Lakin Ömər onu qadağan etmişdir!” – dedikdə, İmam belə cavab verdi: “Sən öz dostunun fətvasına tabe ol və mən də Rəsulullahın (s) hökmünə!” (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 356.) Göründüyü kimi, imam Baqir (ə) kitab və sünnəyə lazımınca diqqət və istinad edir, onlardan başqasına istinad edənlərə qarşı çıxırdı. Aşağıdakı rəvayət o həzrətin bu mövqeyini belə açıqlayır: “Məkhul ibn İbrahim, Qeys ibn Rəbidən belə nəql edir: Əbu İshaqdan ayaqqabının üstündən məsh çəkmək haqda soruşduqda, belə cavab verdi: “Camaatın ayaqqabı üzərindən məsh çəkdiklərini görürdüm, amma bir gün Haşimilərdən Mühəmməd Baqiri (ə) görüb, ondan uyğun məsələ haqda soruşdum. Buyurdu: “Əmirəlmöminin Əli (ə) ayaqqabı üstündən məsh çəkməmiş və belə buyurmuşdur: “Allahın kitabı da onu caiz bilməmişdir.” (“Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Əsəd Heydər, c. 2, s. 452.) Sonra Əbu İshaq sözlərinə belə davam edir: “İmam məni bu işdən çəkindirdikdən sonra, artıq, ayaqqabı üstündən məsh çəkmədim.” Qeys ibn Rəbi deyir: “Mən bu məsələni Əbu İshaqdan eşitdiyim andan, daha ayaqqabı üstündən məsh çəkmirəm.” İmam Baqirin (ə) kitab və sünnəyə əsaslanmasını, yalnız Əbu İshaq deyil, həm də Qeys ibn Rəbini də o həzrətin sözünün qəbuluna məcbur etdi. İmam Baqirin (ə) səhabələri də Əbu Hənifənin fiqhi məsələlərdəki yersiz dəlil-sübutları qarşısında mövqe tutub, fiqhi cəhətdən onu məhkum edirdilər. İmam Baqir (ə) müqayisədən istifadə edənlərin dəlil-sübutlarını şiddətlə rədd edirdi və o həzrətdən sonra da oğlu imam Sadiq (ə) ciddi şəkildə onlarla mübarizə aparırdı. İmam (ə) yolunu azmış digər islami təriqətlər qarşısında da kəskin mövqe tutur və rəftarı ilə müxtəlif məsələlərdə Əhli-beytin düzgün etiqadının digər təriqətlərinkindən fərqləndiyini göstərməyə çalışırdı. O həzrət hədislərin birində bu təriqətə işarə edərək buyurmuşdur: “İlahi! Mürciəni Öz rəhmətindən uzaq et, çünki onlar dünya və axirətdə bizə düşməndirlər.” İmam Baqir (ə) öz zamanında məşhur olan “xaricilər” qarşısında da mövqe tutmuşdu. İmamın nəzərincə onlar cahil, özlərini müqəddəs göstərən və fikirlərində dardüşüncəli olanlar idilər. Onların haqqında belə buyururdu: “Xaricilər nadanlıqlarından meydanı özlərinə daraltdılar. Din isə onların tanıdıqlarından daha əhatəli və zərifdir.” (“Təhzib”, Şeyx Tusi, c.1, s.1241.) YƏHUDİ İNANCLARI İLƏ MÜBARİZƏ Həmin zamanlar İslam cəmiyyəti və mədəniyyətində dərin təsirəmalik yəhudilər də təhlükəli cərəyanlardan birini yaratmışdılar. Bir qrupu özünü müsəlman kimi göstərən, digər qrupu isə əvvəlki dinlərində qalaraq İslam cəmiyyətində müəyyən mövqe tutan yəhudi alimləri sadəlövh camaatın elmi qaynağına çevrilirdi. Onların İslam mədəniyyətinə qoyduqları təsir “israiliyyat” adlı uydurma və saxta hədislər şəklində ortaya çıxdı. Bu hədislərin böyük bir qismi təfsir və keçmiş peyğəmbərlərin sərgüzəştləri barədə qondarılmışdı. Yəhudilərin – İslam cəmiyyətində, xüsusilə də elmi toplantılarda – “fiqhi” və “etiqadi-teoloji” məsələlər haqqında elmi işləri də acınacaqlı təsir qoymuşdu. Yəhudilər və onların İslam mədəniyyətinə caladıqları çirkin təfəkkür tərzi ilə mübarizə aparmaq üçün imamlar öz vəzifələrinin əsas qismini bu işə həsr etmişdilər. Xain və fitnəkar yəhudilərin ilahi peyğəmbərlər haqqında uydurduqları saxta hədislər, eləcə də, peyğəmbərlərin mənəvi simasının ləkələnməsinə səbəb olan bir sıra sözlər imamlar tərəfindən təkzib edilmişdir ki, bu da imamların mövqelərindən açıq-aşkar görünməkdədir. Biz burada həmin saxta hədislərdən birini qeyd etməklə kifayətlənirik: Rza Şükürlü Teqlər : #İMAM BAQİRİN (Ə) İSLAMİ TƏRİQƏTLƏR ARASINDAKI FİQHİ İXTİLAFLARLA MÜBARİZƏSİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İMAM BAQİR (Ə) VƏ SİYASİ MƏSƏLƏLƏR İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ