İMAM CAVADIN (Ə) ELMİ MİRASI

Məsum imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqətləri olmuşdur. Onların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə azdır. Demək, “İmam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis nəql edilmişdir!” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin qeydlərinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır.

Başqa bir məsələ isə odur ki, imam Cavaddan (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, həm də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384.)

Ümumiyyətlə, qeyd etəmək lazımdır ki, bir imam vəfat etdikdən sonra qarşıya çıxan bir sıra çətinliklərdən şiələrin sonrakı imamla əlaqəsi hədsiz dərəcədə məhdudlaşardı. Hətta imam Cavadın (ə) digər şəhərlərdəki vəkilləri belə, o həzrətlə əlaqə yaratmaq üçün bəzi çətinliklərlə qarşılaşırdılar. Mövcud problemlərə imam Cavadın (ə) yaşının az olması məsələsi də əlavə olunurdu. Şiələrin bununla bağlı şəkk-şübhələri aradan qalxana qədər bir müddət keçdi. Bir rəvayətdə o həzrətin on yaşına qədər imamətini gizli saxladığı nəql olunur. (“İsbatul-vəsiyyət”, s. 215.) Bu da, o həzrətlə şiələri arasında əlaqə yaratmağın bəzi çətinliklər yaratdığını göstərən səbəblərdən biri idi. Dövrün xəlifələri də bu məsələ barədə tədbirlər tökərək şiələrə təzyiq göstərmişlər ki, onların imam Cavadla (ə) əlaqəsi məktub vasitəsilə gerçəkləşirdi. İmam Rzanın (ə) dövründən etibarən yaranan bir sıra çətinliklər şiələrin imamlarla, xüsusən də, imam Cavadla (ə) əlaqələrinin məktublaşma yolu ilə həyata keçməsini zəruriləşdirirdi.

Bundan əlavə, imam Cavad (ə) 25 yaşında ikən dünyadan getdi. O həzrətin ömrünün az olması şiələrin vəziyyətinin çətinləşməsinə səbəb olmuşdu. Qeyd edə bilərik ki, səhabələr tərəfindən o həzrətdən nəql edilən kitablarda müxtəlif islami məsələlərlə bağlı yazılan hədislərin sayı yüz iyirmidən çoxdur. Təbii ki, həmin dövrün siyasi şəraitini nəzərə alaraq deyə bilərik ki, hələ imam Cavadın (ə) səhabələrinin məktublarına cavab olaraq yazdığı nə qədər məktublar da məhv edilmişdir. Bunu da qeyd edək ki, imam Cavada (ə) aid edilən hədisləri 120 nəfər nəql etmişdir. Şeyx Tusi imam Cavaddan (ə) hədis nəql edənlərdən 113 nəfərin adını saymışdır.

İmam Cavaddan (ə) nəql edilən bu hədislərdən o həzrətin bilik səviyyəsi, fiqh, təfsir və etiqadi məsələlər, eləcə də, dua və münacata bağlılığını açıq-aşkar başa düşmək olar. O həzrətdən yadigar qalan “qısa və lakonik kəlamlar” arasında elə ibarələrə rast gəlinir ki, o həzrətin əxlaqi dəyərlərini gözəl şəkildə cilvələndirir.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru