İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

2 sentyabr (30 zil-qədə) Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür

Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Təqi və Cavaddır. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, imamlıq dövrü on yеddi il sürmüş, 220-ci h.q. ilinin Zil-həccə ayında iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) İki oğlu və iki qızı olmuşdur.
 
Tarixçilər o həzrətin şəhadəti ilə bağlı belə yazırlar:
 
218-ci h.q. ilində Abbasi xəlifəsi Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə keçir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci hicri-qəməri ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam Cavad (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (yanlış fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.”
 
Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi (başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin) vasitəsilə zəhərləyərək şəhid edir. (“Əl-irşad”, səh.326.)
 
Rza Şükürlü

Google+ WhatsApp ok.ru