İMAMIN (Ə.C) İNTİZARINDA OLANLARIN MÜKAFATI 02 May 2018 01:00 İmam Məhdi (ə) -- ..Xoş olsun bizim Qaimimizin şiələrinin halına! Yaxşılıqlar yoluna göz dikənlərin xoş halına! Vəd edilən böyük xilaskarın intizarını çəkməklə günlərini sayanların mükafatları nə qədər də böyükdür! Muhəmmədin (s) nəslindən gələcək Qaimin (ə) həqiqi intizarçılarının məqam və dərəcələri necə də əzəmətlidir! “İntizar” camından su içənlərin misilsiz məqam və fəzilətləri haqda məsum rəhbərlərdən nəql edilən hədislərdən bir neçəsini əziz oxucularımızın diqqətinə çatdırırq: İmam Sadiq (ə) buyurur: “...Xoş olsun bizim Qaimimizin şiələrinin halına! Onlar onun qeybə çəkildiyi dövrdə zühurunuu intizarını çəkər, zühuru əsrində də ona itaət edərlər. Onlar Allahın dostlarıdır ki, heç də qorxu hiss etmir və kədərlənmirlər.”[1] Allahla dostluq medalını sinəyə taxmaqdan böyük bir fəxr nə ola bilər? Axı onlar nə üçün kədərlənməli, qəm-qüssə yeməlidirlər?! Halbuki intizar inancı onların həyatı və ölümünə dəyər verir. İmam Səccad (ə) buyurur: “Allah Qaimimizin qeybi dövründə bizim vilayətimizdə sabit qalan şəxsə Allah “Bədr” və “Ühüd” döyüşündə şəhid olan min nəfərin savabını verər.”[2] Bəli, qeyb dövründə imam Zamanın (ə) vilayətindən yapışan və o həzrətlə bağladığı əhd-peymana sadiq qalanlar Peyğəmbəri-Əkrəmin (s) ordusunda Allah düşmənlərinə qarşı döyüşərək qana boyanan şəhid əsgərlər kimidirlər! Canlarını ölüm oxlarına sipər edərək Allah Rəsulunun (s) övladı və həqiqi xəlifəsinin zühurunun intizarını çəkənlər elə bu andan döyüş xeyməsində və haqq cəphəsinin sərkərdəsi kənarındadır. İmam Sadiq (ə) buyurur: “Əgər sizdən (şiələrdən) biri imam Mehdinin (ə) zühurunun intizarını çəkdiyi halda ölsə, Qaimin (ə) xeyməsində və hüzurunda olan şəxs kimidir.” Bir az sükut etdikdən sonra buyurdu: “Həzrətin yanında qılınc çəkib döyüşən şəxs kimidir.” Sonra belə buyurdu: “Allaha and olsun ki, Rəsulullahın (s) hüzurunda şəhadətə çatan şəxs kimidir.”[3] İslam Peyğəmbəri (s) əsrlər öncə onları öz qardaş və dostları kimi tanıtdırmış və onlara qarşı öz sevgisini bildirmişdir. İmam Baqir (ə) buyurur: “Bir gün Peyğəmbər (s) səhabələri ilə birgə olarkən buyurdu: “İlahi, qardaşlarımı mənə göstər!” O həzrət bunu iki dəfə təkrar etdi. Səhabələr: “Ey Allah Rəsulu (s), biz sənin qardaşların deyilikmi?” – deyə soruşduqda, Həzrət buyurdu: “Xeyr, siz mənim səhabələrimsiniz. Qardaşlarım axır zamanda məni görmədikləri halda, mənə iman gətirənlərdir. Allah onları mənə özləri və ata-babalarının adları ilə tanıtdırdı... Onlardan hər birinin öz dinlərində sabitqədəmlikləri qaranlıq gecədə “gəvən” tikanlarını qoparmaqdan və odlu atəşi ələ almaqdan daha çətindir. Onlar hidayət məşəlləridir və Allah onları fitnə oxlarından xilas etmişdir.”[4] İslam Peyğəmbəri (s) buyurur: “Xoş olsun Əhli-beytimdən olan Qaimə qiyamından qabaq itaət edən, dostlarını dost, düşmənlərini düşmən bilən və ondan əvvəlki imamları sevərək onu dərk edənlərin halına! Onlar mənim dostlarım, sevdiyim kəslər və ümmətimin ən əziz kəsləridir.”[5] Peyğəmbərin (s) yanında belə məqama nail olan kəslər o həzrətin “dostlarım” deyə xitab etdiyi kimi böyük səadətə çatmışlar. Doğrudan da, bu, eşq və məhəbbətlə dolu bir nidadır və onların Haqqın dərgahına yaxınlıqlarını göstərir. İmam Baqir (ə) buyurur: “İnsanlara imamın qeybə çəkiləcəyi bir zaman gələcəkdir. Bəs, xoş olsun bizim əmrimizdə (vilayətimizdə) sabit qalanların halına! Onların ən kiçik mükafatı budur ki, Allah-Taala onlara belə nida edər: “Ey bəndələrim, Mənim sirrimə (qeybdə olan imama) iman gətirdiniz, onu təsdiq etdiniz! Belə isə, sizi yaxşı mükafatımla müjdələyirəm. Həqiqətən, siz Mənim bəndələrimsiniz; əməllərinizi qəbul edir, xətalarınızı də bağışlayıram. Sizin (bərəkətiniz) ilə bəndələrimin üzərinə yağış yağdırır, onlardan bəlaları dəf edirəm. Əgər siz (insanların içərisində) olmasaydınız, söszüz ki, əzabımı (günahkarlara) göndərərdim.”[6] Doğrusu, zühurun intizrını çəkənlərə rahatlıq verən və həsrətlərinə son qoyan nədir? Onların gözlərini işıqlandıran nədir? Ürəklərinin döyüntüsünü sakitləşdirən nədir? Vəd edilmiş xilaskara qovuşmaq üçün bir ömür gözlərini intizar yoluna dikən və bu yolu bütün çətinliklərilə ötənlər məşuqları ilə birgə olmaqdan az bir mükafatla razılaşarmı?! Bundan da gözəl aqibət və şövkətli an ola bilərmi? İmam Kazim (ə) buyurur: “Xoş olsun bizim şiələrimizin halına! O kəslər ki, Qaimimizin qeybi dönəmində bizim dostluq ipimizə sarılar və düşmənlərimizə nifrət bəsləyərlər. Onlar bizdəndir və biz də onlardanıq. Onlar bizim rəhbərliyimizə razı oldular. Biz də onların şiəliyinə razıyıq. Xoş olsun onların halına! And olsun Allaha ki, onlar qiyamət günü bizimlə eyni dərəcədə olacaqlar.”[7] Rza Şükürlü (Maide.az) [1] “Kəmalud-din”, c.2, fəsil 33, hədis 54, səh.39. [2] “Kəmalud-din”, c.2, fəsil 31, hədis 6, səh.592. [3] “Biharul-ənvar”, c.52, səh.126. [4] “Biharul-ənvar”, c.52, səh.123. [5] “Kəmalud-din”, c.1, fəsil 25, hədis 2, səh.535. [6] “Kəmalud-din”, c.1, fəsil 32, hədis 15, səh.602. [7] “Kəmalud-din”, c.2, fəsil 34, hədis 5, səh.43. Teqlər : #İMAMIN (Ə.C) İNTİZARINDA OLANLARIN MÜKAFATI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ İMAM ZAMANIN (Ə.C) DOSTLARININ XÜSUSİYYƏTLƏRİ