İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

-- bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş...

İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı, digər İslam məzhəblərinin etiqad mədəniyyətində də geniş şəkildə bəhs edilmişdir. Onlar da imam Mehdinin (ə) Peyğəmbərin (s) pak nəslindən və həzrət Fatimeyi-Zəhranın (ə) övladlarından[1] olduğuna və vaxtı çatdıqda da zühur edəcəyinə inanırlar. Əhli-sünnənin gözlənilən Mehdiyə (ə) nə qədər etiqad bəslədiklərini anlamaq üçün alimlərinin yazdıqları kitablara müraciət etmək lazımdır. Fəxri-Razi və Qurtubi[2] kimi bir çox əhli-sünnə təfsirçiləri öz kitablarında bəzi Quran ayələrinin imam Mehdinin (ə) axır zamanda zühur edəcəyinə açıq-aşkar toxunmuş, eyni zamanda da, əhli-sünnə mühəddisləri o həzrətlə əlaqədar hədisləri də bir çox mötəbər kitablarında nəql etmişlər. Bu mötəbər qaynaq kitablara əhli-sünnənin altı “Səhih”[3] və Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəlinin “Müsnəd” əsərlərini nümunə olaraq göstərə bilərik. Həmçinin həm keçmişdə, həm də indiki zamanda bir çox əhli-sünnə alimləri imam Mehdiyə (ə) aid ayrıca kitablar da yazmışlar. Əbu Nəim İsfahani “Məcmueyi-Ərbəin” (Qırx hədis), Süyuti “Əl-ürfül-vərdi fi əxbari əl-Mehdi (ə)” kitablarında bu mövzunu geniş şəkildə araşdırmışlar.

Diqqəti cəlb edən odur ki, bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş, onu inkar edənlərin əleyhinə müxtəlif kitab və məqalələr yazmış, elmi sübutlar və mötəbər hədislərlə bu inancının haqq olduğunu və inkarının mümkün olmadığını müdafiə etmişlər. Buna Məhəmməd Siddiq Məğribinin İbn Xəldunun sözlərinin rəddinə və onun tənqidinə dair yazdığı kitabi misal göstərmək olar. (Qeyd edək ki, böyük əhli-sünnə sosioloqu İbn Xəldun imam Məhdi (ə) haqqında olan bəzi hədislərin səhih (düzgün) olduğunu etiraf etməklə yanaşı, bəzi hədisləri də tənqid edərək onların zəif olduğunu bildirmiş və nəticədə mehdişünaslıq məsələsində şəkkə düşmüşdür. Məhəmməd Siddiq Məğribi “İbrazul-vəhmil-məknun min kəlami-İbni Xəldun” adlı bir kitab yazaraq onun bu məsələ ilə əlaqədar fikirlərini rədd etmişdir. Eyni zamanda Əbdülmöhsin ibn Həmd İbad “Ər-rədd əla mən kəzibə bil-əhadisis-səhihətil-varidə fil-Məhdi (ə)” adlı məqaləsində İbn Xəldunun şübhələrinə cavab vermişdir.)

Bunlar əhli-sünnənin imam Mehdi (ə) haqqında inanclarından ibarət bir neçə nümunədir və biz burada yüzlərlə hədisdən yalnız ikisini nəql etməklə kifayətlənirik. Bu hədislər əhli-sünnənin ən mötəbər kitablarında nəql edilmişdir.

İslam Peyğəmbəri (s) buyurur: “Əgər dünyanın sonuna yalnız bir gün qalsa belə, Allah o günü nəslimdən adı mənim adımla eyni olan bir şəxsin zühuruna qədər uzadacaqdır.”[4]

Başqa bir hədisdə də buyurur: Vaxtı çatdıqda, nəslimdən əxlaqı və adı mənə bənzəyən bir şəxs qiyam edəcək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.”[5]

Bunu da qeyd etmək lazımdır ki, zühur edib dünyanı ədalətlə dolduracaq islahatçı və xilaskara inanmaq dünyamiqyaslı bir anlayış və hamı tərəfindən qəbul edilən bir görüşdür. Sözsüz, bütün səmavi dinlərin həqiqi ardıcılları dini kitabların təlimi sayəsində vəd edilmiş böyük xilaskarın qıyamını gözləyirlər. Zəbur, Tövrat və İncil kimi müqəddəs kitablarda, eləcə də hinduların, zərdüştlərin və bərəhmənlərin kitablarında böyük xilaskarın zühurundan söz açılmışdır. Əlbəttə ki, onların hər biri ona müəyyən ləqəblər vermişlər; zərdüştlər onu “Suşyanis” (dünyanın xilaskarı), xristianlar “Məsihi-Moud” (vəd edilmiş Məsih), yəhudilər isə “Süruri-Mikaili” adlandırmışlar. Zərdüştlərin müqəddəs kitabları “Camasibnamə”də belə göstərilir: “Məkkə dağları arasından zühur edən ərəbdilli peyğəmbəri sonuncu peyğəmbərdir. Kölələri ilə birlikdə yemək yeyəcək və onlar kimi oturacaq... Onun dini bütün dinlərdən üstün olacaq və kitabı bütün kitabları batil edəcək... Dünya günəşi və zamanın şahı adlanacaq və peyğəmbər qızının ovladlarından dünyaya gələcək bir şəxs Allahın icazəsi ilə dünyaya rəhbərlik edəcək. O, həmin peyğəmbərin son xəlifəsidir... Onun hakimiyyəti qiyamətə qədər davam edəcəkdir...”[6]

Rza Şükürlü (Maide.az)

 



[1] “Əl-müstədrəku ələs-sahiheyn”, c.4, səh.557.

[2] “Təfsiri-Qurtubi”, c. 8, səh.121.

[3] Əhli-sünnənin nəzdində ən mötəbər “altı hədis külliyyatı” kitablarına verilən addır. Bunlar onların nəzərində ən mötəbər hədis kitabları sayılır. Həmin kitabların adları belədir: “Səhihi-Buxari”, “Səhihi-Müslim”, “Sünəni-Əbu Davud”, “Sünəni-İbn Macə”, “Sünəni-Nisai” və “Müsnədi-Termizi”. Əhli-sünnə Qurani-Kərimdən sonra bu kitabları ən mötəbər kitablar hesab edirlər.

[4] “Sünəni-Əbu Davud”, c. 2, hədis 4282, səh.106.

[5] “Əl-mocəmul-Kəbir”, c. 10, hədis 10229, səh.83.

[6] “Ədyan və Məhdəviyyət”, səh.21.

 

Google+ WhatsApp ok.ru