İMAM RZANIN (Ə) SƏXAVƏTİ

Səxavət Əhli-beyt imamlarının (ə) zati səciyyələrindən idi. Onların hər birinin həyatını mütaliə etdikdə, görürük ki, onlar bütün var-dövlətini yoxsullara paylayır, özləri isə quru çörəklə kifayətlənirdilər.

İmam Rzanın (ə) da ən çox xoşladığı iş yoxsullara yardım etmək idi. Tarixçilər o həzrətin səxavəti barəsində çoxlu sayda rəvayət nəql etmişlər. Onların bəzisini aşağıda qeyd edirik:

1. İmam Rza (ə) Xorasanda olarkən “Ərəfə” günü bütün malını yoxsullara payladı. Bunu görən Fəzl ibn Səhl dedi: “Bu, ziyana uğramaqdır.” İmam (ə) buyurdu: “Əksinə, bu qənimətdir. Savab qazandıqların zərər sayılmaz.” (“Həyatul-imam Mühəmməd Cavad (ə)”, səh. 30.)

İmam Rzaya (ə) görə malını Allah-Taalanın yolunda paylamaq ziyan deyil, əksinə, bu, insanı Allah-Taalaya yaxınlaşdıran bir qənimətdir; elə bir qənimət ki, bütün xeyirlər ondadır.

2. Bir şəxs imam Rzaya (ə) salam verib dedi: “Mən səni və ata-babalarını sevənlərdənəm. Həcci ziyarət etmişəm və vətənə qayıtmaq üçün pulum qurtarıb. Əgər mənə pul versən, çatdıqdan sonra həmin pulun miqdarında sənin əvəzində sədəqə verərəm.”

İmam (ə) buyurdu: “Otur, Allah sənə rəhm etsin.” Sonra insanlarla söhbətə başladı. Söhbətdən sonra Süleyman Cəfəridən başqa hamı çıxıb getdi. Bir qədər keçəndən sonra İmam (ə) qapı arxasından həmin xorasanlını çağıraraq buyurdu: “Bu iki yüz dinarı al, ehtiyacına xərclə və mənim tərəfimdən də sədəqə vermə!”

Xorasanlı o həzrətin verdiyi nemətə sevinərək çıxıb getdi. Süleyman Cəfəri İmama (ə) dedi: “Sənə fəda olum, xorasanlıya böyük lütf və mərhəmət göstərdin. Amma nə üçün üzünü ondan örtdün?”

İmam (ə) buyurdu: “Ehtiyacını ödədiyimə görə xəcalət çəkməsin deyə bu işi gördüm. Rəsulullahın (s) bu barədə buyurduğu hədisi eşitməmisənmi? O həzrət (s) buyurur: “Yaxşılıq edərkən özünü göstərməmək yetmiş həccə bərabərdir...” (“Həyatul-imam Əli bin Musər-Riza (ə)”, 1-ci cild, səh. 34-35.)

3. Bir yoxsul, İmamın (ə) yanına gəlib dedi: “Mürüvvətin qədər mənə yardım et.”

İmam (ə) buyurdu: “Buna imkanım çatmaz.” Çünki İmamın (ə) mürüvvətinin həddi-hüdudu yox idi.

Həmin yoxsul bunu anladığı üçün dedi: “Mənim mürüvvətim qədər əta et.”

İmam (ə) təbəssümlə buyurdu: “Elə isə əta edərəm.” Sonra ona iki yüz dinar verilməsini əmr etdi. (“Əl-mənaqib”, 4-cü cild, səh. 361.)

4. Əhməd ibn Übeydullah Qifaridən imam Rzanın (ə) ehsanı barəsində belə nəql edir: “Mən Rəsulullahın (s) qulamı Əbu Rafenin övladlarından birinə borclu idim. O, öz borcunu israrla tələb edirdi. Mən Rəsulullahın (s) məscidində sübh namazını qıldıqdan sonra imam Rzanın (ə) yanına getdim. O, qırmızı paltar geyinmişdi. Mübarək Ramazan ayı idi. Onu görəndə utandım. Həzrət bunu hiss edib dayandı. O həzrətə dedim: “Sənə fəda olum. Sənin qulamına borcluyam. Borcu da tələb edir.”

İmam (ə) buyurdu ki, əyləşim. Mən şam namazına qədər orada qaldım. Şam namazını qılandan sonra getmək istədikdə, İmamı (ə) gördüm. Fəqirlər onu dövrəyə almış, o həzrət də onlara sədəqə paylayırdı. İmam (ə) mənzilə daxil olmağımı əmr etdi. Daxil olduqdan sonra buyurdu: “İftar etdiyini zənn etmirəm.” Dedim: “Xeyr.” İmam (ə) əmr etdi ki, yemək gətirsinlər. İftar etdikdən sonra buyurdu ki, yastığı qaldırıb altındakı pulu götürüm. Pulu götürüb evimə qayıtdım. Evdə pulu sayanda gördüm ki, qırx səkkiz dinardır. Borcum isə iyirmi səkkiz dinar idi. Dinarların birinin üstündə belə yazılmışdı: borcun iyirmi səkkiz dinardır, qalanı isə sənindir.” (“Biharül-ənvar”, 12-ci cild, səh. 28.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru