İmam Sadiqdən (ə) 12 hədis-1

İmam Sadiqdən (ə) 12 hədis-1

17 iyun - 25 şəvval - İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür. Bu münasibətlə oxucularımıza başsağlığı deyirik və o həzrətdən  hədisləri təqdim edirik: 

 

 

1. Allah dərgahında ən sevimli əməl

İmam Sadiq (ə) buyurmuşdur:

مِنْ أَحَبِّ الْأَعْمَالِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ، إِدْخَالُ السُّرُورِ عَلَى الْمُؤْمِنِ، إِشْبَاعُ جَوْعَتِهِ، أَوْ تَنْفِيسُ كُرْبَتِهِ، أَوْ قَضَاءُ دَيْنِهِ

“Mömini sevindirmək – onun aclığını aradan qaldırmaq (onu yedizdirmək), çətinliyini həll etmək və borcunu ödəmək Allah-Taalanın dərgahında ən sevimli əməllərdəndir.” (“Əl-kafi”, c.2, səh.192.)

 

2. İmanın 4 kamillik nişanəsi

İmam Sadiq (ə) buyurmuşdur:

لا یَکْمِلُ عَبْدٌ الایمانَ بِاللَّهِ حَتّى یَکُونَ فیهِ اَربَعُ خِصالٍ: یُحسِنُ خُلقَهُ، وَ یَستَخِفُّ نَفسَهُ، و یُمسِکُ الفَضلَ مِن قَولِهِ، و یُخرِجُ الفَضلَ مِن مالِهِ

“Bəndə dörd xislətə sahib olmayınca imanı kamilləşməz: 1. əxlaq və rəftarını gözəlləşdirməli; 2. öz nəfsini yüngül saymalı; 3. çox danışmaqdan çəkinməli; 4. malının artığını xərcləməlidir.” (“Biharul-ənvar”, c.69, səh.379.)

 

3. Haram baxışlardan qorunan şəxsin mükafatı

İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ تَرَكَهَا لِلَّهِ عَزَّ وَ جَلَّ لاَ لِغَيْرِهِ اعْقَبَهُ الله امْناً وَ اِيمَاناً يَجِدُ طَعْمَهُ

“Allah-Taalanın razlığı naminə haram baxışlardan qorunan şəxsə Allah-Taala əmin-amanlıq, aramlıq və tamını dada biləcək bir iman bəxş edər.” (“Vəsailuş-şiə”, c.20, səh.192.)

 

4. İnsanı ucaldan bir yol

İmam Sadiq (ə) buyurmuşdur:

التَّواضُعُ أَحَدُ مَصائِدِ الشَّرَفِ

“Təvazökarlıq şərəf zirvəsinə aparan yollardan biridir.” (“Mizanul-hikmət”, c.13, “təvazökarlıq” bölümü.)

 

5. Səbir və namazdan kömək diləyin

İmam Sadiq (ə) buyurmuşdur:

ما یَمنَعُ اَحَدَکُم اِذادَخَلَ عَلَیهِ غَمَّ مِن غُمُومِ الدُّنیا اَن یَتَوَضَّأَ ثَمَّ یَدخُلَ المَسجِدَ فَیَرَکَعَ رَکعَتَینِ یَدعُواللهَ فیها اَما سمعت اللهَ تعالی یَقُول واستعینوا بالصبر و الصلاة

“Sizdən hər hansı birinizin dünya qəmlərindən birinə düçar olduqda, dəstəmaz alıb məscidə gedərək iki rükət namaz qılması və qəm-qüssəsinin aradan qaldırılması üçün Allahı çağırmasının nə eybi var? Allah-Taalanın belə buyurduğunu eşitməyibsinizmi?: “Səbir və namazdan kömək diləyin.” (“Məcməul-bəyan”, c.1, səh.100.)

 

6. Əhli-beytə (ə) zinət olun...

İmam Sadiq (ə) buyurmuşdur:

إيّاكُم أن تَعمَلوا عَمَلاً يُعَيِّرونا بِهِ، فَإِنَّ وَلَدَ السَّوءِ يُعَيَّرُ والِدُهُ بِعَمَلِهِ، كونوا لِمَنِ انقَطَعتُم إلَيهِ زَينًا ولا تَكونوا عَلَيهِ شَينًا

“Bizi gözdən salan əməllərdən çəkinin ki, pis övlada görə atası danlanar. Qəlbinizi tapşırdığınız şəxsə (imama) zinət olun və onu xar etməyin.” (“Əl-kafi”, c.2, səh.219, hədis 11.)

 

7. Əhli-beytə (ə) sevginin yolları

İmam Sadiq (ə) buyurmuşdur:

يَا بنَ جُندَبٍ، بَلِّغ معاشِرَ شيعَتِنا وقُل لَهُم: لا تَذهَبَنَّ بِكُمُ المَذاهِبُ، فَوَاللّهِ لا تُنالُ وَلايَتُنا إلاّ بِالوَرَعِ وَالاِجتِهادِ فِي الدُّنيا، ومُواساةِ الإِخوانِ فِي اللّه، ولَيسَ مِن شيعَتِنا مَن يَظلِمُ النّاسَ

“Ey Cündəb oğlu, bizim şiələrimizə de ki, yollar (məzhəb və təriqətlər) sizi azdırmasın! Allaha and olsun, bizim vilayət və dostluğumuza dünyada pərhizkarlıq, çalışqanlıq və Allah yolunda din qardaşları ilə həmkarlıqdan başqa bir yolla nail olmaq olmaz! İnsanlara zülmkarlıq və haqsızlıq edən kəs bizim şiəmiz deyildir.” (“Tuhəfül-uqul”, səh.303.)

 

8. Üç sınaq yeri

İmam Sadiq (ə) buyurmuşdur:

اِمتَحِنـوا شيعَتَنـا عِندَ ثَـلاثٍ: عِندَ مَواقيتِ الصَّلاةِ كَيفَ مُحافَظَتُهُم عَلَيها، وعِندَ أسرارِهِم كَيفَ حِفظُهُم لَها عَن عَدُوِّنا، وإلى أموالِهِم كَيفَ مُواساتُهُم لاِءِخوانِهِم فيها

“Mənim şiələrimi üç yerdə sınayın: 1. namazlarında, (baxın, görün) onu necə qoruyub-saxlayırlar; 2. sirlərində, (görün) onu düşmənlərimizdən necə gizlədirlər; 3. mal-dövlətlərində, (görün) onları qardaşları ilə necə bölürlər!” (“Əl-xisal”, səh.103, hədis 62.)

 

9. Ən yaxşı carçı

İmam Sadiq (ə) buyurmuşdur:

كونوا دُعاةً لِلنّاسِ بِغَيرِ ألسِنَتِكُم، لِيَرَوا مِنكُمُ الوَرَعَ وَالاِجتِهادَ وَالصَّلاةَ وَالخَيرَ، فَإِنَّ ذلِكَ داعِيَةٌ

“Camaatı dilinizlə deyil, əməllərinizlə (dinə) dəvət edin ki, onlar da sizi pərhizkar, (əməl və ibadətdə) çalışqan, namazqılan və xeyirxah görsünlər. Çünki (ən yaxşı) carçı elə budur.” (“Əl-kafi”, 2-ci cild, səh.78, hədis 14.)

 

10. Əhli-beyti (ə) tanıtdırmaq üçün nə etməli?

İmam Sadiq (ə) buyurmuşdur:

أي مَفَضَّلُ، قُل لِشيعَتِنا: كونوا دُعاةً إلَينا بِالكَفِّ عَن مَحارِمِ اللّهِ وَاجتِنابِ مَعاصيهِ وَاتِّباعِ رِضوانِ اللّه، فَإِنَّهُم إذا كانوا كَذلِكَ كانَ النّاسُ إلَينا مُسارِعينَ.

“Ey Müfəzzəl, şiələrimizə de ki, bizi (camaata) haramlardan uzaqlaşmaq, günahlardan çəkinmək və Allahın razılığına tabe olmaqla tanıtdırın. Əgər belə etsəniz, o vaxt camaat özü bizə tərəf tələsəcək.” (“Dəaimul-İslam”, c.1, səh.58.)

 

11. Dilinizi qoruyun...

İmam Sadiq (ə) buyurmuşdur:

مَعاشِرَ الشّيعَةِ، كونوا لَنا زَينًا ولا تَكونوا عَلَينا شَينًا، قولوا لِلنّاسِ حُسنًا، اِحفَظوا ألسِنَتَكُم وكُفّوها عَنِ الفُضولِ وقَبيحِ القَولِ

“Ey şiələr, bizə zinət olun və bizi xar etməyin! Camaatla gözəl danışın, dilinizi qoruyun və onları da bihudə və pis danışıqlardan çəkindirin.” (“Əmali”, Şeyx Səduq, səh.326, hədis 17.)

 

12. Behiştin qiyməti

İmam Sadiq (ə) buyurmuşdur:

قَوْلُ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ ثَمَنُ اَلْجَنَّة

“Behiştin qiyməti lə iləhə illəllah deməkdir.” (“Vəsailuş-şiə”, c.7, səh.210.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru